Bu gün Leninin ad günüdür - “dahi rəhbər”in Azərbaycana ən böyük pisliyi“dahi rəhbər”in Azərbaycana ən böyük pisliyi
Tarixçi: “O, yalnız öz xalqı üçün böyük şəxsiyyətdir...”
Yenixeber.org:Məlumata görə,Aprelin 22-də uzun illər bizlərə rəhbər kimi təqdim edilən SSRİ-nin qurucusu Vladimir İliç Ulyanovun (Lenin) doğum günüdür. O, 1870-ci ilin 22 aprelində Simbirskdə doğulub. İnqilabçı ruhu ilə fərqlənən Lenin Sovet hökumətinin qurulmasında əsas fiqur olub.
Lenin 1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarıb. Daha sonra Kazan Universitetinin Hüquq fakültəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunub. Onun böyük qardaşı 1887-ci ildə III Aleksandra “narodovolçuluq”da ittiham olunaraq edam edilib. Bəzi tarixçilərin yazılarına əsasən, Lenin məhz bu hadisədən sonra tarixi-sirli frazasını işlədib - “Biz başqa yolla gedəcəyik”.
1888-ci ilin payızında Leninə Kazana qayıtmağa icazə verilib. Burada o, N.E.Fedosyev tərəfindən təşkil olunmuş marksist dərnəklərin birinə üzv olub. Burada K.Marksın, F.Engelsin və Q.V.Plexanovun əsərləri müzakirə olunurdu. Marksın və Engelsin əsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynayıb və o, inamlı marksistə çevrilib...
Sovet dönəmində Leninin ad günü 15 respublikanın hər birində olduğu kimi, Azərbaycanda da böyük təmtəraqla qeyd edilərdi. Sovet imperiyasının çökməsi Leninin adını ürəklərdən sildi. Amma bir sıra kommunist təmayüllü partiyalar hələ də bu ideologiyanı yaşadırlar.
Lenin cəmi 54 il yaşayıb (vəfat ili 1924). O, hələ də dəfn edilməyib və mumiyalanaraq Moskvanın Qızıl meydanında mavzoleydə saxlanılır. Lenin Mavzoleyi onun ölümündən qısa müddət sonra, 1924-cü ildə açılsa da, əslində onun məzarına ilk vaxtlar giriş məhdudiyyəti olub. Amma çox keçmir ki, arxitektor Şusevin layihəsi əsasında yeni mavzoley ucaldılır. Onun tikintisi isə tam olaraq 1930-cu ildə başa çatır. Leninin mumiyalanmış cəsədinin yuyulmasına, yuyulub dərmanlanmasına hər il təxminən 200 min dollar pul xərclənir.
Tarixçi Dilavər Əzimli bildirib ki, əslində Lenin öz xalqı üçün böyük şəxsiyyətdir: “O, ölməkdə olan Çar Rusiyasını SSRİ formasında bərpa etdi. Leninin böyük xidmətlərindən biri də elə bu olub. SSRİ-nin yaşaması üçün də əsas ərazilərdən biri Bakı idi. 20-ci əsrin əvvəllərində dünya neftinin 50 faizindən çoxunu Bakı verirdi. Lenin üçün də Bakı neftini ələ keçirmək böyük əhəmiyyət kəsb edirdi. O dövrdə ”solçuluq" adlandırılan bolşeviklər hesab edirdilər ki, Lenin onları ağ günə çıxaracaq. Azərbaycan bolşevikləri də bu minvalla Leninin ətrafında birləşdilər. Ancaq bu bolşeviklərin içərisində ermənilər çoxluq təşkil edirdi. Onlar öncədən məsələni hesablamışdılar və demək olar ki, Bakı Bolşeviklər Partiyasında çoxlu erməni var idi. Bunun da nəticəsində Bakı “26-lar”ın əlinə keçdi. Bu mənada neftə görə Azərbaycanı hədəfə alıb, əldən verməməyə çalışırdılar. Ona görə də işlər apardılar və Rusiya tərəfindən Azərbaycan işğal olunub SSRİ-nin ərazisinə qatıldı. Leninin Azərbaycan üçün xeyrindən danışmağa dəyməz. Çünki o, Rusiya maraqlarına xidmət edirdi. Azərbaycan SSRİ üçün yalnız iqtisadi baza rolunu oynayırdı və buna görə də çalışırdılar Azərbaycanı itirməsinlər".
Tarixçi bildirdi ki, Leninin gec-tez dəfn edilməlidir: “20-ci əsrin tarixində Lenin öz yerini tutub. O, vəsiyyət etmişdi ki, öldükdən sonra anasının yanında basdırsınlar. Mənim aldığım informasiyalara görə, hazırkı mavzoleydə Lenindən əsər-əlamət qalmayıb. Belə bir məlumatlar da yayılıb ki, artıq orada saxlanılan Lenin yox, onun oxşarıdır. Çünki uzun müddət cəsədi saxlamaq qeyri-mümkündür. Stalinin təşəbbüsü ilə Lenini ora həkk etdilər. Bu da böyük rəhbər ideyasını ortaya atıb, SSRİ-nin saxlanmasının bir forması idi. Leninin orada saxlanması tamamilə mənasızdır”.“Yeni Müsavat”