Heç vaxt unudulmayacaq-Qaradağlı QƏTLİAMI
Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində qətliam törətməsinin 33-cü ili tamam olur.
Yenixeber.org xatırladır ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.
İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.
İşğal zamanı 118 nəfər əsir və girov götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb.
Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızı daim qisasa səsləyirdi.
Nəhayət qisas günü gəldi... Azərbaycanın şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş rayonlarımızı düşmən tapdağından xilas etdi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd rayonu, o cümlədən Qaradağlı kəndi Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında verildi.
19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Yuxarı Qarabağın bütün ərazisi, o cümlədən Qaradağlı kəndi düşmən əsarətindən xilas edildi.
Hazırda Yuxarı Qarabağın ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.
İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni möhkəmləndirmək, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.