Bəşəriyyətin yeni QORXUSU: Nüvə riskini üstələyən “tvit müharibələri”

Texnoloji inkişaf siyasi elitaların ictimaiyyətlə ünsiyyətini daha da sadələşdirib.
Yenixeber.org: XXI əsrdə sosial şəbəkələrin inkişafı elektron diplomatiya və “Tvitter diplomatiyası” adını almış yeni tendensiyanın yaranmasına səbəb oldu. “Tvitter” sosial şəbəkəsində akkaunt açan diplomatlar, siyasətçilər, və ictimai xadimlər öz qərarlarını və fikirlərini bu platforma vasitəsilə ifadə etməyə başladılar.
İlk dəfə 2007-ci ildə o zamankı ABŞ prezidenti Barak Obama “Tvitter”də özünə şəxsi səhifə açdı. Onun ardınca, bir çox dünya liderləri, nazirliklər və beynəlxalq təşkilatlar analoji addımı atdılar. 2019-ci il üçün BMT-yə üzv olan ölkələrin 98%-i “Tvitter”ə üzvdür.
Dünyada yalnız 5 ölkə - Laos, Mavritaniya, Nikaraqua, Şimali Koreya və Türkmənistan “Tvitter”də qeydə alınmayıb.
"Tvitter diplomatiyası"ndan danışarkən ABŞ prezidenti Donald Trampın adını çəkmədən keçməz olmaz. Prezidentin mikrobloqu güclü milli və beynəlxalq siyasi platformanı formalaşdıran instrumentə çevrilib.
Belə ki, hələ 2009-cu ilin martında "tvitter" səhifəsi yaradan biznesmen və siyasətçi bu günə qədər 55 milyon nəfərlik auditoriya toplayıb. Sərt və qısa “tvit”lər Trampa dünya gündəmini silkələməyə imkan verir.
2017-ci ilin payızında Şimali Koreyanın nüvə sınaqları keçirməsi Trampın sərt mesajları ilə üzləşmişdi. O, rəsmi Pxenyanı hədələyərək “nüvə düyməsi həmişə iş kabinetimdədir”- deyə bütün dünyanı yeni müharibə riski ilə həyəcana salmışdı. Amma 2018-ci ildə tərəflər arasında “tvitter savaşı” yenidən sakit məcraya yönəlmiş, iki lider danışıqlar apararaq münaqişədə sabitlik yarada bilmişdi.
2018-ci il martın 1-də isə Tramp Rusiya prezidenti Vladimir Putini hədəf almışdı. Putinin “Rusiya dünyada analoqu olmayan silahlar hazırlayır” sözünə cavab olaraq, Tramp “tvit” atmışdı.
“Rusiya Suriyaya uçan bütün raketləri vuracağı ilə hədələyir. Hazır ol, Rusiya, çünki əla, yeni və ağıllı yeni raketlər gələcək! Öz vətəndaşlarını öldürən və həzz alan heyvanla bir olmalı deyilsiniz”-deyə Tramp Suriya lideri Əsədi “heyvan” adlandırmışdı.
Amma Moskva cavabında “tvitter diplomatiyası”nın tərəfdarı olmadıqlarını ifadə etmişdi. Ümumilikdə, Tramp 2016-cı ildə dövlət başçısı seçildikdən bəri Rusiyanın adı hallanan 200-dən çox tvit atıb.
Bu gün “Tvitter diplomatiyası”nın əsas siması olan Donald Tramp bu yolla özünə ciddi auditoriya toplayır. Belə ki, Kaliforniya Universitetinin professoru Corc Lakof Trampın “tvit”lərlə 4 məqsədə nail olduğunu deyir. O, prezidentin qəfil deyil, düşünüb-daşınaraq həmin mesajları yazdığını deyir.
“Onun məqsədləri – ideya yaratmaq, real problemlərdən diqqət yayındırmaq, ictimai gözdən salmaq üçün opponentlərinə hücum etmək və cəmiyyətin bu və ya digər ideyaya reaksiyasını yoxlamaqdır”-deyə Lakof deyib.