“İstintaq orqanları pulları geri qaytaracaq”
“Daha yuxarı çərçivədə olan insanlarla bağlı hüquq-mühafizə orqanları müəyyən addımlar atırlar. Mətbuatda da yeni-yeni faktlar ortaya çıxır. Məlum olur ki, vətəndaşların əmlakı, mülkləri hansısa korrupsioner sahibkar, vəzifəli şəxslər tərəfindən zorla alınıb, müsadirə edilib, digər hallarda banklardan böyük miqdarda kreditlər götürülüb və təyinatı üzrə xəcrlənməyib”.
"Xeberinfo.com": Məlumata görə, bunu Modern.az saytına Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə son günlər Azərbaycanda reallaşan həbslər barədə danışarkən deyib.
Deputat hesab edir ki, bu cür hərəkətləri hamı bilməli və bunun bir sonu olmalıdır:
“İnsanlar bu cür pullar vasitəsilə varlananda, harınlayanda, özlərinə var-dövlət qazanmaq naminə başqalarına əziyyət verib, əmlaklarına zərbə vuranda bu siqnal da daha yuxarı səviyyəyə, cənab Prezidentə, digər rəsmilərə çatan zaman məsələyə qiymət verilməyə başlayır. Son həbslər, saxlanmalar barədə rəsmi açıqlamalar olmasa da, görünən odur ki, bu cür insanlara qarşı ciddi istintaq əməliyyat tədbirləri aparılır. Mən bu addımları alqışlayıram”.
Hüquq müdafiəçisi bu cür məqamlarda sui-istifadə hallarına yol verilməsinin tərəfdarı olmadığını da vurğulayıb:
“Bəzən mülki xarakterli məsələlər var ki, onlar mülki qaydada həll olunmalıdır. Amma məsələdə korrupsiyaya qurşanmış məmurlar varsa və dövlətin, bankların vəsaitini təyinatı üzrə xərcləməyiblərsə, dövlət büdcəsi talan olunubsa, onlara qarşı cinayət işi açılmalıdır ki, başqalarına da dərs olsun. Heç kimə hüquq və səlahiyyət verilməyib ki, yaradılmış şəraitdən sui-istifadə edərək dövlətin və hüquqi şəxslərin əmlakını talasın”.
Deputat “Sizin üçün saxlanılanlar və ya həbs edilənlər arasında sürpriz adlar oldumu” sualını belə cavablandırıb:
“Bəli, oldu. Bu, Dövlət Bayraq Meydanı İdarəsinin sabiq rəhbəri, “Azimport” şirkətinin sədridir. Çünki bu vaxta qədər mən bu insanın fəaliyyəti barədə informasiyasız idim. Təbii olaraq bilirdim ki, Nazirlər Kabinetinin qərarı ilə təyin olunub, amma onun yaratdığı şirkət barədə ümumiyyətlə məlumatım yox idi. Çünki mən biznesdən uzaq adamam, qanunverici orqandayam, kitab-dəftərlə məşğulam. Amma digər şəxslər var ki, onların adları mətbuatda hallanırdı və böyük miqdarda borc altına girdiyi barədə yazılırdı, hansı ki, saxlanmaları reallaşdı. Ola bilər ki, bəzilərinə kreditlərin geri qaytarılması üçün şərait yaradılıb, bəziləri saxlanılıb, bəzilərinə həbs-qətiimkan tədbiri seçilib, bəziləri azad olunub və s.
Mən hesab edirəm ki, bütün bu addımlar cənab Prezidentin 2011-ci ildən qarşıya qoyduğu korrupsiyaya qarşı mübarizə siyasətinin tərkib hissədir və. Və hər kəs öz həddini, yerini bilməlidir. Necə ki, İlham Əliyev də çıxışında bildirdi ki, talana, israfçılığa yol vermək olmaz”.
Ç.Qənizadə ölkədə talana son qoyulması vaxtının çoxdan yetişdiyini dilə gətirib:
“İstintaq orqanları kifayət qədər peşəkardır və bu pulların qaytarılması üçün atacaqları addımın səmərəli olacağını özləri müəyyən edəcəklər. Ölkədə talana son qoyulmalıdır. Bu talan hələ də ayrı-ayrı qurumlarda davam edir”.