11 sentyabrın 18 ili - ucalıqdan yıxılan Amerika tarixi... - FOTOLAR, VİDEO
ABŞ qlobal terrorizmə niyə qalib gələ bilmir?..
Yenixeber.org: Dünyanın gedişatına təsir edən 11 sentyabr terror hadisəsindən 18 il ötür. 21-ci əsrin taleyini dəyişən, Əfqanıstanın, İraqın işğalı, ABŞ-ı dünyanın onlarla ölkəsində əməliyyatlara sövq edən bu qanlı olay antiterror kampaniyasının başlamasına səbəb oldu. Amma 18 ildir davam edən əməliyyatlar başa çatmadı. ABŞ 2001-ci ilin sentyabrında elan etdiyi terrorun kökünü qazımaq vədini yerinə yetirə bilmədi.
Əksinə, “Əl-Qaidə” hələ də mövcudluğunu qoruyub saxlayır. Üstəlik, 5 il əvvəl “Əl-Qaidə”dən daha təhlükəli olan İŞİD meydana çıxdı və dünya bir daha ağır təhdidlə qarşı-qarşıya qaldı. ABŞ bu gün də 60-dan çox ölkə ilə birlikdə qlobal terrorizmə və İŞİD-ə qarşı mübarizə aparır.
Hər şey 2001-ci il sentyabrın 11-də baş verdi. Əlbəttə, terrorun əsası çox illər əvvəldən qoyulmuşdu. 11 sentyabr isə sözün bütün mənalarında partlayış idi. ABŞ tarixində ən qanlı terror aktı sentyabrın 11-i cümə axşamı günü baş verdi. Səhər saat 8:46-da “American Airlines 11" reysli təyyarə Nyu-Yorkdakı məşhur ”Əkiz Binalar"ın şimal qülləsinə çırpılır. Təqribən 20 dəqiqə sonra “United Airlines 175" reysli təyyarə Cənub Qülləsini vurur. Daha bir təyyarə isə ABŞ Müdafiə Nazirliyinin binasına çırpılır. 4-cü təyyarə isə havada vurulub salınır.
Təyyarələri “Əl-Qaidə” terrorçuları idarə edib. Qüllələr vurulan an hər iki binada ümumilikdə 14 000 adamın işlədiyi, 90-cı mərtəbədən aşağıdakı mərtəbələrdə olan adamların çoxunun salamat şəkildə evakuasiya olunduğu bildirilir.
11 sentyabr hücumları nəticəsində 2996 adam həlak olub, 6000-dən çox adam isə yaralanıb. Qaçırılmış dörd təyyarədə 265, Dünya Ticarət Mərkəzində 2606, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında isə 125 nəfər ölüb. Bu hücumlarda həmçinin 19 terrorçu “Əl-Qaidə” üzvü ölüb.
ABŞ Federal Təhqiqatlar Bürosu 72 saat ərzində terrorçular haqqında ətraflı məlumatları toplayıb. Və tezliklə ABŞ prezidenti “Əl-Qaidə”yə qarşı qlobal savaş elan edib. Ancaq 2001-ci il 11 sentyabr hadisələrindən əvvəl də “Əl-Qaidə” ABŞ-a məlum idi. 1998-ci ildə “Əl-Qaidə” Keniyanın paytaxtı Nayrobi və Tanzaniyanın paytaxtı Dar əs-Salamda ABŞ səfirliklərinə qarşı törətdiyi terror aktlarında 200 nəfər ölmüş, 4000 nəfərə yaxın insan zərər çəkmişdi.
“Soyuq müharibə”nin yeni başa çatdığı 90-cı illərdə ABŞ artıq yeni düşmənlə qarşılaşmışdı. Amma bu yeni düşmən “yad” deyildi, 1980-ci illərdə Əfqanıstanda SSRİ-yə qarşı aparılan və Vaşinqtonun dəstəklədiyi cihad müharibəsinin “meyvəsi” idi.
Əfqan müharibəsinin “meyvəsi”
“Əl-Qaidə” təşkilatı bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi Pişəvər sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi. Ümumiyyətlə, həmin illərdə Əfqanıstanda sovetlərə qarşı savaşın ideoloji bazasını məhz islamçılar təşkil edirdi. Müsəlman alimləri SSRİ-yə qarşı cihad fətvası vermişdi, tezliklə Afrikadan Pakistana qədər müxtəlif ölkələrdən radikal fikirli müsəlmanlar Əfqanıstana və ya Pakistana gələrək cihad təşkilatlarına qoşulur və sovetlərə qarşı “müqəddəs müharibə”də iştirak edirdilər. “Əl-Qaidə” məhz bu illərdə formalaşıb - həm təşkilati, həm də ideoloji olaraq.
“Əl-Qaidə”nin gələcək lideri Üsəma bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Ancaq təbii ki, varlı Üsəma döyüşlərə qatılmırdı, daha çox silahlı fəaliyyətləri maliyyələşdirirdi. Çünki onun ailəsi ən varlı tikinti maqnatlarından biri idi.
1996-cı ildə “Taliban” Əfqanıstanın paytaxt Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra “Əl-Qaidə” fəallaşır. 1998-ci ildə “Əl-Qaidə” Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində “əkiz qüllələr”, Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur.
“Əl-Qaidə” qlobal təhdidə çevrilir
11 sentyabrdan dərhal sonra ABŞ hakimiyyəti Talibana ultimatum verərək “Əl-Qaidə” liderlərini təhvil verməyi tələb edir. Ancaq Taliban hakimiyyəti bu tələbi rədd edir. Bundan sonra Vaşinqton Əfqanıstana qarşı müharibə elan edir və oktyabrın birinci ongünlüyündə ABŞ ordusu Əfqanıstan şəhərlərini ələ keçirməyə başlayır.
ABŞ ordusu Əfqanıstanın əsas şəhərlərini ələ keçirib yeni Əfqanıstan hökuməti formalaşdırsa da, “Əl-Qaidə”ni məhv etmək mümkün olmur. İki ildən sonra İraq da “Əl-Qaidə”ni himayə etmək ittihamı ilə işğal olunur. Ancaq “Əl-Qaidə” liderləri və Usəma bin Ladeni ələ keçirmək mümkün olmur.
“Əl-Qaidə” artıq Əfqanıstan və Pakistan sərhədlərindən çıxaraq dünyanın müxtəlif regionlarında terror hücumları təşkil edir. 2004-cü ilin mart ayında Madriddə qatar partlayışı nəticəsində 200 adam, 2005-ci ildə Londonda törətdiyi terrorla 52 adam ölür.
Həmin vaxt ABŞ rəsmiləri “Əl-Qaidə”nin dünyanın 65 ölkəsində tərəfdarlarının olduğunu bildirirdi. Pakistandakı “Əl-Qaidə” müttəfiqləri “Ləşkəre-Janqvi” və “Leşkere-Taiba” qruplarıdır. “Leşkere-Taiba” qruplaşmasının lideri Hafiz Məhəmməd Səid “Əl-Qaidə”nin yaradılmasında iştirak edib. Qrup 174 adamın ölümünə bais olmuş 2008-ci ildəki Mumbay hücumunu təşkil edib. Bundan başqa, Haqqani və digər Talibana yaxın qruplar da “Əl-Qaidə” ilə müttəfiq olub.
Filippində “Əbu Səyyaf” qruplaşması əvvəlcə “Əl-Qaidə”yə bağlı olsa da, sonradan İŞİD-ə qoşulduğunu bəyan edib. “Əl-Qaidə”yə bağlı daha bir qruplaşma İndoneziyada “Camah İslamiyyə” qruplaşmasıdır. Bundan başqa, Keniyada, Tanzaniyada “Əl-Qaidə” bölmələri mövcud olub. Nigeriyada isə “Boko Haram” qruplaşması, İŞİD, “ən-Nusra” kimi bir sıra törəmə qurumları mövcud olub.
Ərəbistan yarımadasındakı “Əl-Qaidə” 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb. “Əl-Qaidə”nin Afrika qolu olan “İslam Məğribindəki ”Əl-Qaidə" Əlcəzair, Mali və Nigerdə fəaliyyət göstərir. 1990-cu illərdəki vətəndaş müharibəsi vaxtı yaradılmış təşkilat 2007-ci ilədək “Vaiz” və “Döyüş naminə Sələfi” qrupu adını daşıyıb. Təşkilatın lideri Abu Musab Əbdülvəduddur.
2011-ci il mayın 2-də ABŞ ordusu xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində “Əl-Qaidə” lideri Usəma bin Laden Pakistanın Abbotabat şəhəri yaxınlığında evində öldürüldü. Məlum oldu ki, dünyanın “1 nömrəli terrorçusu” Pakistan ordusunun əsas qərargahlarından biri hesab olunan şəhərdə uzun müddət ailəsi ilə birlikdə yaşayıb. Bu hadisə ABŞ və Pakistan arasında münasibətlərin pisləşməsinə səbəb oldu.
Bin Ladenin ölümü “Əl-Qaidə”nin məhv olmasına səbəb olmur. “Bir nömrəli terrorçu”nu müavini, misirli Ayman əz-Zəvahiri əvəz edir. Həmin il başlayan “ərəb baharı” müharibələri isə Yaxın Şərqdə “Əl-Qaidə” yenidən qol-qanad açdı.
“Ərəb baharı” “Əl-Qaidə”yə ikinci nəfəs oldu
“Əl-Qaidə”nin növbəti dəfə parlaması “ərəb baharı”ndan sonraya təsadüf edir. “Ərəb baharı” nəticəsində Liviya, Suriya, İraq, Yəmən kimi ölkələrdə baş qaldıran vətəndaş müharibələri “Əl-Qaidə” kimi cihad ideologiyalı təşkilatlar üçün münbit zəmin idi. Bu səbəbdən də çox tezliklə Liviyada, Suriyada, İraqda, o cümlədən Yəməndə “Əl-Qaidə” fəallaşdı. Ancaq qruplaşmanın ən ciddi fəallığı Suriyada müşahidə olundu.
“Əl-Qaidə”nin Suriya və İraqda iki qanadı fəaliyyət göstərib. Ancaq hazırda təşkilatın Suriyadakı əsas təmsilçisi məhz “ən-Nusra” cəbhəsi, ya da indiki adı ilə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasıdır. “Ən-Nusra” Cəbhəsi 2011-ci ilin sentyabr ayında Suriyada yaradılıb. İlk dəfə 2012-ci il yanvarın 23-də adı elan olunub. Həmin vaxt təşkilatın tam adı “Cabhat an-Nusra li-əhli-Şam” Şam Əhli üçün Yardım Cəbhəsidir. “Əl-Qaidə”nin Suriya qoludur. Qruplaşma lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək olmasına baxmayaraq, “Ən-Nusra”nın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə “Əl-Qaidə” lideri Ayman əz-Zəvahiri “Ən-Nusra” Cəbhəsini rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib.
“Ən-Nusra” Cəbhəsi bütün dünyada terror təşkilatı kimi tanınır. ABŞ və bir sıra dövlətlər tərəfindən terror təşkilatı siyahısına salınıb. “Ən-Nusra” Suriyada 3 ən güclü silahlı təşkilatdan biri hesab olunur. Bəzi məlumatlara görə, Nusra Cəbhəsinin 6-10 min arası döyüşçüsü var. Hazırda təşkilat əsasən Suriyanın şimalında - İdlib vilayətində möhkəmlənib. Bəşər Əsəd qüvvələrinin İdlibə hücuma hazırlaşdığı haqda xəbərlər yayıldıqdan sonra Nusra Cəbhəsi liderləri digər islamçı qruplarla ittifaq sazişi imzalayıb.
Nusra Cəbhəsi Dəməşqdə bir sıra terror hücumlarının, eyni zamanda ələ keçirilən hökumət tərəfdarlarının edam səhnələri ilə yadda qalıb. Qruplaşma lideri Əbu Məhəmməd Əl-Colaninin əsl adı Üsamə əl-Haddavidir, Suriyanın Deyr əz-Zor bölgəsindəki əş-Şəhil şəhərində doğulub. Bəzi məlumatlara görə, 2003-cü ildə Amerika İraqı işğal etdiyi zaman Dəməşq Universitetinin tibb fakültəsində təhsil alan Colani təhsilini buraxaraq İraqa gedib. Burada “Əl-Qaidə”nin İraq qoluna qoşulub. 2010-da həbs olunub və bir il sonra həbsdən buraxılıb.
Daha əvvəl “Ən-Nusra” və İŞİD qruplaşması vahid bir təşkilat olub. Hətta mənbələrdə Colaninin İraqdan məhz İŞİD lideri Əbubəkr Bağdadi tərəfindən Suriyaya göndərildiyi haqda məlumatlar yer alıb. Bildirilir ki, Nusra Cəbhəsi Suriyada məhz İŞİD və “Əl-Qaidə” adına savaşıb. Ancaq sonradan İŞİD qruplaşması da öz fəaliyyətini Suriyaya keçirib və Əbubəkr Bağdadi 2013-cü ildə iki qruplaşmasının birləşdiyi və “İraq-Şam İslam Dövləti”nin yaradıldığını elan etdikdən sonra iki lider arasında münasibətlər soyuyur. Colani İŞİD-ə qoşulmur.
Daha sonra iki qruplaşma arasında kiçik toqquşmalar, zəbt olunmuş ərazilərə nəzarət uğrunda qarşıdurmalar qeydə alınıb. İŞİD bir neçə Nusra Cəbhəsi komandirini qaçıraraq qətlə yetirib. 2014-cü il yanvarın 3-də isə iki qruplaşma arasında qanlı müharibə başlayıb. Bu toqquşmalarda Suriyada fəaliyyət göstərən digər islamçı qruplar Nusra Cəbhəsini dəstəkləyib. Ancaq buna baxmayaraq, İŞİD-ə üstün gəlmək mümkün olmayıb.
İraq və Şam İslam Cəbhəsi
Qəribə də görünsə, indi bir-biri ilə düşmən olan İŞİD də “Əl-Qaidə”nin yerli təşkilatı olub. İŞİD qruplaşması 2004-cü ildə İraqın ABŞ və müttəfiqləri tərəfindən işğalından sonra bu ölkədə qurulub. “Əl-Qaidə”nin İraq qolu olaraq yaradılan qruplaşmanın əsas hədəfi amerikalılar və şiə qruplar olub. Daha sonra İraq İslam Dövləti adını almış qruplaşmaya iordaniyalı, daha əvvəl Əfqanıstanda vuruşmuş Əbu Musab əz-Zərqavi olub. 2006-cı ildə Amerika ordusunun zərbələri nəticəsində Əbu Musab əl-Zərqavi öldürülüb. Bundan sonra qruplaşmaya misirli Əbu Əyyub əl-Məsri, ondan sonra isə Əbu Ömər gətirilib. Bu dövrdə ara-sıra fəallaşan qruplaşmanın fəaliyyəti əsasən İraqda olub. 2010-cu ildə qruplaşmanın başına hazırkı lideri Əbu Bəkr əl-Bağdadi gətirilib. 2013-cü ildə isə iki qruplaşma arasında yollar ayrılıb.
2014-cü ilin avqustunda ABŞ hökuməti İŞİD-ə qarşı mübarizə məqsədilə beynəlxalq koalisiya yaradır. Koalisiyaya 64 dünya dövləti üzv olur. Bu dövlətlərin bir qismi İraq və Suriyada İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlara aktiv şəkildə qatılıb, hərbi texnika və əsgər göndərib. Koalisiya hazırda da davam edir.
Ancaq İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğradıldığı elan edilsə də, hər iki qruplaşma gizli şəkildə fəaliyyətini davam etdirir. Dünyanın qeyri-sabit, kasıb, normal dövlət sistemlərinin olmadığı, sosial ədalət, insan haqq və hüquqlarının qorunmadığı ölkələr terror təşkilatları üçün baza rolunu oynamaqda davam edir. (Yeni Müsavat)