MSK 4 dairə seçki komissiyasının qərarını əsassız sayıb
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) daxil olan müraciətlərə baxılıb.
"Xeberinfo.com": Məlumata görə, MSK katibi Arifə Muxtarova 40 saylı Kəpəz İkinci Seçki Dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Elnur Eyvazovun deputatlığa namizədliyinin müvafiq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya şikayət etdiyini bildirib.
A. Muxtarova qeyd edib ki, MSK-nın İşçi Qrupu tərəfindən aparılmış araşdırma zamanı E. Eyvazovun təqdim etdiyi imza vərəqələrində 493 imza təqdim etdiyi, 466 imzanın etibarlı sayıldığı üzə çıxıb. A. Muxtarova 466 imzanın E. Eyvazovun deputatlığa namizədliyinin qeydə alınması üçün yetərli olduğunu bildirib. Məsələ səsverməyə çıxarılıb və 40 saylı Kəpəz İkinci Dairə Seçki Komissiyasının qərarının ləğv edilməsi, E. Eyvazovun namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib.
MSK 60 saylı Saylan-Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş İsmayıl Ağayevin müvafiq dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyinin qeydə alınmamasını da əsassız sayıb və təqdim edilən 548 imzadan 467-i etibarlı sayılan İ. Ağayevin deputatlığa namizədliyinin qeydə alınması barədə qərar verilib.
72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş parti sədrinin birinci müavini Ənvər Ağazadənin namizədliyinin yerli DSK tərəfindən qeydə alınmaması isə MSK tərəfindən dəstəklənib. A. Muxtarova bildirib ki, Ə. Ağazadənin imzalarının toplanmasında iki bələdiyyə üzvü iştirak edib, bu isə qanunsuzdur. Yerdə qalan 450 imzaya gəlincə, imza verən 40 nəfərin həmin dairənin ərazisində yaşamadığı üzə çıxıb. A. Muxtarova deyib ki, buna görə də Ə. Ağazadənin deputatlığa namizədliyinin qeydə alınmaması barədə 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılmalıdır.
Məsələ səsverməyə çıxarılıb və Ə. Ağazadənin deputatlığa namizədliyinin qeydə alınmaması barədə 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb.
MSK 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Günel Səfərovanın namizədliyinin 21 saylı Nəsimi Birinci Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmamasını isə əsassız sayıb. Təqdim edilən 550 imzadan 468 imza etibarlı olduğu üçün MSK G. Səfərovanın namizədliyinin qeydə alınması barədə qərar verib.
MSK 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsinə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Kəramət Salayevin namizədliyinin namizədliyinin dairə seçki komissiyası tərəfindən qeydə alınmamasını də əsassız sayıb. Təqdim edilən 486 imza etibarlı sayılıb və K. Salayevin namizədliyinin qeydə alınması barədə qərar verilib.