“Hər insan ömrünün bir kitabı var”
“Hər insan ömrünün bir kitabı var”
Xalq şairi Səməd Vurğun
Elm tarixində özəl plastiklərin sintezində
Istifadə edilən bir monomerin yeni sintez
metodunu yaradan kimyaçı alim
BƏBİR ABİ oğlu TAĞIYEV olub.
Kimya elmləri namizədi Bəbir Abi oğlu Tağıyev Yardımlı bölgəsinin Porsova kəndində 20 fevral 1939-cu il tarixdə dünyaya göz açıb. Onun haqqında “Azərbaycandan müasir dünyaya baxış” kitabımda tam olmasa da müəyyən məlumat verilib. Mənim kitablarım satışa verilmədiyindən və oxucular arasında geniş yayılmadığından Bəbir müəllimin dünyaya göz açdığı günlə əlaqədar olaraq sayt vasitəsilə onu oxuculara tanıtmağa səy göstərirəm.
1957-1962-ci illər arasında Bakı Dövlət universitetinin Kimya fakultəsində ali təhsil alaraq təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada laborant, kiçik elmi işçi vəzifələrində işləyib.
1964-cü ilin axırlarında Azərbaycan Elmlər Akademiyasının məqsədli aspiranturasına qəbul olunaraq, SSRİ Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutuna-Leninqrad şəhərinə ezamiyyətə göndərilib. İxtisas fənnindən orada imtahan verdikdən sonra professor A.A. Vanşedtin rəhbərlik etdiyi Polikondesasyon polimerlər laboratoriyasında termiki davamlı xətti polimerlərin sintezi sahəsində tədqiqatlar aparmağa başlayıb. Adı az çəkilən polimerlərin çox
az öyrəlinmiş və ancaq patent bilgiləri olan bir sinfi Bəbir Tağıyevin dissertasiya mövzusu olaraq verilib. 1970-ci ilin yanvar ayından işləməyə başlayan Bəbir eyni zamanda müdafiə üçün sənədlərini hazırlayaraq Azərbaycan Dövlət Universiteti Kimya fakultəsinin Elmi Şurasına təqdim edir və bu zaman ona qarşı bəzi süni əngəllərin qurulmasına baxmayaraq, Elmi Şuranın Sədri onun dissertasiyasını açıq müdafiə üçün növbəyə qəbul edir.1971-ci ilin martında Bəbir dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir. Müdafiə ADU-nun kimya fakultəsinin Elmi Şurasında gerçəkləşir.
Onun fəaliyyət dairəsi çox geniş olub. Məndən asılı olmayan səbəblərə görə onun respublikamızdan kənardakı on illik elmi fəaliyyətini araşdıra bilməmişəm.
Bəbir Tağıyevin kimya elmi sahəsində yüksək keyfiyyətə sahib olmasını keçmiş SSRİ Elmlər Akademiyası ilə yanaşı ABŞ-ın Nyu-York Elmlər akademiyası da təsdiq edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materiallar İnstitutunda çalışdığı 1981-1982-ci illər ərzində özəl plastiklərin sintezində istifadə edilən bir monomerin yeni sintez metodunu təklif edib. Bu monomerin ilk sintez metodu Rusiyada (1965), ikinci sintez metodu isə ABŞ-da (1969) patentlləşdirildiyi üçün Bəbir Moskvaya Patent Ekspertizası institutuna çağırılıb. Bəbir orada təklif etdiyi metodun əvvəlkindən daha üstün olduğunu ekspertlər qarşısında sübut edib və açıqlanmasına izin verilməyən qrifli müəlliflik şəhadətnaməsi alıb.
Həmin faktları olduğu kimi göstərirəm ki, Azərbaycanın elm dairələrindən fərqli olaraq Bəbir Abi oğlunun qədrini bilib
qiymətini verən Yer kürəsinin iki ən qüdrətli dövlətlərinin Elmlər Akademiyası olub. Çox təəssüf ki, barmaqla sayılan Bəbir kimi alimlər öz ölkəsində qiymətləndirilmədikələri və qayğılarına qalınmadıqları səbəblərindən məcburiyyət qarşısında qalaraq doğma yurdlarını tərg edirlər. İtirən isə millətin elmi olur. 1989-cu ildə SSRİ EA-nın Polimerlər elmi sahəsində ən nüfuzlu jurnalı sayılan “Viskomolekulyarnıye soyedineniya” jurnalında onun sanballı bir məqaləsi dərc olunur.1993-çü ildə həmin jurnalda B.Tağıyevin ikinci məqaləsiinin dərcindən sonra həmin məqalə eyni zamanda ABŞ universitetlərindən birində nəşr olunan “Polimidlərin panoramsı” toplusunda da təkrar nəşr olunur. 1994-cü ildə Bəbir Tağıyev Nyu-York Elmlər Akademiyasının üzvü seçilir.
Düzünü deyək. SSRİ Elmlər Akademiyası ilə yanaşı ABŞ-ın Nyu-York Elmlər Akademiyası Bəbir Tağıyevi görə bilsələr də Azərbaycanın Milli Elmlər Akademiyası onu görməyib, yaxud görmək istəməyib.
Yazarlar ötürmür ər kişiləri,
Qalarsan şeirdə bəbəyim Bəbir.
Nəsillər unutmur korifeyləri,
Yaşarsan tarixdə söykəyim Bəbir.
Büdrəsən çökərəm əsib dözərəm,
Təklənsən sönərəm bədbin gəzərəm,
Od tutsan yanaram külə dönərəm,
Ümidsən qəlbimdə qardaşım Bəbir.
Möcüzə göstərsən bayram edərəm,
Bir türfə yaratsan tərif deyərəm,
İşinə qayıtsan qurban kəsərəm,
Şöhrətsən elmində yaşıdım Bəbir.
Elminə vurğunam sintez çözürəm,
Dərkinə məftunam dahi görürəm,
Kəşfinə heyranam fəxrim bilirəm,
Müdriksən əzmində fatehim Bəbir.
Çox qısa müddətdə plastiklərin,
Sintezdə gərəkli bir monomerin,
Əvəzsiz son yeni sintez metodu,
Dünyaya tanıtdı Abi oğlunu,
Tağının nəslində boy atan Bəbir.
Hesabın çəkildi öz vətənində,
Əzabın qaynadı doğma işində,
Qiymətin verildi yadlar elində,
Tanındın o tayda soydaşım Bəbir.
Əzabsız keçməyib sənin həyatın,
Kədərsiz ötməyib itkin, fəryadın,
Hikmətsiz olmayıb elmin, talantın,
Dözümsən məqsəddə əşrəfim Bəbir.
Badalaq gəlindi dargöz məmurdan,
Xəyanət edildi falçı həmkardan,
Ədalət çəkindi mənfur çuğuldan,
Bu harın dunyada simsarım Bəbir.
“Hər insan ömrünün bir kitabı var”,
Hər yaşam dövrünün dar məqamı var,
Hər yetkin alimin xoş sədası var,
Zərgərsən fəhmində dastanım Bəbir.
Qeyd: əşrəf-daha hörmətli, möhtərəm mənasındadır
Quliyev Elxan Sarıo. 20 fevral 2015-ci il