Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

A məktəb pulları, məktəb pulları…-Nazir nə dedi, biz necə eşitdik?

“Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”.

Yenixeber.org: Təhsil naziri Emin Əmrullayevin dünən dediyi bu fikirlər medianın gündəminə çevrilərək, tənqid atəşinə tuş gəlib.

             Bəs, əslində nazir mövzu ilə bağlı nələr danışmışdı? 

E.Əmrullayev məktəblərdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən yığımlara münasibət bildirərkən qeyd etmişdi ki, məktəblərdə hansısa qeyri-qanuni yığımların olması və bununla bağlı ictimaiyyətin narazılığı bu günün məsələsi deyil:

“Hətta mən orta məktəbdə oxuyanda da belə hallar var idi. Bu, bizim cəmiyyətimizin xroniki problemidir.

Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. İcbari təhsil, təbii ki, pulsuzdur. Söhbət icbari təhsilin pullu və ya ödənişli olmasından getmir. Mən məktəblərdə rüşvətxorluğun əleyhinəyəm. Amma sual verirəm: valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını məktəbə vermək hüququ var, yoxsa yoxdur? Bu, pis və günahdırsa, deməliyik ki, olmaz. Əgər biz bunu qəbul ediriksə, oturub sağlam, şəffaf sistem fikirləşməliyik ki, vətəndaşın əlindəki arzu etdiyi bir manatı özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq”.

Maraqlıdır, dünya təcrübəsində valideynlərin məktəblərə ödəniş etməsi məsələsi necədir? Həmin vəsaitlərdən necə istifadə olunur? Şəffaflıq mümkün ola bilirmi?

Suallarımızı cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, valideynlər məktəbə könüllü ianə edə bilərlər:

“Məktəbə lazım olan bütün resurslar dövlət tərəfindən pulsuz olaraq verilir. Amma bəzən çatmayanlar olur. Misal üçün, hansısa bir məktəbə KSQ, BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paçka A4 göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyacı yaradır. Müvafiq məktəb yeni A4 vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Və ya lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb, mövcud resursu bitirə bilər”. 

Ekspert əlavə edib ki, valideynlərin könüllü ödədiyi vəsait yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər:

“Təkrar qeyd edirəm ki, qanunvericilikdə də qeyd olunur ki, məktəblərə ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hal-hazırda bunun mexanizmi yoxdur. Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belə olduğu təqdirdə, bütün ianələr korrupsiya formasında deyil, leqal yollarla tənzimlənə bilər”.

Bəs, dünya təcrübəsində sözügedən ödənişlər necə xərclənir? Şəffaflığı təmin etmək mümkündürmü?

K.Əsədov bildirir ki, təcrübəyə görə, belə təşkilatlara yığılan vəsaitlər, üzvlük haqları məktəblərdə şəhidlərlə bağlı guşələrin yaradılmasına, yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və s. xərclənir:

“Bunun isə şəffaf hesabatını kim tələb etsə, təqdim edilə bilər. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da belə var. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu məcburi deyil və nağd pul almaq formasında həyata keçirilmir. Təşkilata üzvlük könüllü olmalı, heç bir halda nağd şəkildə valideynlərdən pul tələb edilməməlidir. Təşkilatın hesabı olmalı, valideynlər üzvlük haqqını həmin hesaba köçürməlidirlər”.

Brifinqdə nazirə verilən suallardan biri də bu idi ki, məktəblərə şagird qəbul olunanda, onların adıçəkilən assosiasiyalara qəbul edilməsi şərt kimi qoyulur. Bu məsələ əslində necə olmalıdır?

Təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün dünyanın bütün ölkələrində valideynlərin məktəbə bu cür təşkilatlar vasitəsilə müəyyən maddi dəstək verməsi məsələsi var, amma bunun mexanizmləri də var:

“Təhsil naziri də çıxışında bildirdi ki, bu qanunauyğun və şəffaf olmalıdır. Yəni, bu gün Müəllim-Valideyn Assosiasiyasından söhbət gedirsə, valideynlər buraya könüllü şəkildə üzv ola bilərlər. Heç bir valideyn məcburi şəkildə sözügedən assosiasiyaya üzv edilə bilməz”.

Ekspert qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanuna görə, üzvlük üçün ancaq nağd olmadan ödəniş edilməlidir:

“Nazir də bildirdi ki, Müəllim-Valideyn Assosiasiyası dövlət təşkilatı deyil, QHT-dir. Və bu, məktəbdə yaradılmır, məktəbin valideynləri könüllü şəkildə ora daxil olurlar. Ora qəbul üçün isə kimsə məcbur edilə bilməz. 

Təbii ki, nazir qeyri-qanuni məsələlərə də toxundu və bildirdi ki, bura kimsə zorla üzv edilə bilməz, məktəb adı ilə pul yığa bilməz. Həmçinin məktəb direktoru və ya işçilərinin assosiasiyasının işinə qarışmasının da yolverilməz olduğunu vurğuladı”.

E.Qafarov son olaraq bildirib ki, Azərbaycanda təhsil müəssisələrində baş verən qanunsuzluqlar, boşluqlar məhz düzgün qanunların olmamasının, olan qanunların isə normal həyata keçirilməməsinin nəticəsidir.

Sözügedən müzakirələrə deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev də qoşulub. 

E.Əliyev sosial şəbəkə hesabındakı paylaşımda imkanlı məzunları bitirdikləri orta məktəblərə dəstək olmağı səsləyib:

“Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkat dünyada geniş yayılıb. Biz də sadəcə, elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub. İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər”.

Deputat qeyd edib ki, bəzi məktəblərin direktorları sinif otaqlarını və idman zallarını icarəyə verir:

“Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs, bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsaydı, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyərdi”.

***

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 34-ü maddəsi Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələrinə həsr olunub. 

Həmin maddənin 34.1.4. bəndində qeyd edilib ki, valideynlərin təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prоsesinin təkmilləşdirilməsi və maddi-teхniki bazasının yaхşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək kimi hüquqları var.

Həmçinin qanunun Təhsil müəssisəsinin maliyyələşdirilməsinə həsr olunan 38-ci maddənin 38.2 bəndində təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malik olması qeyd edilib.

Vurğulanıb ki, bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.(pressklub)

Şəfəq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam