Avropa hidrogen sektorunun liderinə çevrilir- “Reuters” yazır
Dünyada nəzərdə tutulan hidrogen layihələrinin əksəriyyəti, habelə bu sahəyə yönələcək sərmayələrin böyük əksəriyyəti Avropanın payına düşəcək.
Yenixeber.org: “Hidrogen Şurası” (Hydrogen Council) işgüzar qrupunun “McKinsey” şirkətilə birgə hazırladığı hesabata əsasən, Avropa İttifaqı (Aİ) 2050-ci ilədək istilik qazının tullantılarını azaltmaq hədəfinin mühüm hissəsini hidrogen sənayesi hesabına yerinə yetirəcək və bu da cari onillik ərzində elektroliz (elektrik cərəyanı ilə müxtəlif maddələrdən hidrogen əldə etmək üsulu) qurğularının məcmu gücünü hazırkı 0,1 gVt-dan 40 gVt-a çatdırmağı nəzərdə tutur.
Aİ polad sənayesi, ağır nəqliyyat və kimyəvi maddələr sahəsində karbon qazı tullantılarını sürətlə azaltmağı qarşıya məqsəd qoyub. Hesabata görə, dünyada indiyədək açıqlanmış 228 hidrogen layihəsinin 126-sı (yarıdan çoxu) Avropanın payına düşür və əksəriyyəti də 2030-cu ilədək işə salınacaq. Bunlar daha çox bərpa olunan hidrogen texnologiyalarına, həmçinin yeraltı yanacaqdan əldə ediləcək hidrogenə əsaslanır. Sənəddə göstərilir ki, nəzərdə tutulan bütün layihələr icra olunarsa, cari onillikdə hidrogen sektoruna yatırılacaq məcmu sərmayələr 300 milyard ABŞ dollarından artıq olacaq ki, bu da enerji sektoruna yönələn sərmayələrin 1,4 faizi deməkdir. Həmin məbləğin 45 faizi də Avropanın payına düşəcək.
Hidrogen Şurasının icraçı direktoru Darril Uilson Avropanın hidrogen layihələrinə hamıdan əvvəl sərmayə yatırmağa başladıqlarını, habelə karbon neytrallığı siyasətini xatırladaraq regionun liderliyini bununla izah edib. Şuranın üzvü olan “Royal Dutch Shell Plc.”, BMW, “Microsoft Corp” və “Sinopec” kimi nüfuzlu işgüzar vahidlər 2025-ci ilədək hidrogen sektoruna yatırım həcmini 2019-cu ilə nisbətən 6 dəfə artırmağı hədəfləyir.
Sənəddə həmçinin lazımi miqdarda hidrogen istehsalının, ötürmə və saxlama infrastrukturunu yaratmağın, müvafiq bərpa olunan enerji təsisatlarını artırmağın çətinlikləri də sadalanır. Hərçənd bu hədəflər həyata keçərsə, Yaxın Şərq və s. ucuz bərpa olunan enerji mənbələrinin bol olduğu regionlarda yeraltı yanacaq mənbələrilə bərabərliyə nail olmaq mümkün ola bilər.
Xatırladaq ki, Aİ 2030-cu ilədək neft-qaz idxalını 25 faizdən artıq azaltmağı qarşıya məqsəd qoyub.