“QAN ÇIXARSALAR, MƏN DƏ QAN ÇIXARACAM …”
“İstəmirəm dərinə gedim, amma baxır necə davranacaqlarına..”
“Həbsdən sonra adamların arasında olduqca başa cüşdüm ki, bu ölkədə nələr baş verir…”
"Xeberinfo.com": “Azərbaycanda “ədalət” sözü gərək leksikondan çıxarılsın. Biz niyə əziyyət çəkib, seçkiyə gedib deputat seçirik? Onsuz da bu ölkədə onların qəbul elədiyi qanuna baxan yoxdur. Baş Prokurorluğun, onun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yanaşmasından belə çıxır ki, Azərbaycanda ümumiyyətlə, Milli Məclisə ehtiyac yoxdur…”, – deyə “AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində bildirib.
Ona qarşı irəli sürülmüş mənimsəmə, dələduzluq, vəzifədən sui-istifadə kimi ittihamların əsassız olduğunu deyən Abdulla Abdullayev bir daha vurğulayıb ki, həbsi sifarişin nəticəsidir. Məhkəmənin də verilən sifarişə uyğun hökm çıxaracağına əmindir. O, qeyd edib ki, Sahibkarlığın İnkişafına Yardım Fondundan bank vasitəsilə götürülmüş kreditlərə görə Fonddan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmiş bir məktub əsasında bir neçə il əvvəl cinayət işi başlanıb: “Fondla banklar arasında bağlanmış müqaviləyə əsasən, ayrılan vəsaitə birbaşa bank məsuldur. Fonddan alınmış vəsaitin ödənilməsi məsələsində başqa banklarla hər hansı problem olanda onları məhkəməyə verib, problemi mülki qaydada həll ediblər. Amma “Birlik bank”la bağlı məsələdə birbaşa cinayət işi açılması üçün Fond Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub göndərib. Həmin məktub əsasında da 4 il əvvəl “Birlik bank”ın rəhbəri, baş mühasib və kredit departamentinin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub. Eyni məktub, eyni şikayət əsasında dörd il sonra yenə də cinayət işi qaldırılıb. Halbuki, bir əmələ görə iki dəfə cəzalandırma yerli və beynəlxalq qanunvericiliyə ziddir. Buna görə artıq qüvvəyə minmiş məhkəmə hökmü var.
Mən bu bankın Müşahidə Şurasının sədri olmuşam. Müşahidə Şurası sadəcə, nəzarətedici orqandır. Maliyyə naziri də Mərkəzi Bankın, Beynəlxalq Bankın Müşahidə Şurasının rəhbəridir. Belə çıxır ki, həmin banklarda hər hansı səhv olsa, maliyyə nazirini cəzalandırmaq lazımdır? Ən əsası, əgər mənim günahım var idisə, niyə 4 il əvvəl üç nəfəri məsuliyyətə cəlb eləyəndə məni də cəzalandırmadılar? Bankla bağlı mənə verilmiş bütün ittihamlar əsassızdır”.
“43 min kvadrat metrlik obyekti əlimdən almaq istəyirlər”
Abdulla Abdullayev bank kreditlərilə bağlı ittihamdan danışarkən bildirib ki, “Texnikabank”dan götürülmüş kredit artıqlaması ilə ödənilib: “İttihamlara bu bankın adının da daxil edilməsi kredit götürülərkən girov qoyulmuş 43 min kvadrat metrlik obyekti mənimsəməkdir. Bu girov 20 milyona yaxın kreditə görə qoyulub. Hər kvadrat metr təxminən 500 manata düşür. Gözəl bilirlər ki, istənilən vaxt satılsa, 150 milyon pul eləyir. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsilə birləşib bunları eləyirlər. “Texnikabank”la bağlı ittiham heç bir məntiqə, qanunvericiliyə sığmır”.
Abdulla Abdullayevin sözlərinə görə, 2011-ci ildə “Birlik bank”ın lisenziyası alınarkən göstərilən səbəblərdən biri də bu olmuşdu ki, bank İrana bağlı çirkli pulların yuyulmasıyla məşğul olub. Lakin araşdırmalar zamanı bütün sübut edən fakt ortaya çıxmayıb.
“Bu ölkədə qanun yoxdur. Baş Prokurorluq qanunları istədiyi şəkildə yozur. Mən də bilirəm, siz hakimlər də bilirsiz, dövlət ittihamçısı da yaxşı başa düşür ki, mənə qarşı bu iş niyə açılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi açıq-aşkar qanunların ziddinə gedir və istədiyini eləyir”, – deyə Abdulla Abdullayev vurğulayıb.
“O lal-kar uşağın naləsi atasını nahaqdan ittiham edənləri tutacaq”
O, qeyd edib ki, Azərbaycanda verilən 1 milyondan yuxarı bütün kreditlər nəzarətdədir: “Məlum məsələdir ki, 3 milyon 400 minlik krediti bizə elə belə verməmişdilər. İstəmirəm, bəzi məsələlərdə dərinə gedim. Amma baxır, necə davranacaqlar. Yüngül qaşısalar, mən də üzdən gedərəm. Yox, möhkəm qaşıyıb, qan çıxarsalar, mən də qan çıxaracam…”
Abdulla Abdullayev ibtidai istintaq zamanı ona qarşı yeni-yeni ittihamların irəli sürülməsindən də danışıb: “Əvvəl dedilər ki, 3 milyon 400 min ödənilsin, məsələ bağlansın. Bu, həll olundu. Sonra daha iki maddə verdilər. Dedilər ki, 522 minlik mənimsəmə var, bunu da ödəyin, qurtarsın. Dedim, bunu əvvəl niyə demirdiniz? Mən pul ödədikcə, siz təzə-təzə maddələr çıxaracaqsız? Müstəntiq 10 aylıq istintaq müddətində cəmi 4 dəfə yanıma gəlib. Hər dəfə də yeni maddələr gətirib.
Burada oturan uşaqların (onunla yanaşı mühakimə olunan beş işçisini nəzərdə tutur-red.) günahı nədir? Elşənin bir xəstə uşağı var, hakimlər deyib ki, uzağı 20 yaşına qədər yaşaya bilər. Elşəni dörd il əvvəlki iş üzrə tutmuşdular, Allah qapısını açdı, çıxdı. Onun qızı lal-kardır. Elşən həbsdə olanda səhərdən axşama qədər ağlayıb, qışqırıb atasını istəyirdi. O uşağın naləsi onun atasını nahaqdan ittiham edənləri tutacaq. Yaxud Hadejda xanım, onun da bir xəstə övladı var. Gəlib dedilər ki, belə bir xanım var, yarım “oklad” iş istəyir. Dedim, belə vəziyyətdə olan qadına yarım “oklad” iş verə bilmərəm, bir “oklad” verdim. İndi bu bədbəxt qadının günahı nədir ki, ona ittihamlar vermisiz?”
Abdulla Abdullayev çıxışında onu da bildirib ki, həbsdən sonra müxtəlif insanların arasında olduqca Azərbaycanda gerçəkdən nələr baş verdiyini öyrənir: “Mən indi başa düşürəm ki, adamların içində olmaq nə deməkdir. İndi görürəm ki, əslində, ölkədə, cəmiyyətdə nələr baş verir. Sən demə, mən həbsdən əvvəl heç nə bilmirəmmiş. Ətrafımdakılardan başqa heç nəyi görmürdüm. Ona görə də çox şeyi bilmirdim…”
Xatırladaq ki, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bu iş üzrə məhkəmə prosesi martın 19-da davam edəcək. (azadlıq.info)