ABŞ-da bəzi varlı adamlar koronavirus əleyhinə növbədənkənar peyvənd olunmaq üçün iri məbləğdə pul təklif edirlər.
Yenixeber.org: ABŞ koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada ilk yerdədir. Bu ölkədə indiyədək 18 milyon 684 mindən çox adam koronavirusa yoluxub, onların 330 mindən çoxu vəfat edib.
Dekabrın ikinci ongünlüyündən ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanıb. Peyvənləmə “Pfizer”-“BioNTech” və “Moderna” vaksinləri ilə aparılır.
“Pfizer”-“BioNTech” vaksinini ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birlikdə hazırlayıb. “Moderna” vaksini isə ABŞ-ın “Moderna” şirkətinin istehsalıdır.
Həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksinləri iki dəfə, yəni iki dozada vurulur. Birinci dozadan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet əmələ gəlir.
ABŞ-da ilk növbədə risk qrupuna daxil olanlar – səhiyyə işçiləri, qocalar evlərinin sakinləri, digər yaşlı adamlar, ciddi xəstəliklərdən əziyyət çəkənlər peyvənd olunurlar.
ABŞ-ın CNN kanalı xəbər verir ki, varlı adamların növbədənkənar peyvənd olunmaq üçün pul təklif etməsi halları ölkənin Kaliforniya ştatının cənubunda qeydə alınıb.
Cənubi Kaliforniyadakı tibb müəssisələrinin həkimləri CNN-ə deyiblər ki, imkanlı müştəriləri onlara zəng edir, klinikaya və ya xeyriyyəçilik fonduna iri məbləğdə pul köçürmək müqabilində növbədənkənar peyvənd olunmaq istədiklərini bildirirlər.
Kaliforniya ştatında yerləşən, Amerika kino sənayesinin və televiziyasının paytaxtı sayılan Los-Anceles şəhərindəki (Hollivud bu şəhərin bir rayonudur) “Cedars-Sinai” klinikasının rəhbəri doktor Ceff Toll deyib ki, pasiyentlərdən biri növbədənkənar peyvənd olunmaq üçün xəstəxanaya 25 min dollar ianə təklif edib.
“Cedars-Sinai” klinikası varlı müştərilərə xidmət edir. Amma Ceff Toll öz varlı pasiyentlərinə gözləməyi məsləhət görüb. Çünki o, peyvəndin ilk növbədə risk qrupuna, peyvəndə daha çox ehtiyacı olanlara vurulmasını düzgün sayır.
Doktor Ceff Toll CNN-ə açıqlamasında bildirib ki, varlı pasiyentlərin təkliflərini rədd etmək elə də asan deyil. Çətinliklərdən biri ondadır ki, həkimlər belə pasiyentlərə “Yox, siz gözləməlisiniz” deməlidirlər. Həmin pasiyentlər isə buna alışmayıblar, çünki onlar bir qayda olaraq növbə gözləmirlər.
“Concierge MD LA” klinikasının qurucusu doktor Eyb Malkin vaksinin ilkin dozasını əldə etmək istəyən yüzlərlə adamdan ona zəng gəldiyini söyləyib: “Deyərdim ki, onların 5 faizindən 10 faizinə qədəri peyvəndlənmə növbəsini qabağa çəkmək üçün xeyriyyə fonduna pul köçürməyə hazırdır”.
“Cedars-Sinai” klinikasından pasiyentlərin peyvəndlənməsi prosesində mərkəz kimi istifadə olunur. “Concierge MD LA” klinikası da vaksin distribüteri kimi prosesə cəlb edilib.
Kaliforniya ştatının qubernatoru Gevin Nyusom bəzi varlı adamların pul müqabilində növbədənkənar peyvənd olunmaq cəhdlərinə münasibətini açıqlayıb. O deyib ki, imkanlı adamların vaksinə daha çox ehtiyac duyan insanları sıxışdırmaması üçün ştatda ciddi nəzarət rejimi tətbiq ediləcək: “Puluna və geniş əlaqəsinə güvənib qabağa keçmək istəyənlərə imkan verilməyəcək. Bu məsələni ciddi nəzarətdə saxlayacağıq. Tibbi yardım sistemində doğru prioritetlərə, ilk növbədə ən çox ehtiyacı olanların peyvənd edilməsi prinsipinə əməl olunmalı, etik standartlar gözlənməlidir. Pandemiyanın əsl qəhrəmanları öndə olan səhiyyə işçiləridir. Birinci onlar peyvənd olunmalıdırlar. Biz onları qorumalıyıq və irəliyə doğru hərəkət etməliyik”.(novator)