“Hərbi təchizatın 85%-i Moskvanın payına düşür və bu vəziyyət çətin ki, dəyişilsin”
"Xeberinfo.com": ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzi Türkiyə, Azərbaycan, Gürcüstan hərbi əməkdaşlığı, bu əməkdaşlığın regionda qüvvələr nisbətinə təsiri, Rusiyanın adekvat davranışlarından bəhs edən maraqlı analitik məqalə dərc edib. AzPolitika.info məqaləni qısa ixtisarla təqdim edir.
Son altı həftə ərzində Türkiyə, Gürcüstan və Azərbaycan arasında aktiv hərbi əməkdaşlıq başlayıb. 31may -10 iyun tarixləri arasındakı müddətdə Türkiyə, Gürcüstan və Azərbaycan silahlı qüvvələri, Türkiyənin şərq hissəsində “Qafqaz qartalı” kod adı ilə bir sıra hərbi təlimlər həyata keçiblər. Bu təlimlərdən bir neçə gün əvvəl isə, Bakıda Azərbaycan və Türkiyə hərbçiləri arasında taktiki təlimlər baş tutmuşdu. Bütün bunlar, 2015-ci ildə keçirilən təilmlərin yalnız bir qismidir.
Bu üç ölkə tərəfindən Cənubi Qafqazda başladılmış geniş hərbi fəaliyyətlər, bir yandan Rusiyanın Ukrayna münaqişəsindəki miqyaslı iştirakı ilə, digər yandan isə Ankaranın şərq və şimal sərhədləri boyunca öz geosiyasi rolunu artırmaq istəyi ilə üst-üstə düşür. Gürcüstan və Azərbaycanın Türkiyə ilə hərbi aktivliyin artırılmasını, Moskva Ermənistanda öz hərbi mövqelərini möhkəmləndirmək üçün bəhanə olaraq istifadə edəcək. Eyni zamanda, digər qonşu ölkələrlə yaxın əməkdaşlığı genişləndirməsinə baxmayaraq,Azərbaycan hələ bir müddət hərbi avadanlıq və texnologiya cəhətdən Moskvadan asılı qalacaq.
ANALİZ
Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq öz başlanğıcını 1992-ci ildən götürür. Həmin dövrdə ilk addım olaraq hərbi təhsil əlaqələri qurulmuşdu. Sonrakı illərdə bu iki ölkə arasındakı əməkdaşlıq, digər sahələr üzrə də genişlənib. Amma bütün yaxınlaşmalara baxmayaraq, Azərbaycan və Türkiyə iri münaqişələr zamanı qarşılıqlı hərbi yardımın olunması barəsində strateji əməkdaşlıq müqaviləsini, yalnız 2010–cu ildə imzalayıblar. Bu müqavilədən sonra Türkiyə, Azərbaycana göndərdiyi hərbi avadanlığın sayını arırıb və həmçinin, hər iki tərəf artilleriya qurğuları istehsal etməyə başlayıb. Hərbi sahədəki əsaslı dəyişiklik isə 2012-ci ildən başlayır. O zaman xeyli sayda gürcü hərbçiləri ilk dəfə olaraq, Türkiyə-Azərbaycan təlimlərinə qatılıblar. Bu prosesin perspektivinin möhkəmləndirilmsi üçün 2014-cü ilin yayında hər üç ölkənin müdafiə nazirləri, ildə iki dəfə üçtərəfli görüşün keçirilməsinə və müştərək hərbi təlimlərin artırılmasına qərar veriblər.
YEREVANIN MÖVQEYİNDƏN BAXIŞ
Hal-hazırda üç qonşu ölkənin hərbi manevrlər həyata keçirməsi, siyasi sabitsizlik mühiti ilə müşayət olunan və ciddi iqtisadi çətinliklər yaşayan Ermənistan üçün, geosiyasi problemdir. Ermənistanın Türkiyə, Azərbaycan və Gürcüstan ilə çox böyük sərhəddi var. Ermənistan əsas etibarı ilə, öz rəqibləri Türkiyə və Azərbaycan arasında sıxışıb. Digər tərəfdən isə onların şimaldan Gürcüstan, cənubdan isə İranla olan operativ fəaliyyət göstərən sərhədləri qısadır.
Hərbi təlimlərin yüksək intensivliyi Ermənistan və Azərbaycan arasındakı hərbi güc balansının dəyişikliyə uğramasına da uyğun gəlir. Beləki, son bir neçə ay ərzində tərəflər arasında Dağlıq Qarabağdakı təmas xəttində baş verən toqquşmalar hərbi avadanlığın məhv edilməsi ilə yanaşı, Ermənistan tərəfinin çox saylı itkiləri ilə də müşayiət olunub. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bəyan edib ki, onun ölkəsinin silahlı qüvvələri Ermənistan ordusu üzərində tam üstünlük qazanıb.May ayında Azərbaycanın cənub-qərb tərəfdən Ermənistanla sərhəddə malik olan Naxçıvan anklavında Türkiyə silahlı qüvvələri ilə müştərək taktiki təlimlər keçirilib. Təlimlərdə hər iki ölkənin müxtəlif hərbi birləşmələri iştirak ediblər. Yerevan üçün bütün bunlar, böyük hərbi münaqişə baş verdiyi zamanı, Türkiyənin də işə qoşulacağı və Azərbaycan tərəfdən iki cəbhədən hücum olunacağı ehtimalına gəlir.
Bu hərbi təlimlərdə Gürcüstanın iştirakı da böyük maraq doğurur. Gürcüstan, Ermənistan üçün Rusiyaya açıla bilən yeganə açıq qapıdır və Avrasiya İttifaqına daxil olduqdan sonra isə Yerevanın belə bir dəhlizə olan ehtiyacı xeyli artıb. Ermənistanın baxışına görə, üçtərəfli müqavilə hesabına Gürcüstanın hərbi aktivlik nümayiş etdirməsi, həqəiqətən də onun ərazisinin böyük hissəsi boyunca hərbi zolaq yaradır. Üç ölkə arasında keçirilən həmin hərbi təlimlərə Ermənistan KİV-ləri və dövlət məmurları çox az diqqət ayırıblar. Ermənistan Müdafiə Nazirliyi, sadəcə olaraq, kiçik bəyənat yayaraq bildirib ki, onlar Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi sahədəki əməkdaşlığının, Ermənistanla münasibətlərə mənfi təsir göstərməyəcəyinə ümid edirlər.
RUSİYA və TÜRKİYƏ
Bu ilin aprel ayında Rusiya Ermənistan, Abxaziya, Cənubi Osetiya və Qırğzıstandakı hərbi bazaların möhkəmləndirilməsinin planlaşdırıldığını bildirib. Ola bilər ki, bu sadəcə olaraq təsadüfdür, lakin Moskva yaxın günlərdə hərbi texnika və avadanlıq alması üçün Yerevana 200 milyonluq kredit ayırıb. Verilən məbləğ demək olar ki, Ermənistanın illik hərbi xərclərinin yarısına bərabərdir. Əlavə olaraq, Moskva Ermənistanda, ”yer-yer” tipli ballistik raketlərlə təchiz olunmuş ”İskander” komplekslərinin yerləşdirilməsini də nəzərdən keçirir. Ola bilər ki, Moskva Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlığından istifadə edərək, Ermənistanı guya qorumaq məqsədi ilə bu ölkədəki hərbi gücünü artırsın.
Hazırda Türkiyə özünün Cənubi Qafqazla əlaqədar olan geosiyasi mövqeyini yenidən nəzərdən keçirir. Bu proses Rusiya-Gürcüstan müharibəsindən və həmçinin də Gürcüstandan qopmuş iki ərazidə Rusiya silahlı qüvvələrinin gücləndirilməsindən sonra başlayıb. 2010-cu ildə Rusiya Ermənistanın Gümrü hərbi bazasının icarəsinin müddətini uzatmaqla bərabər, Cənubi Qafqazda müdafiə etdiyi separatçı bölgələrdə də mütəmadi hərbi təlimlər keçirir. İndiki mövcud vəziyyətlə əlaqədar olaraq, tarazlıq yaratmaq üçün Türkiyə Gürcüstan və Azərbaycanla olan hərbi əməkdaşlığını gücləndirməlidir. Ancaq Azərbaycan yeni hərbi avadanlıqlar və əldə olan texnoloji resurslar baxımından güclü surətdə Moskvadan asılıdır. Beləki, Azərbaycanın hərbi təchizatının 85%-i Moskvanın payına düşür və bu vəziyyət çətin ki, dəyişilsin.
ENERGETİKANIN ROLU
Bundan əlavə Türkiyə və Azərbaycan regional enerji kəmərlərinin (Transanadolu, Transadriatik, Bakı-Tbilisi-Ceyhan və Cənub qaz dəhlizi) qorunmasını istəyirlər. Bu kəmərlər Azərbaycandan Gürcüstana (Rusiyanın işğal etdiyi Cənubi Osetiyanın yaxınlığından), oradan isə Türkiyənin şərq tərəfinə gedir.
Mövcud enerji boru kəmərləri müdafiə tələb edir. Çünki hərbi münaqişələr enerji resurslarının nəqlinə təhlükə törədə bilər. 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsi zamanı, ruslar Qori şəhərini işğal edəndə, onlar faktiki olaraq, ölkəni iki hissəyə bölmüşdülər. İşğalçılar həmin boru kəmərlərinə təhlükəli səviyyədə yaxınlaşmışdılar. Ona görə də Qərb operatorları qoruyucu tədbir kimi, boru kəmərlərini bağlamışdılar.
Digər bir mühüm layihə kimi Bakı-Tbilisi–Axalkalakı-Qars dəmir yolu magistralının müdafiəsi də ciddi məsələdir. Mövcud hesablamalara görə bu dəmir yolu Asiyadan Avropaya il ərzində 6,5 milyon ton yük aparmaq imkanına malik olacaq. 2014-cü ilin avqustunda Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iştirak etdiyi Naxçıvandakı inauqurasiya mərasimində, hərbi təlimlərin əsas səbəbinin üç ölkənin ərazisindən keçən boru kəmərləri infrastrukturunun və dəmir yollarının müdafiəsinin lazımı şəkildə təmin edilməsindən ibarət olduğunu bildirmişdi.