GÖZÜYAŞLI GƏLƏN ”BAHAR”...
"Xeberinfo.com": Təbiətin”yaşıl libaslı qızı Novruz” ayı-günə qataraq nazlı yerişi ilə bizimlə üz-üzə dayanıb.Gəlmişəm deyir, deyir çıxın pişvazıma “xoş gəldin” deyin! Bişirin qoğallardan, şəkərburalardan, paxlavalardan, yumurtaları yeddi rəng boyayın, gözəl qızlar zərif əllərinə xına yaxsın. Gəlişimi duyun? hiss edin...
Sənin gəlişini hiss etməmək mümkünmü Novruzum, Baharım mənim! Bəli, təmasınla hiss etdirirsən öz ilıq nəfəsini , gəlmisən, bizimləsən ey təbiətin gözəli! Ta qədimdən Türklərin”Novruz”, Krımtatarın”Navru”,Türkmənin “Noşruz”, Qazaxın “Nauvruz”- deyə səslədiyi, qədim Vavilonada nisan ayının 21-ni, 12 gün şənlik edən tarixi ta qədimə, bizim eramızdan əvvəl 505 –ci ilə gedib çıxan xalqın bayramı sən deyilmisən? Səni “Yeni Gün”, “Ərgənə Gün”, “Bahar”, “Novruz”da adlandırırlar, ey gəlinüzlü yazım mənim! Sənin gəlişini İslami dəyərlərlə müqayisələndirib min don geyindirmək istəsələr də, böyük Firdovsi, Rudaki, Əbu-Əli-İbn Sina, Şeyx Nizami, Sədi, Hafiz sənin tarixin başlanğıcından gəldiyini şimal yarımkürəsində astronomik yaz fəslini məhz həmin günə təsadüf etdiyini hər kəsə xatırlatmadılarmı...? Əbu Reyhan, Biruni, Nizamül-Mülk öz əsərlərində səndən bəhs etmədilərmi?
Sənin anlamında kainatın dörd ünsürdən yarandığını su, od, torpaq və külək çərşənbələrinin sənə doğru gələn yol olduğunu, bulanan çayların, günəşin yavaş-yavaş isitdiyi torpağında çatılan tonqalın , təzə tumurcuqlara sığal çəkən yellərini əsdirməsi ilə bildirmədilərmi sənin gəlişini bizlərə...Papaq atma ,qulaq falına çıxma, tonqalların üstündən tullanma, üzük falı, səməni cücərdilməsi, yumurta və xoruz doyüşləri, qonaq getmək, küsülüləri barışdırmaq növbə-növ bayram şirniyyatları, maraqlı bayram oyunları, yallılar, evlərdəki bayram xonçalarında yeddi növ çərəz, irili-xırdalı şamlar sənin gəlişinin pişvazına çıxmaq deyilmi, ey gəlişi gözəl, qədəmləri xoş Novruzum?!
Ənənəyə görə sənin ilk günün “Yaz”, ikinci günün”Yay”, üçüncü günün “Payız”, dördüncü günün isə “Qış”-ın simvolu deyilmi ey tarixləri öz köksündə yaşadan mənim qədim bayramım?! Azərbaycanda sənin gəlişinin bayram olaraq qəbul olunması üçün xalğımızın dəyərli oğulları Şıxəli Qurbanov, İmam Mustafayev daha kimlərin təqib və təzyiqlərə məruz qaldığını məgər sən duymadınmı, ey mənim qanları qaynadan Novruzum!
2009-cu ilin sentyabr ayının 30-da Yuneskonun qərarı ilə səni qeyri-maddi irs siyahısına daxil etmələri, 2010-cu ilin fevral ayının 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasında mart ayının 21 –ni Beynəlxalq Novruz Bayramı günü elan olunması sənə verilən dəyər-qiymət deyilmi, ey gəlişi nazlı Baharım, yaşıl donlu fəsli yazım, mənim!
Gəlişinin gözəlliyini, nəfəsinin xoş rahiyyəsini duyuruq, sən gəlmisən və öz gəlişinlə könüllərə sevgi, həsrət çəkənlərə həmdəm olacaqsan, ey Novruzum! Gəlişin eldə,obada toy-busatla qarşılanacaq. Sevən qəlbləri ney kimi dilləndirəcəksən, tarı-kamanı sevginlə ağladacaqsan, gülü-bülbülünə qovuşduracaqsan! Sənin gözəlliyini hansı rəssam əlinə fırça götürüb gözəl duyğularını sənin gəlişinə həsr etməz, hansı şairin ilhamı vəcdə gəlib, şəninə söz incilərini mirvaritək dilinə düzərək, səni vəsf etməz? Gəlişinlə sevənlər bir daha sevmək, nakam sevgililər vüsala yetmək, həsrət çəkənlər qovuşmaq istəyir. Sənin gəlişindir, könülləri oyadan, ey nazlı, əli sazlı baharım. Sənin gözəlliyinə heyran olmamaq mümkünmü, Novruzum mənim! Sən hər gəlişində aşiqlərtək vəfasız olursan, xəbərin varmı özündən? Səni xəbər alımmı bülbülün dilindən, o yanıqlı səsindən? Bülbül sənin gəlişindən xəbər tutub, yanıqlı-yanıqlı oxuyar,oxuyar ki, gülü dirçəlsin, oyansın, qolları onun boynuna dolansın, bülbülün həsrəti sona yetsin. Bizsə, sənin gözəlliyindən zövq almamış, xoş ətrindən doymamış sevənlərini insafsızcasına tərk edirsən, ey nazlı, işvəli, cilvəli yazım mənim.Gedirsən ki, yenidən könüllərə istilik gətirmək üçün qayıdasan, yaşıl donlu Baharım!
Bilirsən, sənin gəlişini ilıq nəfəsinə həsrət, gözü yolda qalan, özündən ayrı düşən Vətən torpaqları da gözləyir. Gözləyir ki, yağı tapdağı altında olan torpaqları da, xəfif, ilıq mehinlə isidəsən, oyadasan və ümid verib, yenidən can verəsən.Eh...ey nazlı yazım, görən sənin gəlişinə ürəkdən sevinib, canı-könüldən pişvazına çıxıb, sənə qol aça bilirikmi? Yox bacarmırıq, bizi suyu, çörəyi, bol ruzisi ilə bəsləyən ANA VƏTƏN çox dərdlidir. Anamızın şəhid balaları sənin ilıq nəfəsinlə oyatdığın torpağın köksündə uyuyur. Anamızın üzü gülərmi, ürəyi açılarmı, ey peşman-peşman baxıb könlü qan ağlayan dərdli yazım mənim! Sanki anamızın qəlbində bir “məzarlıq” salınıb. Köksündə yatan əzizlərinə özü ağlayaraq, içindəki fəryadın naləsi ilə onları yad edir. Anamız öz içində ağlayır... Ağlayir ona görə ki, onun ağ libası, ağ örpəyi, qüruru, mənliyi alçaldılıb, tapdanıb. Nazlı Baharım, Anamız sənin gəlişinə ürəkdən sevinə bilmir, çox istərdi səni gülər üzlə, dərdsiz-qəmsiz qarşılasın. Ey gələn yazım, Novruzum, Baharım, elə sən də anana qol açaraq, onun yaralı köksünə sıxıla,ona sarıla bilmirsən. Anamız hər gəlişinə ümid edir, ümid edir ki, nə vaxtsa geri dönəndə, “Ağ atlı” gəncavər oğlunu onunla qovuşduracasan. Nə olar, ümid ver, ey Novruzum, de ki, o gün uzaqda deyil, gələcək, gələcək o gün!
Və o gün gəldiyində üzümüzə gün doğacaq və Anamız yenidən güləcək. Bax, o zaman səni, qol açaraq, bağrına basıb, deyəcək:”Xoş gəlmisən, ey təbiətin gözəli, xoş gəlmisən, cansızlara can verən gözəl! Gəlişinlə könülləri sevindir, ürəkləri güldür, dərdlərə həmdəm ol, aşiqləri qovuşdur, ey fəsli- yazım mənim! Anamızın üzü güldüyü zaman, onun torpaq altda yatan şəhid balaları da sevinəcək. Sevinəcəklər ona görə ki, Vətən üçün, torpaq üçün, Vətən adlı ANA üçün “ŞƏHİD” olublar.
PS. Vətənə atılan güllələri öz sinəsində soyudan, yaralı torpağa al qanlarını məlhəm bilən Şəhid balalarımızın nigaran ruhları Vətən göylərində ağ dumana bürünüb hər səhər işğal altında inildəyən torpaqlarımızın dağına, daşına, dərəsinə,düzünə yayılır. Yaralı torpaq, sənin qəmini, kədərini bir daha bizlərə xatırlatmaq istəyir, istəyir ki, qan yaddaşımızı bir daha göz önünə gətirərək və unudulmaqda olan özümüzü sənə, mənə, özümüzə qaytaraq. Elə bu səbəbdən də ağır yolda çaba göstərərdiyindən nə üzü gülür, nə könlü açılır. Ana torpağın qəlbi qan ağladığı , dərdləri ilə dərd əkib, qəm suvardığı bir vaxtda, göz dağına çevrilən çal-çağırlar kimə gərəkdi...KİMƏ... KİMƏ... ?!!!
TƏRANƏ ŞƏMS..NADİR ZİYADLI...