UKRAYNA RUSİYANIN DESANT GƏMİSİNİ SIRADAN ÇIXARDI -Novorossiysk limanına hücum olub

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 4-nə keçən gecə Novorossiysk limanına iki pilotsuz katerin hücumunu dəf edib. Qurumun məlumatına görə, hücumun arxasında Ukrayna Silahlı Qüvvələri dayanıb. Pilotsuz katerlərin məhv edildiyi bildirilir.
Yenixeber.org: Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hücum nəticəsində ölən və yaralanan yoxdur. Səhər tezdən təcili xidmətlər şəhərin sularında atışma və partlayışlar olduğunu bildirib. Novorossiysk şəhərinin meri Andrey Kravçenkonun sözlərinə görə, hücumun dəf edilməsində “Olenegorsky Miner” və “Suvorovets” gəmiləri iştirak edib.
Novorossiysk limanında yerləşən Xəzər Boru Kəməri Konsorsiumu məlumat verib ki, onun infrastrukturu zədələnməyib və neft daşımaları həmişəki qaydada davam edir. Konsorsiumun boru kəməri Qazaxıstanın qərbindəki neft yataqlarını, Xəzər şelfindəki Rusiya yataqlarını və şəhərin dəniz terminalını birləşdirir. Şirkət qeyd edib ki, limanda gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulub. ”Teleqram” kanallarının yaydığı məlumatda isə pilotsuz katerlərlə həyata keçirilən hücum zamanı Rusiya hərbi dəniz donanmasının "Olenoqorskiy qornyak" böyük desant gəmisinin vurulduğu bildirilir. Yayılan videoda gəminin ciddi zədə aldığı görünür. Bu kamikadze katerlər (Magura V5) Ukraynanın öz istehsalıdır. Onlar 833 km məsafə qət edir və 320 kq partlayıcı daşıyır.
Xatırladaq ki, bundan əvvəl iyulun 25-də Rusiya Müdafiə Nazirliyi “Sergey Kotov” patrul gəmisinə pilotsuz qayıqların hücumu barədə məlumat verib. Hücumun Qara dənizin cənub-qərb hissəsində, Sevastopoldan 370 km aralıda həyata keçirildiyi iddia edilib.
Ukrayna Silahlı Qüvvələri iddia edilən hücumlarla bağlı şərh verməyib. Bundan əvvəl pilotsuz qayıqlar Sevastopoldakı Rusiya hərbi bazasına bir neçə dəfə hücum edib. May ayında Qara dənizdə “İvan Xurs” rabitə gəmisi, iyunun əvvəlində “Priazovye” kəşfiyyat gəmisi hücuma məruz qalıb.(azpolitika)