Yenixeber.org: Azərbaycanda unun qiymətinin bahalaşması haqqında xəbərlər yayılır. Qərb bölgəsində çörək istehsalçılarından biri əməkdaşımıza bildirib ki, bəzi günlərdə qıtlıq və bahalıq problemi yaşayıblar, amma hazırda unu köhnə qiymətlə (38.5 manat) alırlar.
Bəzi KİV-lərdə və telekanallarda da payız aylarında unun qiymətinin bahalaşacağı haqqında reportajlar verilir, səbəb kimi dünya bazarında bu strateji məhsulun əvvəlki illərlə müqayisədə kifayət qədər artdığı göstərilir.
Bu cür xəbərlə nə qədər əsaslıdır, real vəziyyət necədir, Azərbaycan istehlakçıları üzümüzə gələn aylarda çörəyin və un məhsullarının növbəti dəfə artacağı ilə üzləşə bilərlərmi?
İqtisadçı Elbrus Cəfərli mediada bu cür informasiyaların yayılmasından təəssüf edir, əlavə edir ki, belə kampaniyaların real iqtisadi şəraitlə əlaqəsi yoxdur:
“Ortaya muzdlu iqtisadçı-ekspertlər çıxarıblar, arqument kimi də Ukraynadakı vəziyyəti göstərirlər. “Ukrayna taxılı dənizlə çıxara bilmədiyindən quru yol ilə daşıyır, bu isə əlavə xərclər yaradır” və s.
Birincisi, Ukraynanın taxılını Türkiyə daşıyır, özü də quru yol ilə yox, dəniz yolu ilə;
İkincisi, Türkiyə Ukraynadan taxılı dünya bazar qiymətlərindən aşağı qiymətə almaq barədə razılaşma imzalayıb;
Üçüncüsü, Azərbaycan Ukraynadan, ümumiyyətlə, buğda almır;
Dördüncüsü, cari ildə ölkə üzrə 3 milyon tondan artıq taxıl yığılıb, kifayət qədər un ehtiyatları var”.
E.Cəfərli xatırladır ki, 2 ay əvvəl 2022-ci ilin dövlət büdcəsi dəyişdi və ərzaq təhlükəsizliyi üçün əlavə 193 milyon manat ayrılıb. Onun sözlərinə görə, həmin vəsait məhz elə çörəyin bahalaşmasının qarşısını almaq məqsədilə “əlavə xərclər” üçün nəzərdə tutulmalıdır. Çünki ərzaq deyəndə, ilk növbədə, çörəkdən söhbət gedir.
Ekspert vurğulayır ki, 1 ay əvvəl “idxal inflyasiyasının” xaç atası sayılan Gömrük Komitəsinin rəhbərliyi də dəyişib, bu hesabla, indi idxal mallarının, yəni unun bahalaşması üçün süni əsaslar olmamalıdır.
“Dövlətin aidiyyatı rəsmi qurumları niyə susurlar? Kim haqq verib ki, televiziyalar rəsmi izahat olmadan belə sabotajla məşğul olsun”, – iqtisadçı sual edir.
İqtisadçı Elədniz Əmirov isə məsələyə, dünya və Azərbaycan olmaqla, iki istiqamətdən baxmağı təklif edir:
“Rusiya müharibəyə başlayan kimi BMT həyəcan təbili çalırdı ki, hamı acından qırılacaq, dünya batacaq. Daha dəqiqi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu, ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya taxıl satmaycağını, Qazaxıstan az-az satacağını bəyan etdi. Daha sonra taxıl nəhənglərindən olan Hindistan bildirdi ki, o da taxılını hələ ki satmır. Çin isə “mən 1 milyard acı necə doyduracam” deyib, ən baha qiymətdən kim satdısa, taxıl almağa başladı. Beləcə, bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər”.
İqtisadçı daha sonra rəqəmlər təqdim edir: “BMT-nin hay-küyü ilə 1 ton ərzaq buğdasının qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi – iyunda 380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. Bu, yuxarıda dediyimin statistik təsdiqidir.
İndi BMT-nın FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.
E.Əmirovun sözlərinə görə, daha 2 hadisə böhranı yumşaldan amil kimi çıxış edir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyinin Rusiyaya tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması – Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.
Daha sonra Azərbaycandakı real vəziyyətə diqqət çəkən iqtisadçı bildirir ki, ölkənin taxıl ehtiyacı 3.6 mln. ton, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaq buğdasının 75%-i idxaldan asılıdır:
“Ötən il 572 min hektardan 1,887 mln. ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln. ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln. 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib.
İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektar taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, bu potensial 200 min hektara bərabərdir”.
Ekspert daha sonra hökumətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara diqqət çəkir:
“Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq, hər hektara 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulurdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezidentin qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.
Amma bu, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi nəzərdə tutulur”.
Eldəniz Əmirov Dövlət Ehtiyatlar Agentliyinin hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırdığını xatırladır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16% artım deməkdir. Beləliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən, qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”.(pressklub)