Yenixeber.org: Azərbaycanın Fransadakı səfirliyinin və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının birgə təşkilatçılığı ilə muzeyə izahlı ekskursiyalar təşkil edilib.

Muzeydə Azərbaycan milli xalça növləri, milli geyimlərimiz və zinət əşyaları, qədim musiqi alətlərimiz, mis qablar və yüzilliklərin və keşməkeşli tariximizin şahidi olmuş digər qədim əşyalar nümayiş olunur.

Gün ərzində Azərbaycanın mədəni irsi ilə yaxından tanış olmağa gəlmiş qonaqlara muzeydə saxlanılan zəngin irsimizdən nümunələr haqqında geniş məlumat verilməklə yanaşı, Azərbaycan tarixi, habelə Türkmənçay və Gülüstan müqavilələri, Azərbaycanın strateji coğrafi mövqeyi və qədim xanlıqlar, habelə Şəki xanlığı və tarixi Şəki sarayı, Azərbaycanın minbir çətinliklər və şəhidlərimizin qanı bahasına əldə etdiyi müstəqilliyi haqqında məlumat verilib.

Ekskursiya zamanı verilən çoxsaylı suallar, fransalıların Azərbaycanın tarixi və mədəniyyətini öyrənməyə böyük maraq göstərdiklərini nümayiş etdirib. Bu suallar xüsusilə, İpək Yolu və bu yol üzrəində yerləşən Azərbaycana məxsus tarixi abidələr və Azərbaycanın müstəqillik tarixini əhatə edib.

"Avropa İrs Günləri" çərçivəsində qonaqlar Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilmiş fotosərgiyə də tamaşa ediblər. Qonaqlara Azərbaycanda keçirilən beynəlxalq sərgilər haqqında geniş məlumat verilib.