Ermənistan “DQR”in tanınması prosedurunu işə saldı
Düşmən ölkə Azərbaycanın təmas xəttinə çoxlu sayda canlı qüvvə və hərbi texnika çıxartdığını həyəcanla dünyaya bəyan edir; Ter-Petrosyan Xankəndidə separatçı liderlə görüşdən sonra müəmmalı mövqe sərgilədi; işğalçı həm qorxur, həm də qorxutmağa çalışır
Xeberinfo.com: Son günlər Ermənistan və Qarabağ erməniləri vahimə içərisindədir. İşğalçılar Azərbaycanın təmas xəttinə əlavə qoşun və hərbi texnikanın gətirildiyi barədə məlumatlar yayaraq hay-küy qaldırıblar. Vitualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın bildirdiyinə görə, təmas xəttindəki situasiya aprelin əvvəlləri ilə müqayisə oluna bilməz. “Azərbaycan qoşunların təmas xəttinə aprelin əvvəllərində olduğundan daha çox qüvvə cəmləşdirib” deyə, o bildirib.
Ermənilər niyə belə qorxuya düşüblər?
Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Müdafiə Nazirliyi düşmən ölkənin bu barədə bəyanatlarını şərh etməyib. Nazirlik bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşunların yenidən dislokasiyasını həyata keçirməkdə sərbəstdir və bununla bağlı üçüncü tərəfə izahat verməyə borclu deyil. Ermənistan hərbi-siyasi dairələri artıq neçənci gündür ki, Azərbaycanın təmas xəttinə çoxsaylı qüvvə cəmləşdirməsindən və Şuşanın işğalının ildönümü günü irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edir. Lakin böyük ehtimalla bu cür informasiyaların verilməsi ictimai rəyin Ermənistan ordusunun Qarabağda itirdiyi mövqeləri geri ala bilmək üçün növbəti əks-həmləyə hazırlanmasına xidmət edir.
Düşmənin vahimə içərisində olduğunu təsdiqləyən yalnız yerli ekspertlərin dedikləri deyil. Düzdür, erməni tərəfi vəziyyətin kifayət qədər acınacaqlı olduğunu etiraf edir. Hətta ordusunu qidalandırmaq üçün ianələrə ehtiyac duyan ölkənin Azərbaycanın müasir standartlara yiyələnmiş ordusu ilə üz-üzə gəlməsinin məntiqi nəticəsi hər kəsə bəllidir. Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan deyib ki, cəmi 400 milyon dollarlıq hərbi büdcəsi olan Ermənistanın öz ordusuna 3,6 milyard dollar vəsait ayıran Azərbaycanla balansı saxlaması mümkünsüzdür. Ona görə də ali məktəblərdə təhsil alan erməni gənclərin möhlət hüququnun ləğv edilməsi məsələsi gündəmə gəlib. Ermənistan hökumətinin aparat rəhbəri David Arutyunyan isə deyib ki, ay ərzində parlamentdə tələbələrin hərbi çağırışdan möhlət hüququndan məhrum edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Cəbhədə baş verən son hadisələrdən sonra ermənilər Sərsəng su anbarının mühafizəsini gücləndiriblər. Hətta əraziyə İrəvandan xüsusi təyinatlı polis dəstəsi göndərilib. Məlumata görə, düşmən hələ də hesab edir ki, Qarabağda Azərbaycanın kəşfiyyat qrupları var və ona görə də axtarışlarda təlim görmüş itlərdən də istifadə edirlər. Azərbaycanın xüsusi təyinatlılarının bir neçə günlük əməliyyatı düşmənin yuxusunu qaçırıb.
Talış kəndi və Madağiz qəsəbəsində yaşayış yoxdur
Qaçmaq demişkən, ermənilər aprel ayının 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-zərbəsi nəticəsində keçmiş Ağdərə rayonunun Madağiz qəsəbəsi və Talış kəndində qanunsuz yaşayan sakinlərin Ermənistana və Xankəndinə qaçdıqlarını təsdiqləyiblər. “Hazırda Talış kəndi və Madağiz qəsəbəsində yaşayış yoxdur”. Bu sözləri Ermənistan mətbuatına açıqlamasında Talış kənd icmasının rəhbəri Vilen Petrosyan deyib. Petrosyanın sözlərinə görə, aprel ayının 2-dən kənddə yaşayanlar Xankəndinə köçərək hotellərdə məskunlaşıblar.
“Talış kəndi ətrafında mövqe tutan qoşunlarımızdan başqa kənddə heç kim yoxdur” deyə, Petrosyan vurğulayıb. Madağiz qəsəbə məktəbinin direktoru Qeqam Ağacanyan isə bildirib ki, Madağiz qəsəbəsində heç kim qalmayıb: “Belə demək mümkünsə, bu ərazilərə mühüm yüksəklikləri ələ keçirmiş Azərbaycan ordusu nəzarət edir”. Ermənistan mətbuatının yazdığına görə, nə Talış kəndinin, nə də Madağiz qəsəbəsinin sakinləri bir daha geri qayıtmaq istəmirlər.
Ermənistan parlamentində “köhnə hava”
Ermənistan parlamenti “DQR”in tanınması barədə deputatlar Zarui Postancyan və Qrant Baqratyan tərəfindən təklif edilmiş qanun layihəsini müzakirə edəcək.
Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin mayın 5-də keçiriləcək iclasının gündəliyinə salınıb. Sənəd Ermənistan hökumətində müzakirə olunub. Həmin iclasda Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məruzə ilə çıxış edib.
Bu arada Azərbaycan Silahlı Qüvvələrinin arsenalında mövcud olan müasir pilotsuz uçan aparatların qarşısının alınması ilə bağlı Ermənistan Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb. Publika.az-ın İsrail mənbələrindən əldə etdiyi məlumata görə, Ermənistan hökuməti Azərbaycanın hərbi arsenalında mövcud olan pilotsuz uçan aparatların və digər silahların radara düşməməsinin səbəbini öyrənmək üçün xarici ölkələrdən, o cümlədən Rusiya və İsraildən mütəxəssislər dəvət edir. Hazırda Ermənistanın Təhlükəsizlik Şurası rəhbərliyi də bu istiqamətdə səfərbər olunub.
Düşmən ölkə və Qarabağ erməniləri xof işində olmaqla yanaşı, Azərbaycanı hədələməkdən də çəkinmirlər.“Ermənistan özünün istehsal etdiyi gizli silaha malikdir və bu silahı Azərbaycana qarşı tətbiq edə bilərik”.General-mayor Arkadi Ter-Tadevosyan “Lragir” qəzetinə müsahibəsində deyib. Milli.az-ın məlumatına görə, o deyib ki, müharibə ehtimalı artır. “Təbii, ola bilər ki, Azərbaycan Ermənistanı vursun. Lakin Azərbaycan Ermənistanı bombalamağa başlayarsa, ölkəmizdə zərər görə biləcək ən bahalı və önəmli obyekt supermarket olacaq. Bizdə Azərbaycanda olduğu kimi neft mədənləri, borular yoxdur. Biz də Azərbaycanın neft obyektlərini vura bilərik” deyə, Ter-Tadevosyan hədələyib.
Qarabağ müharibəsində iştirak etmiş terrorçuları birləşdirən “Yerkrapa”nın rəhbəri, general-mayor Manvel Qriqoryan isə “bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər”-deməklə 8 mayda Azərbaycana əks-zərbə vura biləcəkləri ilə təhdid edib. Yayılan digər xəbərlərə görə, Ermənistandan Dağlıq Qarabağa göndərilmiş “Toçka-U” taktiki raket buraxılış sistemləri artıq Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində yerləşdirilib.
Sərkisyanın 2 həftə vaxtı var
Ermənilərin qışqır-bağırının klassik erməni hiyləgərliyinin tərkib hissəsi ola biləcəyi istisna deyil. Yəni düşmən Azərbaycanın “hücum planı” barədə saxta informasiyalar yaydıqdan sonra mövqelərimizə hücuma keçə və bunu da özünün “təhlükəsizliyi” ilə əsaslandırıb beynəlxalq aləmdən dəstək qopara bilər. Hər halda, yuxarıdakı qeydlərimiz, üstəlik, düşmənin son günlər təmas xəttinə əlavə qüvvə daşıması da bunu deməyə əsas yaradır. Əksəriyyət belə düşünür ki, Sərkisyanın danışıqlara başlamaq üçün iki həftə vaxtı var və bu müddətdə o, lokal qələbə əldə edib üstün mövqeyə yiyələnmək istəyir.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, 2-5 aprel hadisələrinin Ermənistanda və ümumilikdə erməni cəmiyyətində ciddi qorxu yaratdığı ortadadır: “Əvvəla, Azərbaycan Silahlı Qüvvələrinin ötən illər ərzində ciddi transformasiya keçirərək döyüş qabiliyyətli struktura çevrildiyi məlum oldu. İkincisi, Azərbaycan ordusunun ən son texnoloji nailiyyətlər əsasında hazırlanmış hərbi texnika və sistemlərə malik olduğu ortaya çıxdı ki, müasir müharibələrdə bunların önəmi çox böyükdür.
Eyni zamanda Azərbaycan ordusunda Türkiyə hərbi məktəblərində təhsil almış komandir heyətinin çəkisi yavaş-yavaş artır ki, bunun nəticəsində ordumuz sovet hərbi nizamnaməsi əsasında döyüş aparan erməni komandanlığına tanış olmayan yeni savaş metodları və taktikalarından da istifadə edir.
Bütün bunlar psixoloji üstünlüyün Azərbaycana keçməsinə səbəb olmaqla, qarşı tərəfdə çaşqınlıq yaradıb. Ermənistan rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu genişmiqyaslı hücum etməsi ehtimalını göz önünə alaraq buna qarşı istər diplomatik sahədə, istərsə də təmas xəttində ciddi tədbirlər görməkdədir. Ermənistanın təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını şərt kimi irəli sürməsi məhz bununla əlaqədardır.
Çünki belə bir nəzarət mexanizminin yaradılması Azərbaycan ordusunun işğalçıya yeri gəldikcə lokal zərbələr endirmək imkanlarını əlindən alacaq. Azərbaycan hərbi rəhbərliyinin son aylar həyata keçirməyə başladığı bu taktika çox effektlidir və işğalçını daim gərginlikdə, qorxu içində saxlayır”. Bununla belə, politoloq xatırlatdı ki, qarşı tərəf cəbhə xəttində müdafiə mövqelərini də möhkəmləndirir: “Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Dağlıq Qarabağa son səfəri də bununla əlaqədardır.
Erməni ordusunun preventiv zərbə məqsədilə cəbhədə hücum əməliyyatına başlayacağını güman etmirəm. Çünki bu halda Azərbaycanın əks-hücum əməliyyatlarına başlaması üçün əsas yaranacaq ki, işğalçı belə bir variantı arzulamır. Onlar ən uzağı Azərbaycan ordusunun mövqelərini və son həftələr etdikləri kimi, təmas xətti yaxınlığındakı mülki yaşayış məntəqələrini atəş altında saxlaya bilərlər.
Lakin bu da onlar üçün çıxış yolu deyil, çünki Azərbaycan ordusunun əks-zərbələri ağrılı olur. Ümumiyyətlə, Sərkisyanın hazırkı durumunu pat vəziyyəti kimi xarakterizə etmək olar, onun manevr imkanları xeyli daralıb. Sərkisyan hazırda beynəlxalq ictimaiyyətin diqqətini atəşkəs probleminə yönəldərək münaqişənin həlli üzrə danışıqlardan yayınmağa çalışır. İnsidentlərin araşdırılması mexanizminin yaradılması və etimadartırıcı tədbirlər məsələsini gündəmə gətirməkdə məqsəd budur. Həmin təkliflər Rusiya başda olmaqla, həmsədr ölkələr tərəfindən də dəstəklənir. Hesab edirəm ki, Azərbaycan münaqişənin həllinə dəxli olmayan bu təklifləri qəbul etməməlidir. Bizə atəşkəsin möhkəmləndirilməsi yox, münaqişənin həlli lazımdır”.
Ter-Petrosyan “DQR”də nə danışıqlar aparıb?
Mayın 3-də Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Konstruktiv mövqedən çıxış edəcəyi gözlənilsə də, Ter-Petrosyan fərqli təsir bağışlayıb. Görüşdən sonra o, jurnalistlərə deyib ki, Ermənistan və Dağlıq Qarabağ inamlı və dəqiq hərəkət edir. Bununla belə, eks-prezident mövcud vəziyyətin diktə etdiyi kimi, təmkinli olmağı tövsiyə edib. Bundan öncə Saakyan Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyanla da görüşüb məsləhətləşmişdi. Ermənilərin Qarabağ cəbhəsində nə planlaşdırdığını hələlik konkret demək mümkün deyil. Ancaq Azərbaycan Müdafiə Nazirliyi düşmənin istənilən hücumunu dəf etməyə hazır olduğunu və baş verəcəklərə görə məsuliyyətin Ermənistanın cinayətkar rejiminin üzərinə düşdüyünü bəyan edib.
Musavat.com