Yenixeber.org: Son günlər koronavirusa yoluxanların sayında ciddi azalma müşahidə olunur. Sərt karantin rejimindən əvvəl yoluxanların sayı gün ərzində 4 min nəfərdən çox idisə, indi bu say 1500-2000 arasındadır. Ancaq buna baxmayaraq, pandemiya davam edir və yoluxma riski də yüksək olaraq qalmaqdadır.
Mütəxəssislər hesab edir ki, sağalanların sayındakı artım gözlənilən idi.
Həkim infeksionist Vüqar Cavadzadə bildirdi ki, yoluxmaların sayının kəskin azalması sərt karantin rejiminin tətbiqi və əhalinin böyük hissəsinin bu tədbirlərə riayət etməsindən qaynaqlanır:
“Əvvəllər tətbiq edilən sərt karantin tədbirləri nəticəsində yoluxmaların sayında kəskin azalma müşahidə edilmişdi. Belə ki, birinci tətbiq edilən sərt karantin tədbirləri nəticəsində yoluxanların sayı gündəlik iyirmi nəfərə, ikinci sərt karantin tədbirləri nəticəsində 40 nəfərə qədər düşmüşdü.
Lakin sağalanların sayı artsa da, pandemiya təhlükəsinin sovuşduğunu söyləmək olmaz. Qarşıdan ilin daha soyuq ayları gəlir, koronavirus infeksiyası soyuq ayalarda daha çox artıb yayıla bilər. Bu səbəbdən insanlarımız daim profilaktik tədbirlərə, gigiyenik qaydalara riayət etməlidir, maska taxmalıdır, sosial məsafə gözləməlidir, ehtiyac olmadıqda evdən çölə çıxmamalıdır”.
Mütəxəssis bir nüansı da qeyd etdi ki, yay aylarında koronavirus infeksiyası daha çox yaşlılar arasında müşahidə edilirdisə, hazırkı durumda gənclər, hətta uşaqlar arasında da müşahidə olunur: “Əgər biz yenidən arxayın olub, profilaktik qaydalara əməl etməsək, yoluxanların sayı arta bilər. Odur ki, olduqca diqqətli olmalıyıq”.
Müsbət tendesiyalara baxmayaraq, ölüm sayı azalmır. İnfeksionist bunu virusa yoluxan insanların xəstəxanaya müraciət etməkdə gecikmələri ilə əlaqələndirir:
“Bunun əsas səbəblərindən biri xəstəxanaya müraciət edən xəstələrin içərisində ağır xəstələrin sayının çox olmasıdır. İnsanlar ev şəraitində düzgün müalicə olunmur, vaxtında həkimə müraciət etmir, özbaşına dərman qəbulları baş verir, qeyri-ixtisas həkimlərinə müraciət olunur…”
Həkim Vasif İsamayıl da deyilənlərlə razıdır. O da hesab edir ki, yoluxanların sayındakı kəskin azalma məhdudiyyətlərin tətbiqi ilə əlaqədardır:
“SMS icazənin tətbiqi, bir çox iş yerlərinin bağlanması çox effektiv oldu, bundan əvvəl də effektiv olmuşdu. Bu məhdudiyyətlərin həyata keçirilməsi dünyanın bir çox ölkələrində də öz müsbət təsirini göstərir. Belə effektivliyi onsuz da gözləyirdik. Doğrudur, bu məhdudiyyətlərin tətbiqi ilə günlük yoluxanların sayını iki həftəyə sabitləyə bildik. Bundan sonra ciddi bir eniş əldə etmişik. Aktiv yoluxmuş insan sayı 50 mindən aşağıdır. Bu, səhiyyə xidmətindəki yükü ciddi şəkildə azaldacaq. O cəhətdən məhdudiyyətlərin tətbiqi yaxşıdır”.
Farmakoloq Müşfiq Hüseynov isə xatırlatdı ki, dekabrın ortaları xəstə sayı 5 minə çatdıqda Operativ Qərargah qapanma qərarı verdi və SMS sisteminə keçdi:
“O vaxt qeyd etdim ki, qərar yanlışdır, çünki dekabrın sonlarına doğru say normala düşəcək və biz il sonunu normal rəqəmlərlə qarşılacayacağıq. Sadəcə, bir az səbr etmək lazımdır. Bu qədər əminliyin iki səbəbi vardı: birincisi, gec də olsa, maska taxma məcburiyyətinin gətirilməsi qərarıdır. Bu qərar indi yox, ilk gündən verilməli idi. Məcburi maska taxma qərarı və qayda pozanların cərimələnməsi istər-istəməz hər kəsi qorumağa başladı. İkinci səbəb isə statistikdir. Diqqətlə baxsaq, birinci dalğanın da təxminən bu tempdə getdiyi və zirvəni gördükdən sonra mütləq sönməyə başladığını görərik. Hətta təxmin etmək olar ki, ikinci dalğa yanvarın sonlarında tamamilə sönəcək və biz sonuncu – üçüncü dalğa ilə mart sonu, aprelin əvvəli qarşılaşacağıq”.
Mütəxəssis məsləhət görür ki, TƏBİB eyni səhvi təkrarlamasın, bu dəfə 3-cü dalğaya hazır olsun:
“Yenə statistik olaraq üçüncü dalğa birincidən güclü, ikincidən zəif olmalıdır. Buna mütləq vaksinasiyanın başlaması da öz təsirini göstərəcək. Hökümət yanvar ayından başlayaraq xüsusi risk qruplarını peyvəndləməli və təcili əhalinin yerdə qalan hissəsini də prosesə cəlb etməldir”.(pressklub)
Ülviyyə Şahin