Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Hər iki halda buradan çıxacam: ya ölü, ya diri…”

Gədəbəyin sabiq icra başçısı, AXCP üzvü Saleh Rüstəmli həbsinin qanunsuz olduğunu bildirərək aclıq aksiyası keçirir

Yenixeber.org: 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Saleh Rüstəmli 10 gündən çoxdur ki, həbsdə aclıq edir. Üç il yarım qanunsuz həbsdə saxlanılmasına etiraz edən S.Rüstəmli “hər iki halda buradan çıxacam: ya ölü, ya da diri…”, – deyə söyləyib. O, noyabrın 6-da aclığa başlayandan sonra 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bacı və qardaşları noyabrın 15-də onunla görüşüb aclığı dayandırmasını xahiş etsələr də, onu fikrindən daşındırmaq mümkün olmayıb.

Bu barədə redaksiyamıza məlumat verən oğlu Sezgin Rüstəmov bildirdi ki, 10 günlük aclıq atasının səhhətində ciddi problemlər yaradıb: “Atamın vəziyyəti pisdir. Çox halsızdır, çətinliklə danışır. Aclıq nəticəsində immuniteti zəiflədiyi üçün bədənində dəhşətli ağrılar başlayıb, yata da bilmir…

Vəkil Bəhruz Bayramov da müvəkkilinin durumunun ağır olduğunu deyir. Onun sözlərinə görə, Saleh Rüstəmli artıq hərəkət etməkdə də çətinlik çəkir: “Axırıncı dəfə noyabrın 14-də onunla görüşmüşəm. Vəziyyəti heç yaxşı deyildi. Onu halsız vəziyyətdə gördüm. Çətinliklə hərəkət edir”.

Ombudsman Aparatından bildirilib ki, məhbusun durumunu diqqətdə saxlayırlar. Noyabrın 14-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun nümayəndələri onunla görüşüblər.

Norveç Helsinki Komitəsi noyabrın 15-də bəyanat yayaraq Azərbaycan hakimiyyətini Saleh Rüstəmlini azad etməyə çağırıb. Təşkilat vurğulayıb ki, Xalq Cəbhəsi Partiyasının üzvü olan S. Rüstəmli məhz siyasi motivli həbsinə etiraz olaraq aclıq edir. “O, 2019-cu ildə ədalətsiz və siyasiləşmiş məhkəmə prosesi nəticəsində, hakimiyyətin tənqidçi fəalları rahatlıqla həbs etmək üçün tez-tez istifadə etdiyi qanunsuz sahibkarlıq, narkotik cinayətlərində əsassız yerə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Rüstəmli siyasi məhbus ailələrinə yardım üçün vəsait toplayırmış. Həbsindən sonra polis onu 17 gün ətraf aləmdən təcrid vəziyyətində saxlayıb, vəkillə görüşünə əngəl yaradıb. Saleh Rüstəmli məhkəmədə polislərin onu bir neçə gün döyməsi, etiraflar etməsi üçün təzyiq göstərməsi barədə danışıb. Ona qarşı qeyri-insani rəftarla bağlı şikayətlər verilsə də, heç bir araşdırma aparılmayıb”, – deyə bəyanatda qeyd olunub.

1998-ci ildə ağır xəstə olan övladının müalicəsi ilə əlaqədar Rusiyaya gedən Saleh Rüstəmli o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. Rusiyada kiçik bizneslə məşğul olan sabiq icra başçısı həm də bu ölkənin vətəndaşıdır. O, 2018-ci ilin mayında Azərbaycanda olarkən – qardaşı və onun həyat yoldaşıyla birlikdə avtomobildə gedəndə Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən S.Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər. Bu müddətdə Saleh Rüstəmlidən AXCP-yə pul göndərməsi, Vidadi Rüstəmlidən də əmisinin göndərdiyi pulları cəbhəçilərə çatdırması barədə ifadələrə imza atmaq tələb olunub.

Daha sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda deyilib ki, Saleh Rüstəmli, qardaşı oğlu və 3 nəfər cəbhəçi çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. İttihama əsasən S. Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edib. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən 2i il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə S.Rüstəmlinin cəzasını 2 ay azaldıb. Məhkəmənin hökmündə onun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb. Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Qeyd edək ki, Saleh Rüstəmli Birinci Qarabağ Müharibəsində uğurlu əməliyyatlardan biri hesab olunan Başkənd əməliyyatında rolu olan məsul şəxslərdən biridir. Bu əməliyyat Başkənd qəsəbəsinin Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi, Mutudərə və Qasımağalı kəndlərinin işğaldan azad edilməsi ilə nəticələnib.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam