TÜRKLƏRDƏN TÖRƏYƏN RUS MƏŞHURLARI: “... mən fəxr edirəm ki, yarıtürkəm” –Araşdırma
Don kazakları
Son illərdə müşahidə olunan Türkiyə-Rusiya yaxınlaşması bir sıra yönlərdə yaddaşları oyadır və maraqlı faktlar yenidən dövriyyəyə girir. “Media Günlügü”nün (Türkiyə) müəllifi Fuad Səfərovun rus-türk qan bağları haqda oxucularımıza təqdim etdiyimiz araşdırması da bu qəbildəndir…
Yenixeber.org: Rusiyanın “Rossiya 24” dövlət telekanalının populyar aparıcısı Anna Baldina rusdur, amma dərisinin qarabuğdayı rənginə görə onu bəzən türk, gürcü, iranlı, bəzən isə azərbaycanlı, ya da erməni sayırlar. Baldina sosial şəbəkələrdə öz akkauntunda başına gələn maraqlı hadisələri nağıllayaraq qeyd edir ki, o, sözsüz, rusdur, amma ata tərəfdən damarlarında Don kazaklarının qanı axır. Anna deyir ki, Dona (Rusiyanın güneyinə) bir zamanlar türk və qaraçı qızları gətiriblər və örnək kimi məşhur sovet yazıçsı Mixail Şoloxovun əsəri üzrə çəkilmiş “Sakit Don” filminin qəhrəmanı kazak Qriqori Melexovu göstərir.
Slavyanlardan törəmiş (başqa bir versiyaya görə, kazaklar birbaşa türk xalqlarının törəmələridir-tərc.) Don kazaklarının türklərlə qohumluğu haqda Rusiyada çoxdan bəllidir. Don kazaklarının nəslindən məşhurların qanına türk qanı da qatılıb. Annanın bəhs etdiyi filmdəki əhvalat Şoloxovun özünün də doğulduğu kazak kəndində baş verir. Baş qəhrəman kazak Qriqori Melexov da bu kəndin sakinidir. Onun babası Rusiya-Türkiyə savaşı zamanı Türkiyədən oğurlanmış türk qızına evlənib və buna görə də Qriqorinin də damarlarındakı türk qanıdır. Melexovun burnu türk nənəsinin burnuna oxşasın deyə filmin çəkilişi zamanı hər gün qrimçilərin ikisaatlıq çox diqqətli işi tələb olunub. Rusiya tarixçilərinin fikrincə, Don kazaklarının türk qızları ilə evlənməyinə bir neçə səbəb olub. Birinci səbəb siyasidir. Ruslar və türklər arasında yüzilliklər boyu savaşlar gedib. Rus çarları hərbi güc kimi kazaklara çox güvənib və onlara sərhədyanı özəl ordu statusu veriblər. Kazaklar sonralar Qara dəniz sahillərindəki Türkiyə torpaqlarına basqınlar ediblər. Onlar bu yürüşlərdən boş əllə qayıtmayıblar. Kazaklar silah, gümüş qablar, parçalar, qiymətli daş-qaş kimi qənimətlərlə yanaşı oğurladıqları qızları da özlərilə gətiriblər. Belə qadınlara “yasırka” (əsir/yesir-tərc.) deyiblər. Rus tarixçilərinin qeyd etdikləri kimi, kazaklar türk qızlarını gözəlliklərinə görə oğurlayıb və onlara, doğrudan da, vurulublar. Türk qadınlarının geyimi kazak qadınların ənənəvi libasına xeyli dərəcədə təsir edib. Kazak kəndlərində çoxlu türk elementlərilə üzləşmək olar.
Rəssam və şairə Anna Timiryeva (1893-1975), hesab edildiyi kimi, Rusiyanın türk kökü olan məşhurları arasındadır. O, tarixə rus admiralı Aleksandr Kolçakın sevgilisi kimi düşüb. Bəllidir ki, Timiryevanın nənəsi türk qızı olub. “Admiral” filmində qəhrəman Timiryeva bundan danışır və kazaklar tərəfindən türk qızlarının oğurlanması hallarını yada salır. Kolçak bundan sonra deyir: “Mənim də kökümdə türklər var…” Timiryeva isə qədəh qaldıraraq sağlıq deyir: “Onda türklərin şərəfinə!” Hesab olunur ki, Kolçak XVIII yüzllikdə yaşamış İlyas Paşanın nəslindən çıxıb.
Rusiyanın məşhur teatr və kino aktrisalarından biri Kristina Kuzmina “Rossiya” telekanalının verilişlərindən birində öz duyğusallığını damarlarındakı türk qanına görə qeyd edib. Kuzmina özündən danışarkən vurğulayıb ki, uğurlarına görə öz xarakterinə borcludur. “Hansısa bir qərarı qəbul edirəmsə, bu, qətidir, – o, nağıl edib. – Mən çox duyğusalam. Çünki damarlarımda həm türk, həm də Don kazaklarının qanı axır”.
Rusiyanın görkəmli kino və teatr aktyoru Mixail Derjavin Sovet İttifaqının marşalı Semyon Budyonnı haqda xatirələrini bölüşərək çar dönəmindəki türk-kazak nigahları mövzusuna toxunub. “Don kazaklarının, demək olar, hamısının burnu azca donqardır. Budyonununku da eynən beləydi. O mənə izah edərdi: “Bizm ulu babalarımız Türkiyədən qız oğurlayıblar. Axı onlar son dərəcə yaxşı bişirir, boy-buxunluydular, bircə rusca pis danışır, susardular”.
Məşhur sovet yazıçısı Konstantin Paustovskinin də (1892-1968) nənəsi türk qızı olub. Paustovski Nazim Hikmətə məktubunda öz duyğularını bölüşür: “Bəlkə də, bizim qarşılıqlı rəğbətimiz bununla izah olunur ki, mən yarıtürkəm. Nənəm Frakiyada (Türkiyədə Rumeli-tərc.) Qazanlıqda doğulub. Fəxr edirəm ki, məndə türk qanı var. Mən türk fəhlə və kəndlilərini çox sevirəm”.
Rus tarixçilərinin məlumatına görə, yazıçının babası kazak olub, Rusiya-Türkiyə savaşına qatılıb, əsir düşüb və vətənə dönərkən özü ilə Fatimə adında bir qız gətirib. Yazıçı “Uzaq illər” kitabında nağıl edir ki, nənəsi Fatiməxristianlığı və yeni ad – Qonorata – qəbul edib. O yazır: “Nənəm Fatimə dedikcə gözəl, amma zəhmli qadın idi. Biz ondan babamızdan az qorxmurduq və gözünə görünməməyə çalışırdıq”.
Tərcümə: Strateq.az