Gənc yazardan Anarın yeni povestinə tənqid
Mirmehdi Ağaoğlu yazır
"Xeberinfo.com": Açığı Anarın “Göz muncuğu” adlanan yeni povestini həm “Azərbaycan” jurnalının dekabr sayında çap etdirib, həm də ay tamam olmamış kitab halında çıxarmasının səbəbini anlaya bilmədim. Buna jurnaldan qonorar almaq istəyi deyil, marketinq xətası deyib keçək. Ancaq mən kitabı yox, jurnalı aldım. Dörd-beş manat verib kitabı almaqdansa 1.5 manat verib jurnalı alaram, içində də bonus kimi başqa əsərlər olar. Hansı daha yaxşıdı?
Bəh-bəhlə təriflənən məlum povestdən danışmazdan qabaq deyim ki, son vaxtlar “qəbir əzabı” və “qəbir” mövzusunda üç yaşlı yazıçımız əsər yazıb.
Bunlar Azər Abdullanın “Gül yağışı”, Dilsuzun “Mobil telefon” hekayələri və bildiyiniz kimi Anarın “Göz muncuğu” povestidir. Ömürlərinin sinni vaxtlarında yazıçıların bu mövzuya müraciət etmələri qəbulediləndir. Qoqol qəbirdə dirilməkdən qorxurmuş. Deyilənə sonradan böyük yazıçının qəbrini açanda tabutunda cırmaq izlərinə rast gəliblər.
Əslində povestin süjeti maraqlıdır. Hamının ölü bilib dəfn etdiyi adam qəbirdə dirilir. O, gözü ilə insanlara təsir etmək qabiliyyətinə malik olduğu üçün də Çapıq adlı adamın rəhbərlik etdiyi xüsusi dəstə tərəfindən qəbri qazılır. Bundan sonra o qəbirdən çıxaraq evinə gəlir...
Fəsillər fləşbəklərlə verilib. Oxucu arada qəhrəmanın keçmişinə ziyarət edib onun haqqında məlumat toplayır. Ölənə qədər qabiliyyətini şər üçün xərcləyən Əhliman diriləndən sonra onu xeyirə xərcləyəcəkmi? Bu sual oxucunun öhdəsinə buraxılır.
Müəllif lazım gəldikcə zərdüştlük, xristinalıq, islam, hind fəlsəfəsi, reinkarnasiya kimi anlayışlar vasitəsilə obrazın daxili aləmini açmağa çalışır. Əsərə mistik aura qatmaq üçün ora Diri baba obrazını əlavə edir, somnambul qızı gətirir, qəhrəmanı zamanla səyahətə aparır. Amma bütün bunlar əsərin mistik alınmasına xidmət etmir. Mənə qalsa “Əlaqə” “Göz muncuğu”ndan daha mistik əsərdir.
Əsərdə verilən dini-fəlsəfi ricətlər, qəhrəmanın oxucuya reinkarnasiya və başqa anlayışlar barədə uzun-uzadı danışması, dünyanın yaradılışı, Tanrının niyə günahsız körpənin ölümünə göz yumması kimi sentimental hissələr artıq görünür. Bir az məlumatlı oxucu zatən reinkarnasiya, zərdüştlük haqqında bilir. Bilməyən bu əsəri oxusa belə ona hər şey anlaşılmaz görünəcək.
Epiqraflar isə əsərin həcmini iki dəfə artırır, hərdən bu epiqraflar cəngəlliyindən sıyrılıb əsəri tapmaq çətinləşir.
Müəllifin əsərdə verdiyi ikinci qeyd hardasa başadüşüləndir. Hərçənd buna da ehtiyac yox idi. Amma birinci qeyd tamamilə yersizdir. Zatən müəllif ölünün qəbirdən çıxmaq hissəsinin bədii həllini uğurla verib. Daha oxucuya əlavə şərh vermək nəyə gərək?
Qəbir əzabları isə inandırıcı gəlmir, oxucuya qurama görünür. Çünki bu hissləri vermək xüsusi təcrübə tələb edir. Əlbəttə ağır məsələdir, amma Flober Madam Bovarinin arsen zəhəri içərək ölməsi səhnəsini təsvir etmək üçün dəfələrlə özünü qusmağa məcbur etmiş, qəhrəmanın halətinə düşmək üçün o ağrıları yaşamağa çalışmışdı.
Bilirik ki, bunu təcrübədən keçirmək mümkünsüzdür. Bax elə bu dəqiqə, özümü qəbirdə təsəvvür edib-allah eləməsin-hisslərimi yaza bilərəm. Amma kim deyər ki, mən o hissləri düzgün verə bilmişəm. Yazıçılar adətən bu kimi sünilikdən qaçmaq üçün o yerləri vermirlər. Bir şeyi ki, oxucu da sənin kimi təsvir edə bilər, nə ehtiyac var onu yazmağa.
Amma baxın görün qəbir əzabını vermək üçün Azər Abdulla hansı metoddan istifadə edib. O qəhrəmanı diri ikən bu əzabları təcrübədən keçirməyə vadar edib: qəhrəman yorğanın içində büzüşüb özünü qəbirdə hesab edir, müxtəlif kəndirlərlə əl-ayağını bağlayıb onları aça bilib-bilməməyini yoxlayır, qəbirdəki havanın ona nə qədər çatacağını hesablayır. Bu zaman onun yaşadığı hisslər o qədər realdır ki. Hiss olunur, yazıçı bu hissləri yazarkən özü ayaq barmaqlarını bağlayıb onları yaşayıb (ölünün kəfənlənən zaman ayaq barmaqlarının bir-birinə bağlanması adəti var)
Son dövrlər “qəbir”dən bəhs edən bu üçü əsəri özüm üçün sərbirah elədim. Mənim üçün onların içində birinci yerdə Azər Abdullanın, ikinci yerdə isə Dilsuzun əsəri dayanır. Üçüncü yer də məlum.
Dilsuzun əsərində çox varlı adam ölür. Daha sonra onun nömrəsindən ailəsinə zəng gəlir. Öz məkrli planlarını həyata keçirmək istəyən ailə də bu varlı adamın dirilməyini istəmədikləri üçün onun telefonuna cavab vermirlər.
Əslində Dilsuzun “Mobil telefon” hekayəsi ilə Mirzə Cəlilin “Ölülər”inə daha çox aksent olunub, nəinki “Göz muncuğu” əsəri ilə. Baxmayaraq ki, əsərdə “Ölülər”dən epiqraf və “Kefli İskəndər də düz deyirmiş” kimi fəsil var. Qəbirqazanın adı isə Nəsrulladır.
Bəs Anarın əsəri necədir?
“Göz muncuğu” əsəri orta səviyyəli, sıradan bir povestdir. Bunun oxşarını hətta daha gözəl dillə Cavid Zeynallı da yazıb. “Günəşi gözləyənlər”in sonluğunda şaman məsələləri ilə o mistik aləmə hardasa toxunub.
“Göz muncuğu”nda fövqəladə, oxucunu tərpədən əlahiddəlik yoxdur. Normal əsərdir. Hətta Anarın qələmindən çıxdığını nəzərə alsaq zəifdir. Onun bu qədər təriflənməyi, göylərə qaldırılmağının arxasında yazıçı ustalığı deyil, Anarın şəxsiyyəti dayanır.
Bu əsəri bizim nəsildən bir yazıçı yazsaydı heç kəs onu bu qədər öyməyəcəkdi. Deyəcəkdilər ki, ortabab əsərdir. Hətta bəziləri yazıçını yersiz mistikaya yuvarlanmaqda, xeyir və şər haqqında uzun nəsihətlər verməkdə suçlayacaqdı.
Əgər o bəh-bəhlə öydüyünüz Anardırsa bəs nəsri hanı? Bundan əvvəl də nağıl yazmışdı oxumuşduq, həcv yazmışdı, oxumuşduq. Bu da sonuncu bəhrəsi.
Miyanə bir əsər.
Bəs hanı o böyük yazıçı?
Deyirəm bəlkə qələminə göz dəyib? (kulis.az)