Bu jurnalistlərin deputatlığa namizədliyi təsdiqləndi —SİYAHI
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün seçki marafonuna qoşulan daha iki jurnalistin namizədliyi qeydə alınıb.
Yenixeber.org: Qənirə Paşayevanın namizədliyi 105 saylı Tovuz Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu barədə açıqlama verən Q.Paşayeva bildirib ki, artıq qeydə alınmış namizəd kimi növbəti mərhələ üçün hazırlaşır.
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun da namizədliyi qeydə alınıb. Bu barədə sosial şəbəkə hesabanında paylaşım edən Rauf Arifoğlu əməyi keçənlərə təşəkkür edib.
"Kaspi" qəzetinin jurnalisti Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb. R.İsmayılov "Facebook" profilində daha bir mərhələni uğurla keçdiyini yazıb:
"Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərəkdir. Hər bir halda Vətənə, dövlətə, xalqa, millətə xeyirli-uğurlu olsun! Digər namizədlərə də uğurlar arzulayıram!".
Jurnalist Zaur Əhmədin namizədliyi isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən təsdiqlənib. Zaur Əhməd sosial şəbəkə hesabında qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub:
"Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər. Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə daha sıcaq münasibət göstərdilər, şəhid əmanətinə sahib çıxacaqlarını açıq şəkildə göstərdilər. Qürur duydum millətimlə, camaatımla. İmza verən, yanımda olduğunu deyən hər kəs var olsun... Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram".
Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd olub.
"Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq. İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gəlməyə çalışacam. Təbrik etmək istəyənlər etsin, etməyənlərin canı sağ olsun",- deyə L.Ələşrəfqızı bildirib.
Namizədliyi qeydə alınanlardan biri də jurnalist Kəramət Böyükçöldür. Kəramət Böyükçöl 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olub.
Jurnalist Tural Turanın da növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb. Tural Turanın namizədliyi 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasın tərəfindən təsdiqlənib.(modern)