Yenixeber.org: Azərbaycanda bu il yanvarın 4-dən etibarən yanacağın qiyməti 11 faiz, fevralın 1-dən isə suyun qiyməti 100 faiz bahalaşıb. Ekspertlər bunun mal və xidmətlərin maya dəyərinə təsir edəcəyini, ölkədə bahalaşmanın vüsət alacağını proqnozlaşdırmışdılar. Bu gün marketlərdə əksər ərzaq məhsullarının qiymətində 15-40 faiz arasında artım var. Gündəlik tələbat mallarının, tikinti materiallarının qiymətləri, nəqliyyat xərcləri kifayət qədər artıb.
Nəticədə Azərbaycan ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksinin artımına görə ilk pilləyə yüksəlib. Bu barədə MDB Statistika Qrumunun açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, bunun başlıca səbəblərindən biri mədən sənayesi bölməsində istehsal olunan məhsulların bahalaşmasıdır. İstehlak qiymətləri indeksinə gəlincə, Azərbaycanda 1-ci rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub.
Əhali bahalaşmadan narazı və narahatdr. Bayıl qəsəbəsi, 20-ci sahədə yaşayan Vladimir Abasov “Press Klub”un əməkdaşına bildirib ki, aldığı təqaüd ərzaq, siqaret və gündəlik tələbat mallarına çatmır:
“Uzun müddət toxucu kombinatında çalışımışam, ayda 291 manat təqaüd alıram, şəkər və təzyiq xəstəsiyəm. Əvvəl pensiyamın yarısını ərzaqa xərcləyirdimsə, indi onun üzərinə daha 50 manat əlavə etməyə məcburam. Yağ, şəkər, qənd, meyvə, un məhsulları da xeyli bahalaşıb. Meyvə alıb, yemək olmur. Evdə dörd nəfərik, hamımızın səhhətində problemlər var. Bilmirəm, aldığım pulu yeməyə, yoxsa, dərmanlara verək…”
Səhman Rəsulov isə paytaxta rayondan gəlib, bildirdiyinə görə, uzun illər kirayədə yaşayıb, tikintilərdə ustalıq edib:
“Pul yığıb, Ramana qəsəbəsində torpaq almışam. İstəyirəm, yavaş-yavaş birotaqlı da olsa, ev tikəm, ailəmi ora köçürəm. Kənddə iş, dolanışıq yoxdur, pay torpağımızı da satmışam. Amma belə görünür, Bakıda ev sahibi olmaq bizim kimi insanlara qismət olmayacaq. Çünki tikinti materialları hədisz bahalaşıb. Əvvəl sementin bir kisəsinin 6-6.50 manata alırdıqsa, hazırda 8-8.50 manatdır. Taxtanın bir kubu 5 ay əvvəl 330 manat idisə, hazırda 400 manatdan bahadır. Qum, mişar daşı, kərpic, bir sözlə, hər şey bahalaşıb…”
Dərnəgüldə tikinti materialları satan Əlişir Qasımov isə bahalaşmanın səbəbini belə izah edir:
“Azərbaycana tikinti materialları əsasən Rusiyadan və İrandan gəlir, başqa ölkələrdən də idxal var, amma o qədər də çox deyil. Mal istehsal yerində bahalaşıb, daşınma xərcləri, gömrük rüsumları da əvvəlkinə nisbətən yüksəkdir. Biz də qiymətləri qaldırmağa məcburuq”.
Ə. Qasımlı deyir ki, müharibə dövründə və ondan sonra tikinti bazarında alver öləziyib: “Camaat bir tikə çörək qazanmaq hayındadır, kimdir ev tikən, təmir edən… Ancaq varlı məmurlar, biznesmenlər bununla məşğuldur, onlar da bu bazara gəlmirlər, Avropadan özləri sifariş edib, gətirdirlər”.
İqtisadçı Nemət Əliyev bildirdi ki, MDB Statistika Komitəsi mövcud reallıqları təsbit edib. Onun sözlərinə görə, Azərbaycanda qiymət artımını hamı öz “canında” hiss eləsə də, təəssüf ki, hökuməti bunu qəbul etmək istəmir və hələ də xalqın gözünə kül üfürür:
“Bahalaşmanın çox səbəbləri var, lakin daha çox təsir edən səbəblər Gömrük Komitəsinin özbaşınalığı, Nazirlər Kabinetinin vergi yükünü əsassız yerə qaldırması və bu üzdən idxal mallarının yüksək səviyyədə bahalaşması, inhisarçılıq, haqsız rəqabət, korrupsiya, yararsız idarəetmə və sairdir”.
N. Əliyev qeyd etdi ki, DSK-nın açıqladığı rəsmi məlumatlara əsasən, bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nəzərən idxal mallarının qiyməti 27 faizə yaxın artıb:
“İdxal mallarının Azərbaycan bazarlarında yüksək paya malik olması, heç şübhəsiz ki, öz sözünü deyir. Əgər sadəlik üçün bu payı 50 faiz qəbul etsək, o zaman yalnız idxaldakı bahalaşma ümumi əmtəə bazarını azı 13-14 faiz bahalaşdırar. Ötən bir ildə yerli malların bahalaşmasını da bura əlavə etsək, bu faiz göstəricisinin nə dərəcədə yüksək olduğunu hər kəs təsəvvür edə bilər. Belə biabırçı vəziyyət sadə xalqı var-yoxdan çıxarır və həyat səviyyəsini kəskin şəkildə pisləşdirir. Odur ki, yüksək bahalaşmanı şərtləndirən əsas səbəblər aradan qaldırılmayınca, əhalinin alıcılıq qabiliyyəti pisləşməkdə davam edəcək”.
İqtisadçı alim Qubad İbadoğlu da hesab edir ki, son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb:
“2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib. Qiymət artımının yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması, eləcə də idxal olunan malların bəzilərinin mənşə qiymətinin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılması şərtləndirib”.(pressklub)
Turqut