Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Şərqdə sivilizasiyanin taleyi həll olunur

 

İnsan sivilizasiyasının və mədəniyyətin taleyi heç də cinsi azlıqlara nikah hüququ verən Vaşinqtonda və uşaq evtanaziyasını leqallaşdıran Brüsseldə həll olunmur.

"Xeberinfo.com":   Bizim də, övladlarımızın da gələcəyi Yaxın Şərqdə həll olunur. Oradakı ölümünə dirənişdən asılıdır: bəşəriyyətin sabahı var, yoxsa işıqları söndürmək zamanıdır...

Deviasiyaları dəyərlər kimi təqdim edən Qərb çoxdan qəlbsizləşib (90 yaşlı Muqabenin Barak Obamaya evlənmək təklifi kimi ironik sataşması da bunu göstərməyə tuşlanıb). Yaxın Şəqdəki barbarlara qarşı savaş isə qlobal Şərə qarşı savaş forması alıb.

Nəticədə hətta Bəşər Əsəd və general Sisi də Qərbin son illərdəki ağaları (Obama, Sarkozi, Klinton, Kemeron və Ko) ilə müqayisədə tamamilə ağ qiyafədə görünürlər. Öz torpaqlarını müdafiə edən prokommunist YPG-dən isə danışmağa dəyməz.

Son günlər vəhşiliyə qarşı müharibənin sərhədləri genişləndikcə, orta əsr barbarları öz qan və ölüm kultunu yeni-yeni ərazilərə yaydıqca dirənişin yekun nəticəsinin sivilizasiyanın xeyrinə bitməyəcəyinə dair pessimist proqnozlar da artmaqdadır. Qərb nəinki qüvvələr nisbətini şərin ziyanına dəyişmək üçün konkret heç nə etmir, əksinə, özünün bəslədiyi, böyütdüyü və bu gün də yemləyidiyi Şərə dəstəyini davam etdirir. Sanki söhbət hansısa lokal münaqişədən gedir.

Halbuki vəziyyət Alber Kamyunun yazdığı kimidir: “Məhşər gününü gözləməyin. O, hər gün baş verir”.

***

Növbə gəlib Misirə çatdı. Sinay yarımadasındakı son hadisələri Misir tarixinin ən irimiqyaslı terror aktı adlandırdılar.

Terrorçularla savaşa “Məhşər günü müharibəsi”ndən (1967-ci il) sonra ən böyük hərbi əməliyyat adı verdilər. General Sisi ölkəsinin müharibə vəziyyətində olduğunu elan etdi.

Əgər “İslam Dövləti” terrorçuları İraq, Suriya, Liviya və Yəməndəki cəbhələrə daha birini əlavə edə bilirlərsə, eyni vaxtda 15 hərbi blok-posta hücum edirlərsə, 70 min əhalisi olan şəhəri (Şeyx Züvəyyad) bir saatın ərzində ələ keçirirlərsə - əlbəttə, söhbət həm onların (və onlara qahmar çıxanların) gücündən, həm müasir müharibələrin tamamilə başqa taktika ilə aparıldığından (kiçik bir dəstə ilə böyük bir şəhərə girib on minlərlə əsgəri savaşa çəkməklə ordunun əl-qolunu bağlamaq olurmuş. Dəməşqin ətraf rayonu olan Cobarda 100 nəfərlik terrorçu artıq aylardır ki Suriya ordusunun 20 min əsgərini rayonu bina-bina təmizləmək üçün səfərbər edib), həm də qlobal müharibədən xəbər verir.

Qəzzafinin xəbərdarlığı vardı: ondan sonra Liviya beynəlxalq terror yuvasına dönəcək. Döndü də. Liviyada hazırlanan başkəsənlər Tunisi də, Misiri də, hətta Sudan və Malini də təhdid edir. Ssenarinin dəhşəti günbəgün artır.

Misirdəki son hadisələr qətiyyən Şimali Afrikanın lokal problemi deyil (necə ki, Suriyadakı savaş sadəcə Suriyanın problemi sayılmamalıdır).

Xronologiyaya nəzər salmaqla ümumi mənzərəni və sonrakı təhlükələri daha aydın görmək olar.

Əvvəlcə iyunun 28-də kamikadzenin maşını havaya uçurması nəticəsində Misirin baş prokuroru Hişam Bərəkət (və daha 10 nəfər) qətlə yetirildi. Bu teraktdan iki həftə əvvəl məhz Bərəkət Misirin eks-prezidenti Məhəmməd Mursiyə ölüm hökmü çıxarmışdı. Odur ki, nəzərlər dərhal “Müsəlman qardaşlar”a tərəf tuşlandı.

Ancaq Mursi tərəfdarları Bərəkətin qətlini hələ də üzərlərinə götürməyiblər. Əvəzində isə günü gündən bu aksiyanın “İslam Dövləti”nin Sinay yarımadasındakı filialı sayılan “Ənsar Beyt” qruplaşmasının icra etdiyinə inam çoxalmaqdadır.

İyunun 30-da baş prokurorun dəfnində Misir prezidenti Sisi özünün indiyədək ən radikal və kamuflyajsız çıxışını etdi. Diqqət kəsilək: general Sisi bildirdi ki, indiyədək terrora qarşı savaşda onun əl-qolunu qanunlar bağlayırdı.

Yəni terrorçulara hökmlər oxunur, onlar məhbəsə yollanır və əməllərini türmə hücrələrindən davam etdirirlər (Güman ki, o, burada Mursinin məhkəmə zamanı məşhur jestini nəzərdə tuturdu. Qəfəsdəki Mursi tərəfdarlarına doğru çevrilərək əlini boğazına çəkib sanki “Başını kəsin” əmrini verirdi).

Sisinin dediklərindən: “Ədalətin qollarını qanunlar zəncirləyib. Qanunlar yaxın bir neçə gündə dəyişdiriləcək, əks halda biz qarşılaşdığımız düşmənlə bacara bilməyəcəyik. İndiki qanunlar normal adamlar haqqındadır! Əgər ölüm hökmü çıxarılsa, hökm icra olunacaq. Heç bir istisna olmayacaq!”

Beləliklə, söhbət “sürətli məhkəmə”dən gedir. Yəni terrorçu özünü müdafiədən məhrum olunur, hakim müdafiə tərəfinin şahidlərinin ifadələrini nəzərə almır, müharibə qanunlarına uyğun olaraq müasir “səhra məhkəmələri” və “üçlüklər” formalaşdırılır, ölüm hökmü az vaxtda yerinə yetirilir.

Yəqin ki, “humanist” Qərb Sisini qəddarlıqda və demokratik dəyərləri saya almamaqda suçlayacaq. Ancaq gün kimi aydındır: söhbət ya kapitulyasiyadan, ya da adekvat üsullarla mübarizədən gedə bilər.

Sisinin bu çıxışının səhərisi gün onun düşmənlərindən cavab gəldi. Əvvəla, iyulun 1-də Misir polisi paytaxtdakı mənzillərin birində “Müsəlman qardaşlar”ın 9 rəhbər üzvünü qətlə yetirdi (o cümlədən onların arasında artıq məhkəmənin qiyabi şəkildə ölümə məhkum etdiyi 2 nəfər də vardı) və “Müsəlman qardaşlar” cəmisi bir neçə saat sonra öz bəyanatlarını yayaraq “Misir xalqını diktatora qarşı üsyana qalxmağa” çağırdı.

Ancaq daha qorxulu hadisələr elə həmin gün Sinay yarımadasında baş verdi - “İslam Dövləti” silahlıları yarımadanın şimalındakı Şeyx-Züvəyyad şəhərinə hücum etdi.

1967-ci il müharibəsi zamanı İsrail tərəfindən işğal edilən yarımada sonrakı illərdə hissə-hissə Misirə qaytarılıb. Məşhur Şarm əş-Şeyx kurortu da Sinayda yerləşir. İyulun 1-də terrorçuların 300 nəfərlik dəstəsi Şeyx-Züvəyyad şəhəri ətrafındakı 15 hərbi blok-posta eyni vaxtda hücum edir, partladıcı ilə dolu bir neçə avtomobil kamikadzelər tərəfindən partladılır. Misir əsgərləri qətlə yetirilir və əsir alınır, Şeyx-Züvəyyadın əksər məhəllələri islamçıların nəzarətinə keçir. Onlar şəhərə gələn yolları minalayır, dinc əhalidən isə “canlı qalxan” kimi istifadə edirlər.

Misir ordusu hərbi təyyarələr və F-16 qırıcılarından da istifadə etməklə şəhəri bir sutkalıq döyüşlərdən sonra demək olar ki geri qaytarıb. Misir ordusunun itkiləri 65 ölü və 100 yaralıya bərabərdir. Dinc əhali arasında itkilərin sayı dəqiq bilinmir. Öldürülən islamçıların sayı 100-ü keçib.

Aydın məsələdir ki, “Ənsar Beyt”in bu aksiyası Sinaya hücum ssenarisində bir məşq idi.

Sisi ölkəsinin müharibə vəziyyətində olduğunu söyləyəndə yanılmır. İslamçıların bu qədər geniş arealda savaşa bilməsi və asanlıqla yeni cəbhələr açmaq bacarıqları irəlidə qanlı və üzücü savaşlardan xəbər verir.

Misirdə müharibə isə bütün Şimali Afrikanın və Yaxın Şərqin (İsrail də daxil olmaqla) mənzərəsini büsbütün dəyişməklə bərabər, Avropanın cənubunu da real təhlükə ilə üz-üzə qoyur. Göründüyü kimi, daha ağlı olan heç kəs “Bu, Suriyanın problemidir”, “Bu, Misirin baş ağrısıdır”, yaxud “İraqın daxili işidir” kimi şablon və aldadıcı ifadələri dilinə gətirməməlidir.

Qloballaşmadan danışırdınız? Buyurun, sizə şərin qloballaşmasını sırıdılar.

“Şərə qarşı ya savaşırlar, ya da şərlə əməkdaşlıq edirlər” - Kamyu yazırdı.

Üçüncü variant yoxdur. O başqa problemdir ki, hələ də Qərb dövlətləri seyrçi qalmaq kimi üçüncü (və qeyri-real) varianta inanırlar. Onları hazırda sivilizasiyanın taleyi və insan övladının gələcəyi ilə heç bir bağlılığı olmayan “problemlər” məşğul edir...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam