“Der Spiegel” Donetsk separatçıları bağlı məxfi sənədlər ələ keçirib
“Der Spiegel”in Ukraynada separatçılar nəzarətində olan bölgələr ilə bağlı hazırladığı yazıda önəmli məqamlar var.
"Xeberinfo.com": Yazıda bildirilir ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin komandasında çalışmış bir qrup, Moskvadan gəlmiş digər bir qrupla birlikdə Rusiyanın prezident administrasiyası üçün 12 səhifəlik hesabat hazırlayıb. Əldə olunmuş həmin məxfi sənədlərə söykənən dərgi bildirir ki, hesabat “Donbasın iqtisadiyyatında olan faciəli durumu” özündə əks etdirir.
“Ötən illə müqayisədə Donetsk vilayətində sənaye istehsalının həcmi 59 faiz geriləyib, Luqansk da isə bu göstərici xüsusilə pisdir: ortada 85 faizlik əskiklik var. Ərazidə olan 93 kömür mədənindən 69-u işini dayandırıb. 40 min kiçik müəssisə müflis olub, 7 poladəritmə zavodu sıradan çıxıb. Yeyinti məhsullarının istehsalı isə 25-30 faiz aşağı düşüb.
Hərbi əməliyyatlar zamanı 30 körpü dağıdılıb, min kilometrlərlə asfalt yol yararsız hala düşüb. 58 istilik elektrik stansiyasının müxtəlif qurğuları müharibə zamanı zərər çəkdiyindən ciddi təmirə ehtiyacı var. Donetskdəki 47 kəndə isə elektrik enerjisi verilmir. Ərazidə 4585 yaşayış evi bütövlükdə xaraba qalıb”, sözügedən hesabatda belə deyilir.
“İşləmək qabiliyyətində olan yerli əhalinin ən azı yarısı iş yerini və gəlirlərini itirib. Donbası humanitar və iqtisadi fəlakət gözləyir”, “Donbasda sosial-iqtisadi vəziyyətin əsas istiqamətləri və xüsusiyyətləri” adlı hesabatda mütəxəssislər bildiriblər.
“Der Spiegel” yazır ki, hazırda mütəxəssislər regionunda yaranmış iqtisadi fəlakəti aradan qaldırmaq üçün lazım olan vəsaitin həcmini hesablamağa çalışırlar. Ancaq elə indidən bəllidir ki, söhbət milyardlarla avroluq subsidiyadan gedir. Məsələn, Donetsk hava limanını bərpa etmək üçün ən azı bir milyard avro lazımdır.
Moskva isə belə iriməbləğli ödənişləri həyata keçirmək gücündə deyil. Hazırda Rusiya iqtisadiyyatında struktur islahatları davam edir, Krımın ilhaqından sonra Qərb bu ölkəni sanksiyalara məruz qoyub.
Nəticədə bu ilin əvvəlindən rus rublu dollara nisbətdə dəyərinin 29 faizini itirib. “Rosneft” və “Qazprom” kimi nəhəng şirkətlər rəsmi Kremldən subsidiya xahiş edirlər. Buna baxmayaraq, prezident Putin Ukraynanın şərqindəki separatçı hərəkata dəstək verməkdən imtina etmək fikrində deyil.
“Der Spiegel” bildirir ki, məhz həmin bölgənin Rusiyanın nəzarətinə keçməsi Ukraynanın Avropa Birliyinə və NATO-ya daxil olmamasına ciddi təminat hesab olunur.