Poroşenko döyüş bölgəsində
Rusiya Quru Qoşunları komandanının müavini separatçılara “ürək-dirək verir”
Lvovlular “casus şəbəkəsi” adlandırdıqları Rusiya konsulluğunun fəaliyyətinin dayandırılmasını tələb edirlər
"Xeberinfo.com": Məlumata görə, Ukrayna Debaltsovadan ağır texnika ilə bərabər qoşunlarının 80 faizini çıxarıb. Bu haqda ölkənin şərqindəki durumu müşahidə etmək üçün bölgəyə yollanan prezident Petro Poroşenko Borispol hava limanındakı açıqlamasında bildirib.
Prezident bildirib ki, qoşunlar Minskdə əldə edilən razılaşmanın şərtlərinə
görə bölgədən çıxarılır: “Bizim artelleriya və “Qrad”lar düşmənin tanklarını hədəf alıb. Yaralıların və həlak olanların döyüş bölgəsindən çıxarılması davam edir. Yola nəzarəti saxlayırıq”.
Debaltsevo Mariupolu almaq istəyən Rusiyanın “Normand formatı” üzrə danışıqlar başlayana qədərki əsas hədəfi idi. Mariupolu almaq Rusiyaya Krımla quru əlaqəsi yaratmaq üçün vacibdir. Günlərdir ki, davam edən ağır döyüşlərdə hər iki tərəf ağır itki verib. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin bir bölüyü ərazidə Rusiya ordusunun mühasirəsində qalmışdı.
Ukrayna qoşunlarının Debaltsovadan çıxması xəbərini ilk olaraq, səhər saatlarında “Donbas” batalyonunun komandiri Semyon Semençenko Facebook səhifəsində yazıb. S.Semençenko bildirib ki, qoşunların çıxarılması plan üzrə təşkilatlanmış şəkildə davam edir: “Ərazinin bir hissəsinə Milli Qvardiya nəzarət edir. Separatçıların təxribat qrupları qoşunların və ağır texnikanın çıxarılmasına mane olmağa çalışır”.
Günün birinci yarısında Kiyevdə Ukrayna Təhlükəsizlik Şurası toplanıb. Əsas müzakirə mövzusu Minsk danışıqlarından sonrakı durum olub. Toplantıdan sonra rəsmilərin açıqlamasından bəlli olub ki, Təhlükəsizik Şurası ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı bir sıra planlar həyata keçirəcək.
Ukrayna qaynaqları yazır ki, fevralın 18-də Devaltsevo rayonunda Rusiya Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini general-leytenant Aleksandr Lentsov Donbasda olub. Unian.net Lentsovun Donbasda çəkilən foto və videogörüntülərini yayıb.
Videogörüntüdə “Luqansk Xalq Respublikası”nın milisləri ilə danışan Lentsov onlara Ukrayna hərbçilərinin mühasirəyə düşmək bəhanəsi ilə Rusiyaya təslim olduğundan danışır. Lentsov hərbi geyimdə olsa da, üzərində Rusiya ordusunun heç bir nişanı yoxdur. Ukrayna qaynaqları bildirir ki, Rusiya generalı bölgəyə separatçılar arasında təbliğat aparmaq və dağılan birlikləri vahid komandanlıqda birləşdirmək üçün gəlib.
Fevralın 18-də Donbasda mühasirəyə düşən 40-cı batalyonun və 128-ci briqadanın əsgərlərinin bir hissəsi mühasirəni yara bilib. Verilən xəbərlərdə bildirilir ki, hərbçilər güclü atəş altında səhra yolu ilə keçərək, Qırmızı Xaçın səyyar bölməsinin mühafizəsi altına keçə bilib.
Hərbçilər mühasirədən xeyli sayda silah-sursat da çıxarmağa müvəffəq olublar. Ərazidə çox sayda ölən və yaralananların olduğu bildirilir. Ərazi davamlı atəş altında olduğundan Qırmızı Xaç yaralıları çıxarmaqda çətinlik çəkir. Separatçılar Qırmızı Xaçın yaralıların çıxarılması üçün bir neçə saatlıq atəşin dayandırılması ilə bağlı təklifini qəbul etməyib.
Ukrayna qoşunlarının bir hissəsi mühasirədən çıxdıqdan sonra separatçılar Ukrayna əsgərlərinin mühasirəsini daha da daraldıblar. Axşam saatlarında verilən xəbərlərə görə, ərazidə şiddətli döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən xəbərlərə görə, mühasirədə 206 döyüşçü qalıb.
Durumun analizi göstərir ki, fevralın 14-dən qüvvəyə minən atəşkəs rejimi Ukrayna və Qərb liderlərinin öncədən də bildirdikləri kimi, davamlı olmayacaq. Qərb qaynaqları xəbər verir ki, ötən gün Ukraynadan alınan son xəbərləri Almaniya kansleri Angela Merkellə Fransa prezidenti Fransua Olland telefon danışığında müzakirə ediblər. Ehtimal edilir ki, Minsk danışıqlarının şərtlərini artıq ikinci dəfə yerinə yetirməməklə beynəlxalq sülh təşəbbüsünə məhəl qoymayan Rusiyaya qarşı yaxın günlərdə yeni iqtisadi sanksiyalar tətbiq ediləcək.
Minsk anlaşması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirən Ukrayna həm də səfərbərliyi davam etdirir. Yerli media yazır ki, Silahlı Qüvvələrin tərkibində könüllü briqadaların yaradılması davam edir. Ukraynanın qərbində isə ölkə ərazisinin bir hissəsini işğal edən Rusiyaya qarşı daha bir aksiya başlayıb. Lvov sakinləri şəhərdəki Rusiya konsulluğunun bağlanmasını tələb ediblər. Konsulluq binası önünə toplaşan şəhər sakinləri “Rusiya, Ukraynadan rədd ol”, “Putin, əlini Vətənimizdən çək”, “Kremlin Lvovdakı agentliyi, rədd ol” şüarları səsləndiriblər.
Piketçilər arasında Donbasdan məcburi köçkünlər də olub. Yerli telekanala müsahibə verən etirazçılar deyiblər ki, konsulluq ölkənin qərbində hər an təxribat yaradaraq, daxili sabitliyi poza bilər.
Onların fikrincə, konsulluq əməkdaşları Kremldən aldıqları təlimatlar əsasında təxribat planları üzərində işləyirlər. Şəhər sakinləri düşünürlər ki, Rusiya konsulluq xidmətindən sovet ənənələrinə uyğun olaraq, casusluq şəbəkəsi kimi yararlanır. Piketçilər bu haqda yazılı tələblərini yerli icra hakimiyyəti vasitəsilə ölkə prezidentinə, Ali Radaya və Nazirlər Kabinetinə göndəriblər.(musavat.com)