Yenixeber.org: Azərbaycanda COVİD-19 infeksiyasından həyatını itirənlərin sayı 160-ı ötüb. Təkcə iyunun 22-də 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Bununla da ölkədə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib. Hazırda 5 878 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.
İyunun 22-də aparılan COVİD-19 testlərinin sayı 4345 olub. Ötən müddət ərzində respublikamızda 426 394 test aparılıb. Bu heç də kiçik rəqəm deyil, xüsusən bir testin qiyməti baxımından.
Görülən inzibatı tədbirlər gözlənilən effekti vermədi
Azərbaycana koronavirusu aşkar edən testi hansı şirkətlərin idxal etməsi, testlərin qiyməti, bu testi aparan laboratoriyaların necə seçilməsi bu gün cəmiyyəti ən çox düşündürən suallardır. Bir tərəfdən COVİD-19 hər gün can almaqda davam edir, digər tərəfdən xüsusi karantin rejimi aylardır uzanır. Xüsusən ölkənin 9 böyük şəhərində yenidən xüsusi karantin rejimi tətbiq edilib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində insanlar 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək evdən SMS icazə ilə çıxa biləcəklər. Bundan əvvəl isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 5-dən 27-dək bütün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edib.
İyunun 6-7-də və 14-15-də isə paytaxt və hazırda karantin rejimi tətbiq edilən ərazilərdəki məhdudiyyətlər vətəndaşlarla polis arasında qarşıdurma yaranmasına səbəb oldu. Sonradan isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəsmi açıqlama verərək həftəsonu məhdudiyyətlərin effektiv olmadığını açıqladı. “Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”,- deyə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirdi.
Baxmayaraq ki, iyunun 4-də keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əksini söyləmişdi: “Biz də bu özünütəcridin nəticəsi barədə bir və ya iki həftə sonra məlumat verə biləcəyik. Aparılan təhlillər göstərir ki, burada müsbət təsir mütləq olacaqdır”.
Qeyd: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılıb. 1 yanvar 2020-ci il tarixdən Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanalar və tibb müəssisələri bu qurumun tabeliyinə keçirilib.
TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
Azərbaycanda kifayət qədər test ehtiyatı var: amma kim necə idxal edir?
Ramin Bayramlı deyir ki, Azərbaycanın koronavirusu aşkara çıxaran testlərlə bağlı ehtiyatı kifayət qədərdir: “Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir. Ölkədə testlərin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil. Hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir”.
TƏBİB-dən bu laboratoriyaların necə seçilməsi haqda məlumat almaq mümkün olmayıb. Qurumun mətbuat katibi Rəvanə Əliyeva deyib ki, həmin laboratoriyalar dövlətə məxsusdur, tenderlə bağlı məlumatsızdır. Əslində isə laboratoriyalardan biri TƏBİB sədrinə məxsusdur.
Ramin Baba oğlu Bayramlının TƏBİB sədri təyin olunarkən yayılan tərcümeyi-halında göstərilir ki, əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir.(reportyor.info)