Hökumət siqaret bazarında inhisarçılara təslim oldu?
Natiq Cəfərli: “Hökumətin sovet dövründən qalma üsullarla bazarı tənzimləməyə çalışmaq istəyi çox ciddi problemlərə gətirib, çıxaracaq”
Vahid Əhmədov: “İnzibati yollarla uzun müddət qiymət artımının qarşısını almaq mümkün deyil”
Azərbaycan hökuməti manatın devalvasiyasından sonra ölkə bazarlarında yaranan xaosun qarşısını almağa qismən nail olsa da, yalnız tütün məmulatlarında qiymət artımı hələ də davam edir. Manatın ucuzlaşmasının ardından ilk olaraq, siqaretin qiyməti ciddi sıçrayışla artdı. Hətta bu artım devalvasiya faizindən də yüksək idi.
Daha sonra cəmiyyətdə yaranan etirazlardan narahat olan hökumət siqaretin qiymətini əvvəlki həddə qaytarmağa cəhd etdi. İki gün ərzində ölkə bazarlarında siqaret yoxa çıxdı. Ardınca isə siqaret hazırki qiymətlərlə yenidən bazara qayıtdı.
Ancaq bu qayıdış əhalinin arzuladığı kimi əvvəlki qiymətlərlə olmadı. Daha aşağı faizlə, devalvasiyaya uyğun olaraq, bahalaşma öz sözünü dedi.
Bazarlarda apardığımız müşahidələrə görə, əvvəllər 1.6 AZN-ə satılan “Kent 8” devalvasiyanın ilk günlərində 2.4 AZN idisə, hazırda 2 AZN-dir. 1.2 manata satılan “L-D” markalı siqaret devalvasiyanın ilk günlərində 1.8 AZN oldu, son dəyişiklikdən sonra isə 1.5 AZN-ə satılır. Əvvəllər 70 qəpiyə satılan “Classic” hazırda 90 qəpikdir. 1.6 manatlıq “Davidoff” 2 manata, 2 manatlıq “Sobranie” siqareti isə 2.4 manata satılır.
Təbii ki, bu, son qiymətlər deyil. Müxtəlif market və mağazalarda qiymətlər bir-birindən fərqlənir. Bu prosesdən görünən odur ki, hökumət digər məhsulların qiymətini tənzimləməyi bacarsa da, ölkədə siqaret inhisarçılığı ilə məşğul olan şəxslər qarşısında söz keçirə bilmədi.
Hər kəsə məlumdur ki, Azərbaycanda ticarətin müxtəlif sahələri ayrı-ayrı vəzifəli şəxslərin əlində cəmləşib və bir neçə şəxsin monopoliyasındadır. Həmin şəxsləri qarşısına almaq istəməyən hökumət siqaretin bahalaşması ilə barışmalı oldu və Milli Məclisin qərarı ilə aksiz dərəcələrini artıraraq, büdcə gəlirlərinin artmasını təmin etmək yolunu seçdi.
Siqaret satışı ilə bağlı son durumu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli manatın devalvasiyasından sonra siqaretin bahalaşmasını təbii proses kimi dəyərləndirdi: “Ümumiyyətlə, mən bu iki məsələnin bir-birindən ayrılmasının tərəfdarıyam. Siqaret və içki ilə bağlı vergilərin, aksiz dərəcələrinin artması heç bir ölkədə bizdə olduğu qədər kompleks yaratmır. Azərbaycan hökumətində nədənsə, bu kompleks yaratdı və cəmiyyətdə etirazlara səbəb olmamaq üçün yenidən qiymətin aşağı endirilməsinə qərar verdi. İki-üç gün ərzində bazarda bir xaos yarandı. Sonradan qiymətlər yüksəldi. Burada narahatçılığa əsas yoxdur.
Siqaret gündəlik tələbat məhsulu deyil. Burada qiymətin artması vergilərdən və aksizlərdən gələn gəlirlərin büdcəyə axması ilə nəticələnirsə, buna normal bir proses kimi baxmaq lazımdır. Dünyanın bir çox ölkələrində bu, hökumətin əlində büdcə vəsaitlərinin artırılması üçün bir vasitədir. Azərbaycan hökuməti o qədər həssas və kövrəkdir ki, bu kimi məsələlərdə ictimai rəydə narazılığın yaranmasından çəkinir. Son proseslər də elə bunu göstərir.
Əslində isə aksizlərin və vergilərin qalxmasından sonra xaricdən gətirilən tütün məhsullarının və spirtli içkilərin qiymətinin artması çox normal bir haldır. Ümumiyyətlə, qiymətlərə inzibati yolla nəzarət etməklə bağlı Azərbaycan hökumətinin son dövrlərdə atdığı addımlar tamamilə səhvdir. Dövlətin inzibati üsullara əl atması iş adamlarını digər yollara əl atmağa vadar edəcək. Bu, xaricdən daha keyfiyyətsiz və ucuz tütün məhsullarının ölkəyə gətirilməsinə səbəb olacaq. İş adamları qiymətləri artırmamaq üçün keyfiyyətsiz məhsulları bazara çıxaracaqlar. Bu da ərzaq təhlükəsizliyini təhdid edən bir məsələdir və insanların sağlamlıqlarına birbaşa təsir edir”.
Ekspert onu da bildirdi ki, hökumət qiymət artımı ilə mübarizə aparmaq üçün kiçik sahibkarları deyil, iri inhisarçıları hədəfə götürməlidir: “Xaricdən gətirilən məhsulların maya dəyərində 35 faiz artım olub. Bunu iş adamları özbaşına qarşılaya bilməzlər. Hökumətin burada atmalı olduğu addım ondan ibarətdir ki, bazarı daha çox liberallaşdırsın və daha çox məhsul və xidmətlər təklif edən şirkətlərin sayı artsın, inzibati maneələri, inhisarçılığı və korrupsiyanı aradan qaldırsın. Bu problemləri həll etmədən, sovet hökumətindən qalma üsulla bazarı tənzimləməyə çalışmaq istəyi çox ciddi problemlərə gətirib, çıxaracaq.
“Süni qiymət artımı ilə mübarizə” ifadəsi liberal bazar anlayışı ilə ziddiyyət təşkil edir. Süni qiymət artımı ilə mübarizə normal iqtisadi məkanlarda inhisarçı şirkətlərin qiymət sövdələşməsinə getməsinin qarşını almaq üçün aparılan nəzarətdir. Yəni hər hansı şirkət bazarın 30 faizindən çoxuna nəzarət edirsə, onda dövlət çox ciddi addımlar atır ki, digər şirkətlərlə qiymət sövdələşməsi mümkün olmasın”.
Ekspert “süni qiymət artımı ilə mübarizə” adı altında aparılan inzibati tədbirlərin kiçik və orta sahibkarlığı sıradan çıxaracağını da istisna etmədi: “Azərbaycanda isə “süni qiymət artımı ilə mübarizə” adı altında pərakəndə satışla məşğul olan kiçik sahibkarlarla mübarizə aparılır. Bu, absurd yanaşmadır. Pərakəndə satışla məşğul olan mağaza sahibi süni qiymət artımı ilə məşğul olmur. Bu, iri inhisarçı şirkətlərin həyata keçirdiyi qiymət atımıdır. Hökumətin məqsədi budursa, elə hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərin birbaşa və dolayısı ilə nəzarətində olan inhisarçı şirkətlərlə mübarizə aparsın. Kiçik sahibkarlarla mübarizə heç bir effekt verməyəcək. Əksinə, bu, kiçik və orta biznesi çökdürəcək. İnsanlar iş yerlərini itirəcəklər. Hökumət bu prosesdə vergiləri və aksizləri qaldıraraq, daha çox gəlir əldə etməyi düşünməlidir. İnhisarçı şirkətlərin marağını deyil, dövlətin marağını önə çəkərək, məhz həmin şirkətlərə tətbiq olunan aksiz vergisini artırmaqla, büdcəyə ciddi şəkildə vəsaitin daxil olmasını təmin etmək olar”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da xaricdən idxal olunan məhsullarda qiymət artımının gözlənilən olduğunu bildirdi: “Biz Milli Məclisdə qərar qəbul edərək, tütün məmulatlarının, qızıl məmulatlarının və digərlərinin aksiz dərəcələrini artırmışıq. Və həmin qanun mart ayının 1-dən qüvvəyə minib. Bununla əlaqədar olaraq, tütün məhsullarının da qiyməti artıb. Düzdür, hökumət müəyyən qədər qiymət artımlarının qarşısını almağa çalışır. Ancaq yeni aksiz dərəcələri qüvvəyə mindikcə, artım da olacaq. İndiki artıma gəlincə, bu məhsullar xaricdən idxal olunur və dolların bahalaşmasına görə qiymətin artması normaldır. Ancaq artım 10-12 faizdən artıq olmamalıdır. Bahalaşmanın qarşını inzibati yollarla uzun müddət almaq mümkün deyil. Çünki bazarın da öz prinsipləri var. İdxal olunan malların hamısında qiymət artımı normaldır”.
Azpolitika.info