SƏADƏT HƏR KƏSİN ÖZ ƏLİNDƏDİR
Xeberinfo.com: (hekayə)
Rafiq yorucu iş günündən sonra evə qayıdırdı. Yaxşı bir musiqi dinləmək arzusu ilə avtomobilinin radiosunu işə saldı. Müğənni məlahətli səslə oxuyurdu:
Səadət hər kəsin öz əlindədir,
İşində, gücündə, əməlindədir...
Rafiq bu mahnını dəfələrlə dinləmişdi, lakin onun sözlərinin mənasına heç vaxt indiki qədər dərindən fikir verməmişdi. Mahnını dinləyə-dinləyə öz həyat lentini göz önündən keçirməyə başladı.
... Rafiq Neft Akademiyasında tələbə yoldaşı olmuş Günellə altı il əvvəl ailə qurub. Bu altı ildə onlar ümumən yaxşı yaşayıblar. Bəzən həyatın tərs zərbəsi ilə rastlaşsalar da, xoşbəxt günləri qat-qat çox olub. Qarşılıqlı məhəbbət, səmimiyyət, dərin hörmət bu cavan ailəyə bütün çətinliklərin öhdəsindən bacarıqla gəlməkdə yardımçı olub. Tanrı da öz səxavətini əsirgəməyib, biri oğlan, digəri isə qız olmaqla onlara gül kimi iki övlad – Elçin və Cəmiləni bəxş edib. Elçinin dörd, Cəmilənin isə iki yaşı var...
Elçinə hamilə olarkən Günelin xasiyyətinin qısa bir zamanda kəskin dəyişməsi Rafiqi olduqca narahat etmişdi. O işdə də, evdə də özünə yer tapa bilmir, bu gedişlə Günellə xasiyyətlərinin tutmayacağını, narazılıqların açıq dava-dalaş, hətta boşanma məcburiyyəti yarada biləcəyini düşünürdü. Lakin özünün sevib-seçdiyi və canından artıq dəyərləndirdiyi bu qızla boşanmağı ağlına gətirdikdə belə dəli olmaq dərəcəsinə çatırdı. Saf düyğular əsasında ailə qurmuş olsalar da, onların ailə həyatı hələ kifayət qədər sınaqdan keçməmiş, lazımı qədər möhkəmlənməmişdi. Xeyli kövrək olan ailə münasibətlərinin böhran keçirdiyi günlərin birində Rafiqin öz ginekoloq dostu Rasimlə şəhərdə rastlaşması lap yerinə düşdü. Rafiq Rasimin yaxşı mütəxəssis, sənətinin fanatı olduğunu bilirdi. Rasimi gördükdə axır vaxtlar Günelin xasiyyətinin son dərəcə dəyişməsinin səbəbləri barədə onun mütəxəssis fikrini öyrənməyin faydalı olacağını düşündü.
Salamlaşdıqdan sonra onlar söhbət edə-edə yaxınlıqdakı ağacların kölgəliyində bu ildən fəaliyyət göstərməyə başlamış səliqə-sanmanlı çayxanaya daxil oldular. Üstündə hələ də güllər olan qızılgül kollarının yaxınlığındakı boş stolun yanında qoyulmuş stullarda əyləşdilər. Çaypaylayan yeniyetmə oğlan cəld bir tərpənişlə onsuz da təmiz olan stolun üstünü əlindəki ağappaq parça ilə sildi və onların üzünə baxaraq sifariş gözlədi.
Rafiq:
– Cavan oğlan, zəhmət olmazsa, bizə bir çaynik çay dəmlət. Xoruzquyruğu olsun, yanında da limonu, – dedi.
Oğlan “baş üstə", deyib uzaqlaşdı. On dəqiqə keçməmiş çaypaylayan oğlan podnosda sifariş olunanları gətirib stolun üstunə düzdü, stəkanlara çay süzüb limon dilimi saldı və “nuş olsun”, deyib təzə gələn müştərilərin stoluna yanaşdı. Rafiqlə Rasim çay içə-içə xeyli söhbət etdilər. Vaxtilə eyni məhəllədə yaşamaları, necə dostlaşmaları, dostluqlarının həyat yoldaşları sayəsində indi də davam etməsi barədə gedən söhbətlərinin sonunda Rasim Günelin hamiləliyinin gedişatı ilə maraqlandı. Bayaqdan bu anı səbirsizliklə gözləyən Rafiq ailəsindəki hazırkı durumu olduğu kimi dostuna anlatdı və sonda dedi:
– Hə, əziz dostum, indi bilmirəm nə edim. Qalmışam odla su arasında.
Rasim gülümsünərək dostunu sakitləşdirdi:
– Heç narahat olma. Günel çox səmimi qızdır. Səmimidir, həm də olduqca ağıllı. Səni də sonsuz bir məhəbbətlə sevir.
– Günelin məni çox sevdiyindən əminəm, barmağıma tikan batmasını da istəməz. Lakin onun xasiyyətinin birdən-birə xeyli dözülməz olmasının səbəbini anlaya bilmirəm, bu da məni çox üzür.
– Günelin davranışındakı dəyişikliklərin hamısı hamiləliklə əlaqədardır. Hamiləlik dövründə hormonal fonda baş verən təlatüm qadının sinir sisteminə təsir edərək onun bəzən özündən asılı olmayaraq yüksək həssaslıq göstərməsinə, danışığı və hərəkətləri ilə konfliktyaratmağa meyilli görünməsinə səbəb olur. Hormonal fonda təlatümə müxtəlif səbəblərdən yaranan stress, yorğunluq, düzgün qidalanmama nəticəsində immun sistemin zəifləməsi, nə vaxtsa keçirilmiş infeksion xəstəliklər, hətta uşaq vaxtı qarşılaşdığı angina da səbəb ola bilər. Bu vəziyyətdə əri qadına qarşı yüksək anlayış göstərməli, onu özündən çıxaracaq heç bir söz söyləməməli, istənilən tələbini tamamilə sakit qarşılamalı, hər bir məsələdə onun haqlı olduğunu bildirməlidir. Bir sözlə, bu dövrdə əri qadının nazı ilə daha çox oynamağa məcburdur. Yalnız bu yolla qadını öz sözlərinə, hərəkətlərinə nəzər salmağa məcbur etmək olar. Nəticədə yaranmış konfliktlər aradan qalxar, münasibətlər normal məcrasına, həyat əvvəlki axarına qayıdar.
Rasim birnəfəsə danışır, Rafiq isə onu diqqətlə dinləyirdi. Dostu Günelin davranışındakı anlaşılmazlıqları o qədər gözəl izah edirdi ki, Rafiqin sual verməsinə ehtiyac qalmırdı. Rasim söhbətinə davam edərək dedi:
– Hə, dostum, insanın hormonları möcüzələr yaradır. Ayrı-ayrı hormonlar hamilə qadının psixi və mənəvi durumuna əsaslı şəkildə təsir edir. Məsələn, progesteron adlanan hormon doğuşa yaxın öz təsir effektini xeyli artırır və qadının psixikasını sakitləşdirir, prolaktin hormonu analıq instinktini oyadır və süd vəzilərinin böyüməsini (südün yaranmasını) stimulə edir, estrogen hormonu dünyaya gələcək körpəyə qarşı cavabdehlik və qayğı instinktlərinin, endorfin (buna xoşbəxtlik hormonu da deyirlər) müsbət emosionallığın üstünlük qazanmasını təmin edir.
– Sağ ol, qardaşım, Allah səndən razı olsun! Bilirsən sayəndə necə rahat oldum? Xeyli vaxtdır həyatım cəhənnəmə dönmüşdü. Günelin rəftarında baş verən dəyişiklikləri anlaya bilmədiyimdən nə qədər əziyyət çəkdiyimi yəqin ki, səndən dəqiq başa düşən olmaz.
–Rafiq, qardaşım, sənin çəkdiyin iztirabları yaxşı başa düşürəm, hamilə qadını anlamadan onunla bir evdə yaşamaq bəzən cəhənnəmə düşməkdən betər olur. Bundan belə ailəndə mehribanlıq, əminamanlıq yaratmaq, ailə səadətini möhkəmləndirmək sənin əlindədir. Bu məsələdə yalnız və yalnız özünə güvən.
Onlar bir qədər də başqa məsələlərdən söhbət etdikdən sonra çaypaylayan oğlanla hesablaşıb çayxanadan çıxdılar. Əlli metrə qədər birlikdə irəlilədikdən sonra yolları müxtəlif istiqamətə olduğundan sağollaşıb ayrıldılar.
Rasimlə söhbətdən sonra Rafiq daxilən rahatlaşdı, beynini keyləşdirən, qəlbini sıxan, ruhunu incidən müdhiş fikirlər yox oldu, sanki çiyinlərindəki dözülməz ağırlığı alıb kənara atdılar. Böyük sevinc içərisində evlərinə tələsdi.
Mənzilin qapısını Günel açdı. Rafiq Günellə əvvəllər olduğu kimi, mehribanlıqla salamlaşdı, şəfqət və qayğıkeşliklə ona yaxınlaşıb əllərini ovcuna aldı və barmaqlarından öpdü, sonra onu istənilən qadına xoşbəxtliyini hiss etdirməyə qadir bir hərəkətlə köksünə sıxdı, bu gün əhvalının necə olduğu ilə maraqlandı və sonda:
– Canım-gözüm, gəlsənə şam yeməyini mən hazırlayım, şam yeməyindən sonra da dəniz kənarına gedərik, axşamın sərinində dənizin havası hamımız üçün faydalı olar, – dedi və xüsusi bir əda ilə başını sağa-sola döndərərək gülümsər gözləri ilə Günelin bətnindəki körpəyə işarə elədi. Bununla da Rafiq son vaxtlar Günellə aralarında yaranmış narazılıqlar dumanını tamamilə dağıtmış oldu. Günel Rafiqdəki müsbət dəyişikliklərin fərqinə vardı və o da ərinə eyni mehribanlıq və səmimiyyətlə cavab verdi:
– Yaxşı, ürəyim! Yolüstü köhnə univermağa da girərik, bir-iki əşya almalıyam. Şam yeməyinə gəlincə, artıq hazırlamışam, gətirim yeyək, – deyə mətbəxə yönəldi.
Rafiq də onun ardınca mətbəxə girdi və köməkli yeməkləri gətirib stola düzdülər. Ləzzətli şam yeməyindən sonra yığışıb evdən çıxdılar. Günel köhnə univermaqdan bir-iki xırda-para aldıqdan sonra yeraltı keçidlə “Kukla” teatrının qarşısına çıxıb dənizə doğru getdilər. Dənizə yaxınlaşdıqca havada duyulan xoş sərinlik insanın ruhuna ana bətnindəkinə bənzər bir rahatlıq gətirirdi. Bir qədər dənizin lap kənarında dayanıb söhbət edə-edə sərinləndikdən sonra bulvarla üzü “Azneft” meydanına tərəf getməyə başladılar, filarmoniyanın istiqamətinə çatanda sağa dönərək keçidə yaxınlaşdılar. Filarmoniyanın bağına keçib bir qədər irəli getdilər. Təzəcə yenidən qurulmuş, axşamlar işıqlandırıldıqda xeyli gözəl görünən və insanın zövqünü oxşayan fəvvarənin yanında oturdular. Bir müddətdən sonra Rafiq telefonunu yan skamyada qızla əyləşmiş cavan oğlana verərək onların şəklini çəkməsini xahiş etdi. Oğlan məmnuniyyətlə bir neçə istiqamətdən şəkillərini şəkib telefonu Rafiqə qaytardı. Rafiqlə Günel axşam gəzintisinin xoş təəssüratı altında evə qayıtdılar.
O gündən etibarən Rafiq Günellə daha mülayım rəftar edir, onun bir sözünü iki etmədən bütün istək və arzularını həyata keçirirdi. Lazım olan şeyləri vaxtında alıb gətirir, mənzilin təmizlənməsindən qabların və paltarların yuyulmasına, paltarların qurudulmasına, ütülənməsinə qədər, bir sözlə bütün işlərin yerinə yetirilməsində Günelə kömək edir, bəzən onu kənarda oturub yalnız göstəriş verməyə razı salana qədər yalvarırdı. Günel tam xoşbəxt idi. Qarşısına Rafiq kimi bir insan çıxardığı üçün hər gün tanrısına min dəfə şükür eləyirdi. Elçinin doğulması ilə onların həyatı tamam başqa məna kəsb etdi, kiçik ailə səadətləri xeyli böyüdü və möhkəmləndi.
Bütün bunları bir-bir xatırlayan Rafiq manhının sözlərini yazmış şairin müdrikliyinə heyran qaldı və özündən asılı olmayaraq uca səslə:
– Bəli, şair, tamamilə haqlısınız, səadət hər kəsin öz əlindədir, – dedi.
Babək XALİSTÜRK.