Professor müdafiə etmək istədi, Sadıqova isə rüsvay oldu
AMEA Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin hazırladığı “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması ilə bağlı növbəti iddialara münasibət bildirilib.
Yenixeber.org: “Azərbaycan onomastikası” kitabının həmmüəlliflərindən olan professor Aydın Paşayev bu lüğətin “Azərbaycan onomastikası” kitabından köçürülməsini sübut edən faktlara cavab olaraq bildirib ki, lüğətçilikdə bu tendensiya təbii haldır.
Belə demək mümkünsə, professor Aydın Paşayev “İzahlı dilçilik terminləri lüğəti”ni hazırlayanlara “halallıq” verib. Görünür, yeni terminlər lüğəti tərtib edənlər Aydın Paşayevi daha tez tapıb, onun hətta Dilçilik İnstitutunun direktoruna məktubunu ala biliblər. Amma bu da lüğətdəki böyük biabırçılıqları ört-basdır etməyə kifayət etməyib.
Əslində, A.Paşayevin sözləri həqiqətdir: lüğətlərin tərtibində özündən əvvəlki lüğətlərdən istifadə normaldır və burada artıq plagiatlıqdan yox, mənbə kimi bəhrələnmədən söhbət gedə bilər.
Məsələ isə ondadır ki, Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilərin, mərhum alim M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” və Fəxrəddin Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopediyası”ndan plagiat etməsi bəhrələnmə deyil, mənbədən istifadə də deyil, məhz rüsvayçılıqdır, qeyri-peşəkarlıqdır, ayıbdır.
Baxın, görkəmli alim Musa Adilov və komandası sovet dövründə hazırladığı kitabda təbii olaraq “СССР”, “SSRİ” kimi abreviaturaları misal olaraq yazıb.
Bəla budur ki, SSRİ-nin dağılmasından az qala 30 il keçməsinə baxmayaraq, S.Sadıqova və işçiləri bu abreviaturaları dəyişmədən, olduğu kimi lüğətə köçürüblər. Yəni belə deyək, ortada mövcud olmayan və müstəqilliyimizi əlimizdən almış bir sistemi heç bir zərurət və diktə olmadan nümunə göstəriblər.
Yəni bunlar “kopi-past”ın ən biabırçı formasından istifadə ediblər və bu zaman heç fikir də verməyiblər ki, yeni lüğətə nələri doldururlar.
Hətta iş o yerə çatıb ki, S.Sadıqova və əməkdaşları SSRİ-nin qurucusu “Lenin baba”nın sitatlarını yeni lüğətə doldurublar.
Qəribədir ki, Sayalı Sadıqova və əməkdaşlarının Lenin marağı bununla da bitməyib. Onlar Leninlə bağlı daha bir hissəni sovet dövründə hazırlanmış lüğətdən plagiat ediblər.
Nümunə üçün baxaq:
M.Adilov, Z.Verdiyeva, F.Ağayeva: “PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.
S.Sadıqova və işçilərinin tərtib etdiyi lüğətdə verilir: “PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.
Azərbaycan dili bu xalqın, millətin tarixinin, mədəniyyətinin və mənəviyyatının daşıyıcısıdır. Yaxşı olardı ki, plagiata və köhnəliyə yol verən şəxslər bu problem ortaya çıxanda onu ört-basdır etmək əvəzinə, nöqsanları aradan qaldırmaqla məşğul olaydılar.
Qeyd edək ki, əqli mülkiyyəti oğurlanmış M.Adilov və Z.Verdiyeva bir neçə il əvvəl vəfat ediblər.
Azərbaycan Dillər Universitetinin (ADU) professoru, “Dilçilik ensiklopediyası”nın müəllifi Fəxrəddin Veysəlli isə S.Sadıqova və əməkdaşlarının hazırladığı lüğətin bir hissəsinin onun kitabından plagiat olduğunu bildirərək, həmkarlarına sərt şəkildə etiraz edib.(kult.az)