Naxçıvandakı müəmmalı ölümün yeni təfərrüatları - Mərhumdan nə qədər "hörmət" istəyiblər?-İLGİNC
Bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda baş vermiş müəmmalı ölümün yeni təfərrüatı bəlli olub.
Yenixeber.org: Yerli sakinlərdən aldığımız məlumata görə, 3 gün əvvəl səhər tezdən Babək rayon polis idarəsinə çağırılan Yasin adlı Nehrəm kənd sakini bir neçə saatlıq “proflaktik” söhbətdən sonra evə buraxılır.
İddialara görə, ondan kəndlisinə 2 şillə vurduğu üçün 5 min manat “cəza” tələb olunub və axşama qədər bu məbləği qohum-əqrabalarından toplayıb gətirməsi tapşırılıb. Mərhum möhlət müddətinə qədər həmin pulu tapa bilmədiyindən polis idarəsinə əliboş qayıdıb. Bununla işgəncə prosesi başlayıb.
Mərhumun fotosu
Bildirilir ki, öz ayağı ilə ikinci dəfə əcəlinin ayağına gələn mərhumu əvvəl polis bölməsinin ayaqyolusunu yumağa məcbur edirlər. Onun bu tələbi yerinə yetirib-yetirmədiyi bilinmir. Daha sonra mərhumun əlinə süpürgə verib polis idarəsinin qabağını süpürtdürürlər. Bu zamana qədər baş verənləri də məhz onun özü təsadüfən yolda gördüyü kəndlisinə danışıb və həmin görüş mərhumun yaxınlarıyla son təması olub.
Küçə təmizləmə əməliyyatından sonra yenidən polis idarəsinin binasına aparılan Yasinin ailəsi bir də gecə saat 3 radələrində telefon səsinə oyanır. Babək rayonunun polis idarəsindən edilən zəngdə Yasinin valideynlərinə övladlarının intihar etdiyi və gəlib ölülərini aparmaları bildirilir. Ailə Babək rayonunun polis idarəsində dəhşətli mənzərə ilə qarşılaşır: Yasinin bütün bədəni yanmış vəziyyətdə olur.
Ailəyə bu yanmanın səbəbi intihar kimi izah olunur. Guya Yasin polis idarəsindəki təcridxanada hardansa benzin tapıb özünü yandırıb. Təcridxanaya benzinin necə gəlib çıxdığı, polislərin onun intihar cəhdinə niyə mane olmadıqları, özünə od vurduqdan sonra niyə atəşi söndürməkdikləri barədə suala isə cavab verən olmayıb. Cavab əvəzinə ailəyə hədə-qorxu gəlinib. Polis idarəsində onları elə qorxudublar ki, dünəndən bütün cəhdlərimizə baxmayaraq, bizə məlumat verməkdən çəkinirlər.
Qeyd edək ki, Nehrəm kənd sakini olan mərhum qonşusuna əl qaldırdığı üçün polis idarəsinə dəvət edilib və bu dəvəti alan kimi dərhal idarəyə gedib. Muxtar “qanunvericiliyə” əsasən cəzasını ödəmək niyyətilə pul tapmaq üçün evə buraxıldıqdan sonra möhlət vaxtı bitincə yenə öz ayağıyla polis idarəsinə qayıdıb. Asayişi və insanların həyatını qorumaqla mükəlləf olan polisdən isə onun yanmış meyiti çıxıb.
Aldığımız məlumata görə, ailə dəfələrlə Naxçıvan Ali Məclisinə şikayətə getsə də, onları qəbul edib dərdlərini dinləyən olmayıb və indiyədək baş vermiş insidentlə bağlı heç bir ölçü götürülməyib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Ələkbərov Fazil Nəriman oğlu kiçik diyarın böyük liderinin qudasıdır və polis orqanlarında baş verən özbaşınalıqların fonunda bu fakt heç də yaxşı təəssüratlar yaratmır.
Sonda onu da bildirək ki, dünəndən ictimailəşdirdiyimiz hadisəyə Muxtar Respublikanın Daxili İşlər Nazirliyi tərəfindən hələ ki, heç bir rəsmi reaksiya verilməyib, iddialara aydınlıq gətirilməyib. Ümidvarıq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ictimailəşdirdiyimiz faktla bağlı araşdırmalar aparacaq və baş verənlərlə əlaqədar ictimaiyyəti məlumatlandıracaq.
Araşdırmalarımız davam edir.(ovqat com)
P.S. Qarşı tərəfin mövqeyini nəinki yayınlamağa hazırıq, hətta böyük səbirsizliklə gözləyirik