Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ÖNCƏ AMERİKA”, SONRA QLOBAL MÜNAQİŞƏ -İqtisadi və hərbi fəlakətin resepti

donald-trump

Xeberinfo.com:  Donald Trampın ABŞ prezidenti seçilməsi, sadəcə olaraq qloballaşmaya qarşı artan populizm reaksiyasının nəticəsi deyil. Bəlkə də bu, “Amerika dünyası”-nın (Pax Americana) sonundan xəbər verir. Yəni, bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ və onun müttəfiqlərinin qurduqları beynəlxalq qaydalar və təhlükəsizlik sisteminin sona çatdığını göstərir.

ABŞ-ın rəhbərlik etdiyi dünya nizamı sayəsində 70 illik çiçəklənmə mümkün olub. Həmin nizam qaydaları bazar iqtisadiyyatına, ticari liberalizmə, kapitalın yüksək səfərbərliyinə, sosial müdafiənin vacibliyi tədbirlərinə söykənib. Ümumi nəticədə bütün bunlar Avropada, Yaxın Şərqdə və Asiyada NATO və Amerikanın təminatı ilə həyata keçirilib.
Lakin Tramp ehtimal ki, populistik, anti-qlobalist, proteksionist siyasət yürüdərək, xarici ticarətə əngəl yaradacaq və kapital ilə əmək resurslarının hərəkətini məhdudlaşdıracaq. Əgər Tramp özünün “İlk öncə Amerika” şüarını ciddi qəbul edirsə, onda onun administrasiyası Amerikanın geosiyasi strategiyasını izolyasionizm və milli maraqların qorunması istiqamətinə yönəldəcək.

1920-ci və 1930-cu illərdə ABŞ-da analoji siyasət aparılıb və bu İkinci Dünya Müharibəsinin toxumlarının səpilməsinə kömək olub. Bu siyasət “Smut-Houli” gömrük tariflərinin tətbiqindən sonra başlayıb. Həmin rüsumun tətbiqi minlərlə xarici malların ölkəyə gətirilməsinə toxunurdu və belə olan halda bu cavab tədbirlərinin görülməsinə və valyuta müharibəsi təxribatına gətirmişdi.

Digər tərəfdən, ABŞ-ın iki ökean tərəfindən etibarlı şəkildə qorunması kimi yanlış əminliyə söykənən izolyasionizm siyasəti imkan verdi ki, nasist Almaniyası və Yaponiya müharibə apararaq bütün dünyanı təhlükəyə salsın. 1941-ci ilin dekabrında Pyorl-Harbora hücumdan sonra, nəhayət, ABŞ başını qumdan çıxarmağa məcbur oldu.

Bu gün ABŞ-ın izolyasionizmə tərəf çevrilməsi və Amerika milli maraqlarının qorunmasında israr etməsi, tədricən qlobal münaqişəyə yol aça bilər. Bundan əlavə 2017-ci ildə Avropadakı populist partiyalar Fransada və İtaliyada, bəlkə də digər ölkələrdə hakimiyyətə gələrlər.

Amerikanın aktiv iştirakı olmadan təcavüzkar revanşist Rusiya Avropanın işlərinə müdaxilə edir. Rusiya artıq ABŞ və Avropa Birliyinə Ukraynada, Suriyada meydan oxumağa başlayıb. Əgər Avropa tədricən özünün Amerikan təhlükəsizlik çətirini itirəcəksə, onda bu məsələdə Rusiya prezidenti Vladimir Putindən çox udan kimsə olmayacaq.

Trampın irəli sürdüyü fikirlər Yaxın Şərqdəki vəziyyətin pisləşməsi təhlükəsini də yaradır. O, bəyan edib ki, Amerikanın energetik asılılığını aradan qaldırcaq. Bu isə ABŞ-ın həmin regiona olan marağından imtina etməsi və ekoloji cəhətdən ziyanlı olsa da, ancaq öz daxili hasilatına söykənəcəyi deməkdir. Tramp həmçinin özünün – radikal islam döyüşçülərinin yox, məhz islamın təhlükəli olduğu iddiasından imtina etməyib. Onun bu fikirlərini Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq general Maykl Flinn də bölüşür.

Tramp tərəfindən seçilmiş “İlk öncə Amerika” yanaşması, artıq çoxdandır ki, Səudiyyə Ərəbistanı və İran arasında gedən sünnü-şiə vəkalət müharibələrini daha da dərinləşdirə bilər. Əgər ABŞ özünün sünnü müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdən imtina edərsə, onda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi regional güclər özlərini yalnız nüvə silahının köməyi ilə müdafiə edə biləcəkləri qənaətinə gələrlər.

ABŞ-ın Asiyadakı iqtisadi və hərbi üstünlüyü on illiklərlə sabitliyi təmin edib, amma böyüyən Çin indiki mövcud status-kvo ilə razılaşmadığını nümayiş etdirir. Prezident Barak Obamanın Asiyaya tərəf strateji yön dəyişimi əsas etibarı ilə 12 ölkə arasında yaranacaq “Trans–Sakit okean əməkdaşlığı”na söykənirdi. Lakin Tramp söz verib ki, bunu elə prezidentliyinin ilk günündəcə ləğv edəcək.

Bu arada isə Çin sürətlə öz iqtisadi əlaqələrini “Bir zolaq, bir yol” proqramının köməyi ilə Asiyada, Sakit okean regionlarında və Latın Amerikasında möhkəmləndirir. Digər tərəfdən isə Çin özünün “Asiya infrastruktur investisiyalar bankı”, ”Yeni inkişaf bankı” (əvvəlcə BRİKS bank idi) kimi layihələrini dövriyyəyə qoşur.

Əgər ABŞ özünün Filippin, Cənubi Koreya, Tayvan kimi müttəfiqlərini tərk edərsə, onda bu ölkələrin Çin qarşısında diz çökməkdən başqa yolları qalmayacaq. ABŞ-ın Yaponiya və Hindistan kimi digər müttəfiqləri isə hərbləşmə yolunu tutaraq, açıq şəkildə Çinə qarşı çıxış edəcəklər. Nəticədə Amerikanın regiondan getməsi müəyyən zamandan sonra hərbi münaqişənin başlanmasına səbəb ola bilər.

1930-cu illərdə ABŞ-ın proteksionist və izolyasionist tədbirləri dünyanın iqtisadi böyüməsi üçün əyləc oldu və nəticədə dünya müharibəsini başladan inkişaf etmiş revizionçu dövlətlər meydan oxumağa başladılar. Bugünkü analoji siqnallar ABŞ-a və beynəlxalq nizam qaydalarına qarşı çıxış edə biləcək yeni dövlətlərin yolunu aça bilər.

Trampın izolyasionist administrasiyası ölkənin şərq və qərb tərəfində geniş okeanları görüb elə fikrləşə bilər ki, böyüyən ambisiyalara malik dövlətlər (Rusiya, Çin, İran) onların ölkəsinə birbaşa təhlükə yaratmır.

Amma iş ondadır ki, ABŞ əvvəlki kimi dünyanın ən böyük iqtisadi və maliyyə nəhəngidir. Əgər vəziyyətə nəzarət edilməzsə və ya lazımı önləyici tədbirlər görülməzsə, onda müəyyən bir vaxtdan sonra Amerikanın iqtisadi və təhlükəsizlik sferasındakı əsas maraqlara həm xaricdən, həm də ölkə daxilindən ciddi təhlükə yaranmağa başlayar.
Tarixin dərsləri tamamilə aydındır: proteksionizm, izolyasionizm və “İlk öncə Amerika” – iqtisadi və hərbi fəlakətin reseptidir.

(Project Syndicate – ABŞ. Müəllif: Nuriel Rubini)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam