Pandemiya: -dərman hazırlamaq dövrü başladı
Bu ilin əvvəlindən dünyada yayılan və 2021-ci il ərəfəsində də səngimək bilməyən koronavirus pandemiyasına qarşı bir çox ölkələrdə peyvənd dərmanı tapmaq üçün tədqiqatlar aparılır. Bu ölkələr arasında Çin, ABŞ, Böyük Britaniya, Rusiya tərəfindən hazırlanan dərmanlar daha çox diqqət çəkir.
COVID-19-un axırına çıxan dərman
Yenixeber.org: Hələ yay aylarında koronavirus dərmanlarına dair tədqiqatların başladığı Çində hazırda səkkiz dərman vasitəsinın sınaqları keçirilir. Bunlardan “China National Biotech Group” (CNBG) tərəfindən hazırlanan dərman sınağın üçüncü mərhələsindədir, minlərlə könüllü üzərində həm səmərəsi, həm də yan təsirləri yoxlanılır. Ölkədə iyul ayında başlayan sınaq peyvəndi dövlət qulluqçularını, habelə əcnəbi tələbələri, əcnəbilərlə daha çox təmasda olanları əhatə edib.
Milli Səhiyyə Komissiyasının üzvü, COVID-19 peyvəndini hazırlayan qrupun rəhbəri Jenq Jonqvei həmin dərmanın istifadəsi üçün bəri başdan Dünya Səhiyyə Təşkilatından “anlayış və dəstək” gördüklərini deyib. Milli Əczaçılıq Qrupu (Sinopharm) ölkənin milyona yaxın sakininin peyvənd keçdiyini, hələlik ciddi yan təsirlərin üzə çıxmadığını açıqlayıb.
Çin hökuməti dərman sınaqlarının uğurlu keçəcəyi təqdirdə ilk növbədə kütləvi istehsal üçün müvafiq infrastruktura malik olan Asiya və Afrika ölkələrinə təqdim ediləcəyini bildirib.
Çinin “Sinovac Biotech Ltd” şirkətinin hazırladığı dərman İndoneziyada və Braziliyada sınaqdan keçirilib. İndoneziyanın “Bio Pharma” dövlət əczaçılıq şirkətini bu dərmanın 97 faiz səviyyəsində səmərə göstərdiyini bildirib. Bu dərmanın bir dozunun 13,6 dollara yaxın qiymətə satılacağı gözlənilir. Artıq İndoneziya, Türkiyə və bəzi başqa ölkələr həmin dərmandan almaq niyyətində olduqlarını açıqlamışdılar.
Təəccübləndirən dərman
ABŞ-da hazırlanmış iki peyvənd dərmanından biri yerli “Pfizer” ilə Almaniyanın “BioNTech” şirkətləri tərəfindən birgə ərsəyə gətirilərək klinik sınaqlarda 90 faiz səmərə göstərib. Bu dərmanın bir dozunun ilkin qiyməti 19,5 dollardır. Hələ iyul ayının sonunda sınaqların üçüncü mərhələsi başlamış bu dərmanla bağlı tədqiqat işləri hökumət tərəfindən maliyyələşdirilir. Dekabrın 14-də ABŞ-da başlayan kütləvi peyvənd üçün Xəstəliklərə Nəzarət və Önlənmə Mərkəzi (CDC) “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanını tövsiyə edib.
“Moderna” şirkəti tərəfindən yaradılmış ikinci dərman sınaqların üçüncü mərhələsində 94,5 faizi səmərə göstərib. Bu dərmandan “Moderna” şirkəti cari ilin sonunadək 20 milyon doz istehsal etmək niyyətindədir. Hər dozunun tədarük həcminə görə 25-37 dollardan satılacaq bu dərman hələlik koronavirus dərmanları içərisində ən bahalısıdır. Sınaqlarda iştirak edən 30 mindən artıq insan arasında ara mərhələdə COVID-19 5 nəfərdə aşkarlanmışdı. İştirakçıların əksəriyyəti üçün bu dərman ciddi fəsad doğurmasa da, bu dərmanda aşkarlanan bəzi yan təsirləri insan üçün təhlükəsiz olmasına dair şübhələr oyatdı. Belə ki, dekabr ayının 8-də sınağın 6 iştirakçısının vəfat etdiyi üzə çıxdı. Bununla yanaşı, dərmanın hazırlandığı gen materialın -70 dərəcədə saxlama şərti isti iqlimdə yerləşən, infrastrukturu zəif olan bir çox ölkələr üçün əlverişsizdir.
Bununla yanaşı, ABŞ dərmanlarının yararlılıq müddəti də azdır. Belə ki, “Pfizer”/”BioNTech” dərmanı 5 gün, “Moderna”nın dərmanı isə 30 gün ərzində xassələrini saxlayır. Bütövlükdə ABŞ dərmanlarına Kanada, Cənubi Koreya, Ukrayna maraq göstərir.
Ucuz ətin şorbası olmaz?
Böyük Britaniyanın “Astra Zeneca Plc.” şirkəti tərəfindən Oksford Unjiversitetilə birgə təqdim olunan peyvənd dərmanı ucuzluğu, eyni zamanda bir qədər müəmmalı təsirilə diqqət çəkdi. Müəlliflərə görə, vurulduqdan sonra səthi zülal əmələ gəlir ki, nəticədə COVID-19-a sonradan yoluxma halında immun müqavimət yaranır.
Bununla yanaşı, Böyük Britaniyada və Braziliyada keçirilən ara sınqalrı zamanı orta hesabla 70 faiz səmərə göstərən dərmanın əvvəl yarım doz, sonra tam doz vurulduqda səmərəsinin 90 faiz, iki bütöv doz vurulduqda isə 62 faiz olması ekspertləri təəccübləndirdi.
Qiyməti 4-5 dollar olan “Astra Zeneca” dərmanının mühüm üstünlüyü saxlanma hərarəti müsbət 2-8 dərəcə olduğu üçün daşınmasının da asan olmasıdır. Nəticədə bu dərman sifarişlərin sayına görə birinci yerə çıxıb.
Rəsmi qeydiyyatdan ilk keçən dərman
Avqustun 11-də Rusiya tərəfindən rəsmi qeydiyyatdan keçirtdirilən “SputnikV” adlı dərmanın klinik sınaqları iyun – iyul aylarında Hindistan, Venezuela, BƏƏ-də keçirildi. 537,4 milyon dozla sifariş reytinqində 7-ci yerdə olan bu dərman ABŞ və Avropa ölkələri tərəfindən alınmayacaq. 2021-ci ilin fevral ayından etibarən bu dərmanın bir dozunun 10 dollardan ucuz qiymətə satılacağı bildirilir. Hazırda quru toz halında istehsal olunması nəticəsində bu dərman müsbət 2-8 dərəcədə saxlanıla bilər. Sınaqların son mərhələsində 91,4 faizlik səmərə göstərib.
Problemdən problem doğur
Pandemiya dövründə bəzi dəyərlər dəyişir, artıq ölkələr arasında iqtisadi inkişaf, hərbi qüdrətlə yanaşı, bir çox hallarda daha səmərəli, təhlükəsiz, rəqabətcil koronavirus dərmanı ərsəyə gətirmək uğrunda da yarış gedir. Koronavirus xəmirinin hələ çox su aparacağı şəksizdir, peyvənd işlərinin də xeyli uzun və məsrəfli olacağı güman edilir. Belə ki, Yer kürəsinin bütün əhalisini peyvənd etmək üçün 15 milyard doz lazım gələcək ki, bu qədər dərmanın 2024-cü ildən tez hazırlanacağı ağlabatan görünmür.