Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Babək Ulusallığımızın sifətidir

 

"Xeberinfo.com":  Yenə də Babəkin xatirəsini cırmaqlayırlar. Ancaq əllərinə bir şey keçmir.

 

Necə ola bilər ki, Babəkdən əl çəkək və var olaq? Bu cür “var olmaq” yox olmaq demək olardı əslində.

Tarixi taleyimizdə müəyyən uyğunsuzluqlar (gerçək inanc və ulusal yaşam, düşüncə fərqi...) var: o deməkdir ki, ulusallığımızdan utanmalıyıq, əl çəkməliyik?

Babəkin qəhrəmanlığı o qədər uca, bənzərsiz, əlçatmazdır ki, qəbul etməyəndə gərək danasan, bir az da “qabağa gedib” böhtan, çamur atasan.

Babəkə isə böhtan, çamur yapışmır – onun uca boyuna çatmır da.

 

***

 

Uzaq yüzillərə boylanıb Babəki qəhrəmanlığına görə günahlandırırlar. Gör bir sən kiminlə döyüşmüsən? Sən  niyə bu dərəcədə möhtəşəmsən?

Niyə Babəkin qəhrəmanlığını gözdən sala bilmirlər? Doğrudanmı Babəkin obrazlaşdırılması bütünlüklə sovetlər dönəmi ilə bağlıdır?

Babək – sovetizm hadisəsi deyil.

O halda  sovet dövründə Babəkdən də çox  “qəhrəmanlaşdırılan”, əslində sırınan obrazlar oldu. Bəs niyə indi onların çoxunun izi-tozu da yoxdur? Ona görə ki, yalnız ulusal (xəlqi) olan yaşayır.

Babəkin ruhu ulusaldır, bu səbəbdən də kutsaldır, onu sevməyənlərin yuxusunu ərşə çəkir. Babək ölməzliyiylə, möhtəşəmliyiylə  yadların, yağıların canına bu gün də üşütmə salır.

 

***

Böyüklüyün, insanlığın, ulusallığın bir əsas ölçüsü var: əgər sən sənsənsə, varlığına inanırsansa, özünü təsdiq etmisənsə, qoy başqası da olsun.

Başqa tərəfdən, inkar etdiyindən fərqli, bənzərsiz qənaətin, ömrün varsa, haqlısan. Gərək ortaya imtina etdiyindən artıq nəsə qoyasan.

Ölkələrin, xalqların timsalında da belədir. Əslində insanlarası münasibətlər uluslararası, ölkələrarası münasibətləri təsdiq edir. 

Ulusun içində, ulusun mahiyyətinə qarşı getmək, Azərbaycanın varlığını qeyri-müəyyənliklərə aparıb bağlamaq - sabahsızlıq yaratmaqdır.

 

***

Özünə yarımayan, özülü üzərində qurulmayan ulus başqalarına da yarımır əslində. Nə qədər faciəvi olsa da Türk ulusumuzda özgəliklərə yarımaq duyğusu güclüdür. Türkün özgələşməsi yaman olur...

Bunun bir əsas səbəbi var: ulusal qüdrətimiz, imkanımız həmişə bizdən çağımızdan ötə olmağı tələb edib. Bu olmayanda isə zamana yenilmələr, sinmələr baş verib.

Babək – konkret tarixi qəhrəmandır, bu möhtəşəm obrazı xalqın  ağlından, ruhundan silmək mümkün olmur.

Babək öz yurdunda yadellilərə qarşı döyüşüb. Düz eləyib. Bəs neyləməliydi?

Babəki başqa türk qəhrəmanlarıyla əvəzləmək istəyirlər, alınmır.

Babəkin yerinə qoyulan, əvəzlənən qəhrəmanlar Babəkdən böyük deyillər.

Dünya bizi bizdən yaxşı tanıyır.

Ümumiyyətlə, bəşər tarixində Babəkə tay ola biləcək qəhrəman tapmaq çətindir.

 

***  

 

Türk xalqı təəssüf ki, tarixin müəyyən dönəmlərində ruhunun tələbinə uyğun yaşaya bilmədiyindən üz tutduğu- tutdurulduğu özgəliklərin diktəsiylə içindən yaranan böyüklərini qoruya, yaşada bilməyib.

Türk xalqına orta ölçüdə yaşamaq alınmır.

Çünki ulusal ruhumuz qətilik, biryolluq əhval ifadə  edib, edir.

Babək zamanında yadlığa – yad düşüncəyə, istilaya qarşı varlığını, dirənişini yaratmış şəxsiyyət idi.

Gör zəhmi necə güclüdür, qırımlıdır Babəkin... Bu gün də o, dipdiridir – canlıdır. Babəki öldürə bilmədilər.

Əslində onu təsdiq etdilər, indi də edirlər.

Böyüklük budur.

 

***

Azərbaycan dəyərlərinin gözdən salınması ilə razılaşmaq - Azərbaycanın yoxluğuyla razılaşmaq kimi bir şeydir.  

Xalq olmaq istəyiriksə, qədimliyimizdən gələn ülvi, gözəl cəhətləri göz-bəbəyimiz kimi qorumalıyıq. Özümüzü aldatmayaq. Dünyada öz sifətimizlə görünməliyik.

Babək ulusal sifətimizi yaradanlardandır.

Babəkin varlığı – özündən yarandı. 

Özümüzə, tariximizə o dərəcədə saymaz olduq ki, hətta Babək kimi böyük qəhrəmanımızın doğum tarixini dəqiqliklə yazıb sabaha çatdıra bilmədik.

 

***

Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, məhv edib, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ləyaqətsiz sözləri yazıb saxlayıblar. Bütün hallarda isə onun böyüklüyünü yenə bilmədilər.

Babək dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi.

Babək sözün böyük mənasında yenilməz türk sərkərdəsi, fiolosofdur. Ehtimal etmək olur ki, Babəkin həm də kitabları varmış...

***

Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəb tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı.

Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı?

Babəkin məşhur “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir” kəlamı çox şey deyir. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, türk türkə qarşı döyüşürdü. Afşin buna sübutdur.

***

Bu yerdə Asif Atanın Babək haqqında fikrini təqdim edirik: “Babək ləzzət inamı yaratmamışdı, Fərəh İnamı yaratmışdı. Ləzzət inamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, Babək özündən keçmişdi. Babək inamının yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan dünyaya fərəh üçün gəlib, ən böyük fərəh isə Azadlıqdır. Azadlıq insanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq insanı insandan kənardakı zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda insan aqibətini özü yaradır, ömrünü özü yazır, özündən kömək diləyir, əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır, cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, şərdən böyük cəza. Azadlıq insanı müqəddəs fərəhə qərq edir.
O, yenilməzlik tələbidir – zora əyilməmək, özümlüyü qorumaq: vüqarı, ləyaqəti… Xalq insanın müqəddəs mənliyidir. Yenilməzlik müqəddəs mənliyi qorumaqdır.

Misilsiz böhtanlara məruz qalıb Babək. İnamını nəşəlik, haramlıq, zinalıq kimi qələmə veriblər. «Xürrəmi»liyi Fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar. Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim ediblər. Çünki qorxublar. Əvvəl Babəkin özündən, sonra xatirəsindən. Bu səbəbdən də əvvəl özünü, sonra xatirəsini şaqqalayıblar. İndi də qorxurlar. Ruhundan qorxurlar”.
Babəki ürəklərdən çıxarmaq mümkün olmadı.Bundan sonra heç olmayacaq!

 

İşıqlı Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam