Rusiyaya işləməyə gedən vətəndaşlarımız dəyişiklikləri bilməlidir
Rusiya Federasiyasında 1 yanvar 2015-ci il tarixindən etibarən əmək miqrantları üçün yeni qanun-qaydaların tətbiq olunacağı ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirilib.
"Xeberinfo.com": APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federal Miqrasiya Xidmətinin Xarici Vətəndaşlarla İş üzrə Departament rəhbərinin müavini Dmitri Demidenko iştirak ediblər.
Səfir Polad Bülbüloğlu FMX rəhbəri Konstantin Romodanovskinin MDB ölkələrinin səfirləri ilə görüş keçirdiyini xatırladıb: “Görüşdə FMX rəhbəri 2015-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək Rusiya miqrasiya qanunvericiliyinə dəyişikliklər barədə danışdı. O, səfirlərdən öz ölkələrinin vətəndaşları arasında miqrasiya qanunvericiliyindəki yeniliklərlə bağlı maarifləndirici iş aparmağı xahiş edib. 2015-ci yanvarın 1-dən etibarən Rusiyaya işləmək üçün gələn xarici vətəndaşlarla bağlı qanunlar sərtləşdiriləcək. Təbii ki, biz istəyərdik ki, vətəndaşlarımız öz ölkələrində çalışsınlar, işləsinlər, vətənimizə xeyir versinlər. Amma kimsə hansısa səbəbdən Rusiyaya işləməyə gəlir. Həmin vətəndaşlar bu ölkənin miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərdən xəbərdar olmalıdır. Əks halda, qanunu pozan vətəndaşlarımız cərimə edilə və Rusiyadan deportasiya oluna bilər. Bu halların qarşısını almaq üçün indidən Rusiya miqrasiya qanunvericiliyində edilən dəyişiklikləri vətəndaşlarımıza başa salmaq lazımdır”.
FMX-in departament rəhbərinin müavini Dmitri Demidenko miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat verib: “Yeni qanuna əsasən Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşları sərhəd-keçid məntəqələrində ölkəyə gəlişlərinin məqsədini bildirməlidir. Əgər xarici vətəndaş işləmək üçün Rusiyaya gəlirsə, miqrasiya vərəqində bu, qeyd olunmalıdır. Bundan sonra həmin xarici vətəndaş işləmək üçün əmək patenti almalıdır. Əmək patentini yalnız miqrasiya vərəqində ölkəyə gəlişinin məqsədi “işləmək” kimi qeyd olunan xarici vətəndaş ala bilər. Əmək patentini xarici vətəndaş ölkəyə gəldiyi gündən 1 ay müddətində ala bilər. Bu müddətdə xarici vətəndaş patent üçün müraciət etməsə, cərimə olunacaq. Əmək patenti 1-12 ay müddətinə verilir. Daha sonra patentin müddətini 1 il də uzatmaq olur”.
D. Demidenko xarici vətəndaşların əmək patentinə görə hər ay dövlət rüsumu ödəməli olduğunu söyləyib: “Bu rüsum Rusiyanın region və subyektlərindən asılı olaraq dəyişəcək. Məsələn, Moskva və Moskva regionunda xarici vətəndaş əmək patentinə görə hər ay 4000 rubl (75 ABŞ dolları), Sankt-Peterburqda 1900 rubl (35 dollar) ödəməli olacaq. Bu rüsumu xarici vətəndaşı işə götürən tərəf ödəməlidir. Bu məbləğ həmin xarici vətəndaşın əmək haqqından tutulacaq. Rusiyanın hər subyektində əmək patentinə görə dövlət rüsumları müxtəlif olacaq”.
D. Demidenko onu da qeyd edib ki, əcnəbilər əmək patenti almaq üçün QİÇS və digər kəskin yoluxucu xəstəliklərdən analiz verməlidirlər. Onlardan rus dili və tarixindən imtahan da götürüləcək: “İmtahanlar Rusiya Xalqlar Dostluğu Universitetində və Puşkin adına Rus Dili İnstitutunda keçiriləcək. Əmək miqrantlarına sertifikat veriləcək. Bu sertifikatın müddəti isə 5 ildir. Əmək patentini alan xarici vətəndaşlar istənilən vaxt ölkədən çıxıb, yenidən qayıda bilərlər. Bu zaman yenidən əmək patenti almağa ehtiyac olmayacaq. Əgər xaric vətəndaş 1 illiyə əmək patenti alıbsa, deməli, 1 il müddətində hər ay üçün müəyyən olunan dövlət rüsumunu ödəmiş olub”.
D. Demidenkonun sözlərinə görə, MDB ölkələri vətəndaşlarının Rusiya miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliyi bilmələri vacibdir: “Əminik ki, bu, Rusiya ərazisində qanunsuz əməklə məşğul olma və qanunsuz yaşama hallarının sayını azaldacaq”.