18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Yenixeber.org: Məlumata görə, 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bütün xilqətdən üstün yaradılmış şüurlu insanın əhatə olunduğu varlığa münasibəti fərqlidir. İbtidai cəmiyyət adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşamı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonra gələn nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoymuşdur. Yaşadığımız dünya elə qurulmuşdur ki, hər bir xalqın keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur.
Nələrsə bu günümüzə tam gəlib çatmış, nələrdənsə xarabalıqlar qalmış, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlamışdır. Bunun da təbii fəlakətlər, müharibələr, məqsədli "restavrasiyalar", dağıdılma və nəhayət, zaman kimi obyektiv və subyektiv səbəbləri vardır. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Ağıllı insanın və mütəxəssisin gözü bu abidələrdən çox şirləri oxuya bilər. Onlar öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu söyləyir, vətən sevgisi və ona sadiqlik kimi ülvi hisslər aşılayır. Xalqın mənəvi xəzinəsinin, "mən"inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Belə milləti düşmən asanlıqla hər hansı istiqamətə yönəldə bilər.
Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olmuşdur. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək çoxsaylı abidələr yaratmışlar və onlar bu gün çox qiymətli nümunə olaraq qorunub saxlanılır. Ölkəmizin bütün ərazilərində tarixi abidələr mövcuddur ki, bunların da yaşı əsrləri və minillikləri əhatə edir. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır. Azıx mağarasında toplanmış azıxantrop Azərbaycanın ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını sübut edir.
Ölkəmiz ərazisində Manna dövlətinin təşəkkülü, daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər yaranmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdir. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və s. şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmiz ərazisində qiymətli abidələr inşa olunmuşdur. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) dünya və Şərq memarlığının ən gözəl incilərindəndir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk".
Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməmişdir. Torpaqlarımızın 20 faizini işğal etmiş erməni hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri qalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər həyata keçirir.
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük zəhməti və gərgin çalışması nəticəsində İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" tarix-etnoqrafiya qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" tarix mədəniyyət qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah" tarix-memarlıq qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1505 ədəd yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. (azərtac)