Yenixeber.org: Azərbaycan ictimaiyyətinin yaxından izlədiyi “Tərtər işi” yeni yaradılan istintaq qrupu tərəfindən araşdırılır, artıq istintaq hərəkətlərinə start verilib. APA-nın yaydığı məlumata görə, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı bildirilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.
“Tərtər işi”:
2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin ölkəyə xəyanət etdikləri və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan xüsusi xidmət orqanlarının Bakı şəhərində, ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb və məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib.
Bu sensasiyalı cinayət işinin yenidən, obyektiv, qərəzsiz araşdırılmasına ciddi ehtiyac vardı: həm ordu daxilində dövlətə xəyanət edərək düşmənə işləyən şəbəkənin tam olaraq aşkara çıxarılması, həm də bu mühüm dövlət vəzifəsini yerinə yetirmək əvəzinə, onu ciddi qanun pozuntuları, işgəncə və qətllərlə kölgələyən vəzifəli şəxslərin cəzalandırılması eyni dərəcədə cəmiyyətin tələbi idi. Amma 2017-ci ilin mayında istintaqın gedişində baş verən dəhşətli hadisələr dövlətə xəyanət kimi ağır cinayət əməlini arxa palana atıb. Cəmiyyət zərərçəkənlərin və onların yaxınlarının qandonduran ifadələrini müzakirə edir və etirazını bildirir.
Bu hadisə ölkə miqyasından çıxaraq beynəlxalq təşkilatların da diqqətini çəkib. 2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib. Sənəd müəllifləri “Tərtər işi”ndə işgəncə faktları ilə əlaqədar araşdırmanın zəruriliyini söyləyiblər. “Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, bir çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb. 25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin onlara dəyən zərərə görə kompensasiya ödənilməyib”, – deyə sənəddə bildirilir.
Bu il noyabrın 1-də Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bəyan edib ki, “Tərtər işi”ndə 100-dən çox şəxsə qarşı müxtəlif formada fiziki zorakılıq həyata keçirilib. Onun dediyinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da, sonradan təqsirsiz olduqları aşkar edilib: “Ona görə də, həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub”.
Lakin dekabrın 17-də ölkə rəhbərliyi ictimai etirazları nəzərə alaraq cinayət işinin yenilənməsi haqqında qərar verib. Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda deyilir ki, cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib:
“Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. Prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik baş prokurorun birinci müavininə tapşırılıb”.
İstintaq qrupundan gözləntilər təkcə hərbçilərə işgəncə verən şəxslərin məsuliyyətə cəlb edilməsi deyil. Çünki ictimaiyyətdə bu cinayət işinin obyektiv araşdırılaraq dövlətə xəyanət edənlərin heç də hamısının cəzalandırılmadığı barədə də rəy var. İddialar var ki, bəzi şəxslər yuxarı komandalıqdakı əlaqələrindən istifadə edərək məsuliyyətdən yaxa qurtarıblar.
\Hüquqşünas Hafiz Həsənov bildirdi ki, “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupunun yaradılması düzgün addımdır. Onun sözlərinə görə, bu işin obyektiv və ədalətli araşdırılmadığı barədə cəmiyyətdə rəy formalaşıb və işin araşdırılması üzrə yeni istintaq qrupunun yaradılması sosial sifarişdir:
“İndiki halda yeni istintaq araşdırmaları obyektiv və hərtərəfli aparılarsa, bu cinayət işi üzrə həm cinayət törətmiş şəxslər, həm də törədilmiş cinayət əməlləri ilə bağlı ortaya xeyli yeni açılmış hallar çıxa bilər. Belə olan halda, işə prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluq tərəfindən Cinayət Prosessual Məcəllənin 464-cü maddəsinə uyğun olaraq bu işin əvvəlki istintaq materialları üzrə çıxarılmış məhkəmə hökmünə yeni açılmış hallar üzrə baxılması üçün Ali Məhkəməyə ərizə verilə bilər. Sonrakı mərhələdə Ali Məhkəmənin Plenumu həmin Məcəllənin yeni açılmış hallar üzrə icraata dair müddəaları əsasında işə baxa bilər və əvvəlki məhkəmə hökmünü ləğv edib, işi təkrar baxılması üçün aşağı məhkəmələrə göndərə bilər”.
“Tərtər işi” ilə bağlı aparılan ictimai kampaniyanın fəallarından olan Ərəstun Oruclu bildirdi ki, cinayət işi ilə bağlı birgə istintaq qrupunun yaradılması müsbət haldır:
“Ən azı ona görə ki, buna qədər aparılmış istintaq düzgün olmayıb, əsl cinayətkarları üzə çıxarmayıb. Mən Hərbi Prokurorluğun vaxtilə apardığı istintaq hərəkətlərini nəzərdə tuturam. Bu gün ictimai reaksiyaların qarşılığında dövlətin addım atması müsbət haldır. Demək, cəmiyyətlə dövlət arasında əlaqə tam itməyib”.
Ekspert əlavə etdi ki, istintaqın gedəcəyini nəzərə alıb, bu barədə proqnoz vermək fikrində deyil. Onun sözlərinə görə, hər şey gedişatdan asılı olacaq:
“Hesab edirəm ki, istintaq şəffaf getməlidir və bu barədə cəmiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Çünki Tərtər qətliamı təkcə insanlığa deyil, həm də dövlətə və dövlətçiliyə qarşı törədilmiş cinayətdir. Eyn zamanda, Azərbaycan xalqının qürurunu, heysiyyatını təhqir eləmiş bir cinayət əməlidir”.
Ə.Oruclu hesab edir ki, kimlərinsə cəzalandırılması ilə kifayətlənmək olmaz:
“Həmin cinayət zamanı yüzlərlə hərbçi işgəncələrə, fiziki, mənəvi, psixoloji təzyiqlərə məruz qalıb. Dağılmış, maddi məhrumiyyətlərə düçar olmuş nə qədər ailələr var, onlara təzminat ödənilməlidir. Cinayətkarların hamısı bəllidir, medianın, ictimai fəalların sayəsində bütün cinayətkarlar tapılaraq üzə çıxarılıb. Onların adları yüzlərlə zərərçəkmişin öz dillərindən səsləndirilib. Bidliyimə görə, hüquq-mühafizə orqanlarının bəziləri bu materialları diqqətlə izləyib və toplayıb”.
Ə.Oruclunun sözlərinə görə, burada söhbət həm də zərərçəkmişlərin hüquqlarının bərpasından getməlidir. Yəni təmiz adın qaytarılması və işə bərpa, dəymiş maddi ziyanın təzminat şəklində ödənilməsi, fiziki sağlamlıqlarına vurulan zərbələrin aradan qaldırılması vacibdir. Ekspert qeyd etdi ki, materialların Hərbi Prokurorluqdan alınması doğru qərardır:
“Hesab edirəm ki, bu qurum haqqında da çox ciddi təhqiqat aparılmasına ehtiyac var. Çünki “Tərtər işi” Azərbaycan ordusuna qarşı törədilən cinayətlərdən yalnız biridir. Burada Hərbi Dəniz Donanmasının dağıdılması işi, 2007-2008-ci illərdə yüzlərlə ordu nümayəndəsinə atılan böhtanlar da var. Bu gün 150-dək hərbçi həbsxanalarda cəza çəkir. “Tərtər işi” ilə bağlı tutulanlar cəmi 25 nəfərdir, 125 nəfər isə başqa işlər üzrə – casusluq, xəyanət və s. cinayətlərə görə tutulublar. Hesab edirəm ki, Hərbi Prokurorluğun apardığı bütün işlər yenidən araşdırılmalıdır. Kimlərinsə məsuliyyətdən yayındırılması, kənarda saxlanması bu cinayət işinin bu dəfə daha güclü şəkildə ictimai müzakirəyə qayıtmasına səbəb olacaq”.
Təhlükəsizilik sahəsi üzrə ekspert İlham İsmayıl xatırlatdı ki, “Tərtər işi” Tərtər rayonu və başqa cəbhəyanı ərazilərdə vətənə xəyanət faktlarına görə başlayıb. Lakin o, təəssüflə vurğuladı ki, bu faktların araşdırılması zamanı qanunsuzluqlara yol verilib, işgəncə tətbiq edilib və bundan xeyli sayda zərərçəkənlər var, işgəncələr nəticəsində 11 nəfərin öldürüldüyü barədə məlumatlar yayılıb:
“Bu gün vətənə xəyanət faktını tamamilə inkar edən qüvvələr var. Xüsusi olaraq, Müdafiə Nazirliyində müəyyən neqativ halları böyütmək üçün döyüşən generallar haqqında qərəzli fikirlər yayırlar. Çox təəssüf ki, istintaqı aparan Hərbi Prokurorluq da bu barədə məlumat vermir. Onlar həmin şəxslərin ailələrinə zərər gələcəyini nəzərə alıb, istintaq sirrini yaymasalar da, müəyyən məlumatlar verilməlidirlər ki, spekulyasiyalara son qoyulsun. Çünki belə bir rəy var ki, vətənə xəyanət faktı olmayıb, yalnız işgəncələr vasitəsilə insanların bu cinayətdə iştirakını onların boynuna qoyublar”.
İlham İsmayıl hesab edir ki, yeni yaradılan istintaq qrupu təkcə işgəncə faktlarını deyil, vətənə xəyanət faktlarını da ortaya qoymalıdır:
“Cəmiyyət görsün ki, bu qanunsuzluqlar da baş verib. İstintaq qrupu dolğun olmasa da, həmin şəxlsərin adlarını şərti göstərməklə, onların hansı şəraitdə, nəyin müqabilində düşmənlə əməkdaşlıq etdikləri barədə cəmiyyətə məlumat verməlidir. Bu məlumatlar verilmədikcə, sosial şəbəkələrdə və müəyyən kanallarda şayiələr yayılmaqda davam edəcək. İstintaq zamanı zərəçəkənlərlə bağlı yeni faktlar ortalığa çıxacaqsa, yeni şəxslər məsuliyyətə cəlb olunacaqlar”.(pressklub)
Turqut