Yenixeber.org: Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov məhkəməyə verilib. Səbəb isə vaxtilə “Bank Standard”dan götürülmüş 77 milyon 750 min manatlıq kreditin qaytarılmamasıdır. Bu kredit Şahin Mövsümovun təsisçisi olduğu “AS Group Investment”ə ayrılıb. Ona görə də iddia ərizəsində Şahin Mövsümovla yanaşı, digər təsisçi İzolda Mövsümova, həmçinin, şirkət özü də cavabdeh qismində göstərilib.
İddiaçı tərəf isə “Bank Standard”ın lisenziyası ləğv olunandan sonra əmanətlərin qaytarılması və kreditlərin qaytarılmasıyla məşğul olan ləğvedici – Əmanətlərin Sığortalanması Fondudur. Bu qurum Mövsümovlardan kredit və faizlərinin qaytarılmasını tələb edir. Bu üzdən iddiaçı tərəfinin tələb etdiyi məbləğ 100 milyon manat civarındadır.
Sahibkarlığın İnkişafı Fondu məhkəmə prosesinə maraqlı şəxs qismində cəlb olunub.
Tərəflər arasındakı mübahisəni iyulun 17-də Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundova araşdırmağa başlayacaq.
Xatırladaq ki, “Bank Standard”ın lisenziyası 2016-cı ildə ləğv edilib. Bu banka əmanət qoymuş vətəndaşlar var ki, 5 il keçsə də, indiyədək pullarını ala bilməyiblər. Bir neçə il əvvəl əmanətçilər pullarının qaytarılmamasına görə etirazlara başlayanda bu bankdan on milyonlarla kredit götürüb, qaytarmayan şəxslərlə bağlı məsələ gündəmə gəlmişdi. Hələ 2017-ci ildə onların sırasında Şahin Mövsümovun da adı çəkilirdi. Qeyd olunmuşdu ki, Şahin Mövsümova 100 milyon manatlıq kredit heç bir girov təminatı olmadan verilib.
Lakin “AS Group Investment” şirkəti borc məbləğinin 100 milyon yox, 77 milyon 750 min olduğunu, həmçinin, kreditin girov müqabilində verildiyini açıqlayıb:
“Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə heç bir bank girovsuz kredit verə bilməz. “AS Group Investment” də banklarla münasibətini girovlu kreditlər əsasında qurub. Lakin bildirmək istəyirik ki, şirkətlər qrupunun sözügedən banka olan kredit borcunun məbləği xəbər saytlarında qeyd olunan qədər deyil, 77 milyon 750 min manatdır. Bu vəsaitin götürülməsi üçün isə şirkətə və sahibkara aid ümumi dəyəri kredit məbləğindən bir neçə dəfə çox olan torpaq sahələri, mənzil, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksləri girov qoyulub”.
İndi isə məlum olur ki, kredit hələ də qaytarılmayıb. Bu üzdən Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıb.
2019-cu ilə qədər “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri olmuş vəkil Əkrəm Həsənov bildirdi ki, bu banka ən böyük kredit borcu olan Şahin Mövsümov və təsisçisi olduğu şirkətdir. Onun sözlərinə görə, bu kreditin müqabilində bir sıra daşınmaz əmlakların girov qoyulması şirkətin bəyanatında qeyd olunsa da, ortada heç bir fakt-sübut yoxdur:
“Kreditorlar Komitəsinin sədri kimi, mənim sənədlərə çıxışım vardı. Mən sənədlərdə bu kreditə görə qanunvericiliyə uyğun rəsmiləşdirilmiş girov görməmişdim. Ona görə də bəyanatı mediada görəndən sonra – 2017-ci il sentyabrın 19-da Şahin Mövsümova məktub yazdım. Qeyd etdim ki, bəyanatda heç bir bankın girovsuz kredit vermədiyini yazmısınız, amma bu, yanlışdır. “Bank Standard”ın kreditlərinin 60 faizi girovsuz olub. Bəyanatda yazmışdılar ki, “biz ictimaiyyət üçün hər zaman açığıq”. Mən də bildirdim ki, məsələ ilə ən çox maraqlanan ictimaiyyət bizim komitədir. Məlumat verin, biz də bilək ki, konkret hansı daşınmaz əmlaklardan söhbət gedir, nə vaxta ödəməyi planlaşdırırsız və s. Mənim məktubuma cavab verilmədi…”
Bankın Kreditorlar Komitəsinin sabiq sədri borcun cəmi 77 milyon 750 min manat olması haqda bəyanatda göstərilənlərin də doğru olmadığını vurğuladı: “Bu, əsas borc məbləğidir, faiz də var axı. Bank krediti faizsiz verə bilməz ki…”
Əkrəm Həsənov qeyd etdi ki, bankın lisenziyası ləğv olunanda orada pulu olanlar arasında sıravi vətəndaşlarla yanaşı, Dövlət Neft Şirkəti, “Azercell” kimi böyük şirkətlər də vardı:
“Bankda vətəndaşların 400 milyondan çox, şirkətlərin isə təxminən 600 milyon pulu qalmışdı. Ümumilikdə 1 milyard manatdan çox idi. Mənim sədrlik etdiyim komitənin fəaliyyəti həm də ləğvedicinin işinə nəzarət etmək idi. Mənim işim bu idi ki, böyük həcmdə borcu olanların adlarını açıqlayıb, onlara qarşı təcili məhkəmə işləri başladılsın. Mən sənədləri görürdüm, amma bank sirri olduğuna görə banka böyük məbləğdə borcu olub, ödəməyənlərin adlarını ictimaiyyətə açıqlaya bilməzdim. Həmin ərəfədə mediada yayıldı ki, “Bank Standard”a ən çox borclu olanlardan biri Şahin Mövsümovun şirkətidir. O zaman mən Əmanətlərin Sığortalanması Fondu qarşısında məsələ qaldırmışdım ki, necə olur, 1000 manat kredit borcuna görə dərhal vətəndaş məhkəməyə verilir, amma 100 milyona görə yox? Təəssüf ki, o dövrdən bu yana Fond bu istiqamətdə heç bir addım atmadı. Mən onlarla kəskin münasibətdə idim…”
2020-ci ilin mayında Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olub. Prezidentin sərəncamıyla Tural Piriyev Fondun icraçı direktoru təyin edilib. Ə. Həsənov hesab edir ki, bu təyinatdan sonra qurumun fəaliyyətində xeyli müsbət dəyişikliklər var. Onun sözlərinə görə, Şahin Mövsümov kimi böyük borcu olan şəxslərə qarşı məhkəmə iddialarının qaldırılması da müsbət addımlardandır.
“O banka ən çox borclu olan “Az Investment Group”dur. Amma onun kimi iri borcu olan başqaları da çoxdur. Düzdür, onlarda nisbətən daha aşağı məbləğdir – 15-20 milyon. Maraqlı məqamlardan biri də belə böyük həcmdə kredit verilmiş şəxsləri heç kimin tanımamasıdır. O siyahıda “AS Investment Group” yeganədir ki, kimin olduğu bəllidir. O birilər elə adlardır ki, onları nə mən tanıyıram, nə ictimaiyyət. Mən belə nəticəyə gəldim ki, o adamlar sadəcə, görüntüdür. Yəni formal olaraq, kredit bu adamların adına ayrılıb, vəsaiti götürən, istifadə edən isə başqasıdır. Ola bilsin, kiminsə sürücüsünün, kiminsə bir başqa işçisinin adına ayrılıb, özü istifadə edib”.
Qeyd edək ki, Şahmar Mövsümov 2019-cu ildə prezidentin köməkçisi, eyni zamanda, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Buna qədər isə 13 il Azərbaycan Dövlət Neft Fonduna rəhbərlik edib.(pressklub)
Gülər