Ulusal, insançı qayğılarım
Xeberinfo.com: İnsani dünya yoxdursa, onu yaratmaq gərəkdir. İnsanlıqdan yaranan İnsani Dünyasını da yaradır. İnsani dünyanın özülü – ləyaqətdir.
***
Dünya nə qədər pis olsa da, gözdən düşsə də, insan öz gözündən düşməməlidir. Faciə onda başlayır...
Başqa sözlə: Öz gözündən düşməyən insan insani dünyasını yaradır.
***
Adamlar yoxaldıqca qəddarlaşır, bədbinləşirlər.
İnsan psixologiyası: var olduqca başqasına da doğmalaşır, ruhlanır, ruhlandırır.
***
Çağımızın insanlıq qayğısı: Başlıcası, inana və inandıra bilmək-yəni yaşaya və yaşada bilmək...
***
Şairimiz "Azərbaycanın Puşkini" olur, bəstəkarımız "Azərbaycanın Çaykovskisi" olur, indi də sirk ustası "Azərbaycanın Çaplini" olur. Belə özgələşmələrlə ardıcıl xalq ola bilmərik. Niyə özgələr yaxşı şairlərinə "Fransanın Füzulisi, Nəsimisi", "Almaniyanın Üzeyiri" və b. demirlər? Niyə belə şeylərlə fəxr etmək bizim üçün böyük sayılsın? Ginnesin kitabı isə bəşəri ölçü sayıla bilməz. Ona görə ki, bu kitabda antiinsani, mənasız birinciliklər kifayət qədərdir. Ulusal ölçümüzdə dayanıqlı olsaq, bəşəri təsdiqimiz də doğal şəkildə yaranar... Ulus olaraq gerçək imkanlardan artıq imkanlarımız var.
***
Zülmətdən işığa çıxmağın yolu: İdrakı odlandırıb İnamı tam aşkarlamaq...
***
İnsani borc: halı mütləq şəkildə qorumaq, dayanmadan artırmaq, yüksəltmək.
***
İnsanın ən gözəl əsəri - ləyaqətli ömrüdür.
***
Adamın eybəcərlik çeşidləri çoxdur, çox zaman bu nöqsanların aşılması insana mümkünsüz gəlir. Asif Ata yazır: «Dedilər: pis şair olub yaxşı şeir yazmaq olar. Dedim: pis şairin yaxşı şeirinə inanmazlar». Deməli, burada yaradıcı mənəviyyatı, yaradıcının yazdığına bərabər olması ideyası əsasdır. Şeiriyyət ruhu yazar-insan qarşısında bu anlamda ciddi tələblər qoyur. Yazıçı, şair əsəri kimin üçün yazır? O, insanların eybəcərliklərdən islah olunacağına inanırsa, deməli, ilk növbədə özündən başlamalıdır. Əgər gözəl əsər sadəcə, ortalıqda qalırsa, ömürləşmirsə, deməli, o, əslində fərdi xeyir verə bilməz. İctimai xeyir onda yaranır ki, fərd dediyi, car çəkdiyi insani tələbi ömründə yaşaya bilsin.
***
Özünə, insani imkanlarına tam bələd olmaq, inamsızlıqdan ayrılmaq.
Daş kimi yuxudan Günəş kimi oyanmaq və oyatmaq...
***
Təskinliyə qapılmamaq, qatılmamaq.
Hal tərbiyəsinə yüksəlmək.
***
Yazmaq – təskinlik deyil mənim üçün, insanlıq döyüşüdür.
***
Adam halı: Acıq acıq gətirər. Acıqlı vaxtı qərar verməmək, acığı ötmək.
***
Kamillik imkanı hər birimizdə var-yetməli olduğumuz. İnsanlıq borcumuzu tam ödəməliyik.
***
Həyat ardıcıl olaraq bizi inandırır və aldadır: gerçəklik Mənanın, Mütləqin təzahürləriylə doludur... İnsanın isə gerçəkliyi ötmək imkanı var. Bunsuz var olmaq mümkün deyil.
***
Çağımızda bilikli cahillərin sayı artıb...
***
Əslində ürək obrazdır, tibbi dillə desək, motordur. Ancaq ürəyin bədiiləşdirilməsi gözəl hadisədir. Duyğunun, düşüncənin, sevginin... qaynağı isə beyindir.
***
Yazıq (dərdli) göz yaşı! Səni hətta oğruların, yalançıların da gözündə gördüm.
Duruluğunda adamların çirkinlikləri apaydın görünür...
***
İnsanın qüdrəti Göylə təndir: orta hal yoxdur.
Burada Göy deyəndə İnsanın içi-daxili dünyası, Ruhu (İnamı, İdrakı, Mənəviyyatı, İradəsi), həm də minillərdən bəri öyülən, sevilən, qibtə edilən Göyün obrazlaşdırılması (insanın mahiyyətə yetə bilmək imkanı) nəzərdə tutulur.
***
Bir adam ki, özünə ironiya, istehza edə, inanmaya, ondan nə gözləyəsən?
***
İnsanın özündən yaxın həmdəmi yoxdur əslində.
Özünlə birsən, deməli, başqalarındakı insanlıqla birsən.
Özünə ciddi, doğma münasibətin sənin başqalarına da ciddi, doğma münasibətini yaradır.
***
İctimai hadisə:
Əxlaqdan danışanın əxlaqsızlığı.
Ailədən danışanın ailəsizliyi.
***
Adam halı: gah dərdli görünür, gah da sırtıq. Gah vətənçi görünür, gah da kürəsəlçi (qlobalçı).
***
Dünyanın halı: peşəkar didişmə (didişdirmə), intriqa ustaları insanlararası, uluslarası konfliktlər yaradır, həzz ala-ala “ömür sürdürürlər”.
***
İnsanlığa uyğun olan: vicdanımın qarşısında suçlu deyiləm. Gözüm kiminsə qarşısında kölgəli deyil. Hay-küydən uzağam.
Bundan sonrakı yaşamım da belə olacaq.
***
Təbiətdən fərqli olaraq insanın ömrü bütün çağlarda çiçəkləyə, bar verə bilir.
İnsan təbiətdəndir mahiyyətcə. Elə təbiət də insandandır.
***
İnsandakı mənəvi gözəlliyi görmək və dəyərləndirmək hünər istəyir.
***
Ömürdən mənasız gərginliklər azaldıqca ruhani (insani) zənginliklər artır.
***
Sonuc: İnsan daxilən zənginləşdikcə başı göylərə dəyməlidir. Hal tərbiyəsi sarıdan bunun adı - Vüqardır. Burada lovğalıqdan əsər-əlamət yoxdur.
***
Tək-ruhani (insani) döyüşçüyəm. Təkliyimdən (İnsanlığımdan) güc alıram.
***
İnsan öz gözündən düşəndə faciəsi başlayır...
Halımda, insanlığımda sabitəm.
***
Təkəbbür-mənəmliyin əkizidir.
Mənəmlik olan yerdə Mənlik olmur.
Uman yerdən küsərlər. Ata demişkən, kimdən nə umuram ki, küsəm də?
Xalq xalqlıq imkanına, tələbinə yetməyəndə belə, ümidsiz deyiləm. Ulusal, insani borcumu ödəyirəm, başqalarına doğmaca görk oluram.
***
Həsrətin gerçəkliyi: İnsanın mənəvi yöndə bütün axtarışları gözəldir. Kədər(lənmək) - insani döyüşün vazkeçilməz ünsürüdür. Bunu anlayanlar dərdlənməyi bacaranlar-əslində dərddən güc alanlardır... Duyan, düşünən ürək yiyəsi yalqız da olar, ancaq zəlil olmaz. Ona görə ki, kədərlənməyi bacarır. Kədərin özülü-ruhani (insani) gücdür.
İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü