Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Tərtər “uçurumu”:Vəliyevin dedikləri və demədikləri…

                         Ekspertlər dövlət komissiyasının yaradılmasını zəruri sayırlar 

Yenixeber.org: Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin “Tərtər işi” ilə bağlı növbəti açıqlaması ölkədə rezonans doğurub. O, bildirib ki, 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib. 

Xatırladaq ki, 2016-cı ili aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsi prosesi “Tərtər işi” adlandırılır. Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbiçilərin istintaqa cəlb edilməsi onların Ermənistan xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinməsi ilə əsaslandırılmışdı.

2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2018-ci ildə – hüquq müdafiəçiləri həmin vaxt baş verənləri üzə çıxarandan sonra xəbər tutmağa başlayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 11 nəfər işgəncə nəticəsində ölüb. Hadisə şahidlərinin ifadələrində, məhkəmə ekspertizası materiallarında təqsirləndirilənlərin ağlasığmaz işgəncələrə məruz qaldığı bildirilir.

Xanlar Vəliyev müsahibəsində deyib ki, yalnız təqsirləndirilən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib: “Biz istintaqın gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən etdik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub”.

O, qeyd edib ki, belə hallar əvvəllər də olub: “Belə şəxslərə qarşı mübarizə aparılıb, onlar cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə məsuliyyətinə verilib. Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı. “Tərtər işi”ndə təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apelyasiya şikayəti verdi. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb”.

X. Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər ayrı-ayrı şəxslərə qarşı fiziki zorakılıqlar həyata keçirilib:

“Nəticədə, biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi. Şəxsən özüm, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə getdik. Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqada həkimlər gəldi. Oradakı şəxsləri müayinə etdi və hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı”.

Xatırladaq ki, bu, Xanlar Vəliyevin “Tərtər işi” ilə bağlı ilk açıqlaması deyil. O bu ilin aprelin 16-da yerli saytların birinə açıqlamasında hərbçilərə qarşı işgəncələr verilməsi barədə iddiaları qəbul etmədiyini demişdi: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Hərbi Prokurorun işgəncə faktlarını etiraf etməsi necə qiymətləndirilməlidir? Bu cinayətdən zərərçəkmiş şəxslər dövlət qarşısında hansı tələblərlə çıxış edə bilər?

“Tərtər işi” ilə bağlı mediada və sosial şəbəkələrdə silsilə məqalələrlə çıxış etmiş politoloq Ərəstun Oruclu bildirib ki, Xanlar Vəliyevin açıqlamaları ilk öncə onun vəziyyətinin ağır olmasından xəbər verir: “Bu fakt göstərir ki, törədilmiş cinayətlər dövlət və hakimiyyət orqanları tərəfindən araşdırmaya götürülüb. O, hazırda çabalayır, çalışır ki, bu cinayəti hansısa ordu, birlik komandirlərinin üzərinə atsın, özünü təmizə çıxarsın. Guya Xanlar Vəliyev işgəncə altında olan hərbçiləri xilas edib. O qədər məntiqsiz danışıb ki, özü-özünü təkzib edir”. 

Ə.Oruclu Hərbi prokurorun açıqlamasındakı bir neçə detalı xüsusi ilə qeyd edib: 

“Xanlar Vəliyev deyir ki, Hərbi Prokurorluq işə qarışanadək bir nəfər işgəncədən həyatını itirib. Gəlin, bir anlıq onunla razılaşaq. Amma “Tərtər işi”ndə rəsmi şəkildə təsdiqlənib ki, 11 nəfər həlak olub. Belə çıxır ki, qalan 10 nəfər Hərbi Prokurorluq işə başlayandan sonra vəfat edib. 

Xanlar Vəliyev Azərbaycan Ordusuna vurduğu zərbəni ört-basdır etmək üçün müharibədə əldə olunan qələbəni öz ayağına yazmağa cəhd edir. İddia edir ki, Tərtər qətliamı baş verməsəydi, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə qazana bilməzdi. Bu iddianın cavabını artıq hakimiyyət verməlidir”.

Politoloq daha sonra bildirib ki, Xanlar Vəliyevin “Tərtər işi”nin Azərbaycan ordusu qələbə qazandıqdan sonra gündəmə gəldiyi barədə dedikləri də absurddur: “Bu cinayətlərlə bağlı mən hələ 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlindən yazmağa başlamışam. O zaman mediada qətllər haqqında məlumatlar var idi. O, daha əvvəl də özünü təmizə çıxarmağa cəhdlər edib, gah həkimləri, gah da şantaj, təzyiq yolu ilə ələ aldığı hərbçiləri mediada danışdırıb. Amma görünür, bu cəhdləri səmərəsiz olub, özü məcbur olub danışdı”. 

Hüquqşünas Hafiz Həsənov deyib ki, Xanlar Vəliyevin bu açıqlamaları hər şeydən əvvəl ölkədə insan hüquqlarının, qanunun aliliyinin və hüquq sisteminin hansı vəziyyətdə olmasının göstəricisidir. Onun sözlərinə görə, bu açıqlamalar həm də işgəncə faktlarının rəsmi etirafıdır, baxmayaraq ki, bu cür faktlar rəsmilər tərəfindən indiyədək bir qayda olaraq inkar edilib: 

“Baş verənlər eyni zamanda, dövlət qurumlarındakı özbaşınalıq hallarının göstəricisidir. Bütün bunlardan isə xeyli insan öz həyatlarını və sağlamlıqlarını itirib, ailələr məhv edilib və ümumilikdə cəmiyyət sarsıntılar keçirib”.

H. Həsənov hesab edir ki, “Tərtər işi”ndə baş verənləri yalnız bir qrup şəxsin cinayəti kimi qiymərləndirmək düzgün olmaz. “Burada insanlığa sığmayan həyat və sağlamlıq əleyhinə cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etmə, qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama kimi cinayətlərlə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə səhlənkarlığı kimi cinayət əməlləri də var”, – deyə o vurğulayıb. 

Hüquqşünas əlavə edib ki, bu iş ayrı-ayrı epizodlar üzrə deyil, kompleks şəkildə araşdırılmalıdır: “Bunun üçün isə, ali hakimiyyət orqanları səviyyəsində “Tərtər işi”nin araşdırılması üzrə xüsusi dövlət komissiyası yaradılmalı və bu komissiya tərəfindən hərtərəfli araşdırma aparılmalı, bu iş üzrə əməlində cinayət olan və bu cinayət əməllərindən zərərçəkən bütün şəxslər müəyyən edilməlidir. Bu proseslə parallel olaraq hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən bütün təqsirkar şəxslər məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır”. 

Hafiz Həsənov bildirir ki, bunlarla yanaşı zərəçəkən şəxslərin və onların hüquqi varislərinin hüquqlarının müdafiəsi təmin edilməli və onara kompensasiyalar ödənməlidir. “Təbii ki, bu proseslərdə zərərçəkmiş şəxslər və onların hüquqi varisləri də fəal olmalıdırlar”,-deyə hüquqşünas vurğulayıb.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam