Ermənistan səfirlərini İrəvana topladı- işğalçı dövlət Bakının qəfil hücumundan qorxur
Ermənistan XİN rəhbəri Putinin İrəvana səfərinə qədər Elmar Məmmədyarovla heç olmasa şəkil çəkdirməyə çalışır; Tofiq Zülfüqarov: “İndiki halda Ermənistan üçün növbəti görüş taktiki baxımdan çox vacibdir, Azərbaycanın isə indiki halda danışıqlara qatılması...”
Yenixeber.org: Ermənistan Xarici İşlər Nazirliyində (XİN) qurumun mərkəzi aparatı və diplomatik korpusun rəhbərlərinin toplantısı keçirilib. İclasda çıxış edən XİN başçısı Zöhrab Mnatsakanyan ölkəsinin prioritet saydığı məsələlərdən danışıb, tapşırıqlar verib, mesajlarını çatdırıb.
Maraqlısı budur ki, Mnatsakanyan həm narahatlığını büruzə verib, həm də təhdidlə danışıb. “Ermənistanın blokadası və Azərbaycana Qarabağ məsələsində dəstək verilməsi ölkəmizin təhlükəsizliyi üçün təhdid yaradır” - deyə, nazir bildirib. XİN başçısı əlavə edib ki, Türkiyənin Ermənistanla diplomatik münasibətlərin bərpasından imtinası, iqtisadi blokada, “erməni soyqırımı”nın inkarı, eləcə də Azərbaycana Qarabağ məsələsində dəstək Ermənistan üçün ciddi təhlükəsizlik təhdidi yaradır.
Diqqət çəkən həm də budur ki, Dağlıq Qarabağ danışıqlarının yenidən dalana dirəndiyi bir vaxtda Ermənistan müharibənin başlanmasına zəmin yaradacaq mövqe sərgiləyib. Zöhrab Mnatsakanyan “öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün “qırmızı xətt” olduğunu deyib. (Publika.az) “Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır. Azərbaycan sülh istəyirsə, Qarabağın seçilmiş hakimiyyəti ilə danışıqlara getməlidir. Ermənistan Qarabağ sakinlərini təhlükə altına qoyacaq və ”öz müqəddəratını təyin etmə" prinsipini məhdudlaşdıracaq həll variantı ilə razılaşa bilmir", - deyə, nazir iddia edib. Mnatsakanyan yenidən baş nazir Nikol Paşinyanın “Qarabağ danışıqlarda tərəf olmalıdır” tezisini gündəmə gətirib və qeyd edib ki, bu, Ermənistanın əsas şərtidir.
Qeyd edək ki, Ermənistanın bu şərti liderlərin sonuncu Vyana görüşündə sıradan çıxarılmışdı, lakin görünür, işğalçı ölkə yenidən danışıqlar prosesini pozmaq niyyətindədir, hərçənd bu, müharibənin başlanması da demək olacaq.
İrəvanda keçirilən toplantının ənənəvi olduğu qeyd olunur. Əvvəlki illərdə də diplomatların Ermənistan paytaxtına çağırılması və müzakirələrin keçirilməsi baş verib. Lakin budəfəki toplantının keçirildiyi vaxt əvvəlkilərə bənzəmir. Belə ki, N.Paşinyanın Xankəndindəki “miatsum” bəyanatından sonra faktiki olaraq danışıqların üstündən xətt çəkilib. Əgər Paşinyan hakimiyyəti Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana “birləşdirildiyi”ni iddia edirsə, bundan sonra danışığın təbii olaraq heç bir mənası qalmır. Düzdür, bu bəyanatın ardınca Ermənistan XİN Paşinyanın fikirlərinin “təhrif” olunduğunu bildirdi. Lakin çox keçmədi ki, Zöhrab Mnatsakanyan Paşinyanın fikirləri ilə razılaşdığını söylədi. Elə onun diplomatlarla görüş zamanı “Artsax Ermənistanın ayrılmaz hissəsidir” söyləməsi İrəvanın “qırmızı xətti” keçdiyini bir daha təsdiqləyir. Ermənistan rəhbərliyi ərazilərinin 30 ilə yaxındır işğalda olmasına rəğmən, sülh danışıqlarına sadiq qalan Bakıya təşəkkür etmək əvəzinə, Azərbaycanı günahlandırmağa cəhd göstərir.
Amma diqqəti cəlb edən digər məqam da var. Ermənistan XİN başçısı Paşinyanın son bəyanatını təkzib edən mövqe sərgiləyib. Deyib ki, əgər Azərbaycan Qarabağ məsələsinin dinc tənzimlənməsində maraqlıdırsa, o halda Xankəndi ilə danışıqlarda maraqlı olmalıdır. Bu yanaşma avtomatik şəkildə Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatının üstündən xətt çəkir. Bununla erməni nazir Xankəndini özünün də digər məqamda qeyd etdiyi kimi, “Ermənistanın bir hissəsi” kimi deyil, “ayrıca subyekt” kimi təqdim etməyə çalışır. Beləliklə, ermənilər bilərəkdən və bilməyərəkdən ziddiyyətli mövqedən çıxış etməkdə davam edirlər. Bakı isə Ermənistanın hər iki iddiasını rədd edir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da açıqlamasında bildirdi ki, İrəvan vəziyyətdən çıxış yolu axtarır: “Hiss olunur ki, Ermənistan XİN ümummilli məsələlərdə çox fəaldır. Elə İrəvanda diplomatlarla keçirilən müzakirələr də bunu təsdiqləyir. Lakin indiki mərhələdə bir şey diqqət çəkir ki, XİN başçısının Paşinyanın ”miatsum" bəyanatına münasibəti bir az fərqlidir. Onun indiki çıxışı Paşinyanın Xankəndi bəyanatının tam şəkildə təkzibi və Ermənistanın əvvəlki mövqeyə qayıtması deməkdir. Fakt budur ki, Paşinyanın Xankəndi bəyanatından sonra danışıqlar üçün heç bir əsas qalmayıb, bunu dəfələrlə qeyd etmişik. İndi isə Ermənistan XİN rəhbərinin çıxışı fərqli durumun yaranmasına yönəlik cəhddir. Əvvəlki bəyanatın siyasi mahiyyətini inkar etmədən köhnə mövqeyə qayıdırlar". T.Zülfüqarov əmindir ki, Ermənistan XİN danışıqların imitasiyasına əsaslar yaratmağa çalışır: “Amma məsələ burasındadır ki, Paşinyanın bəyanatı qalır və o, təkzib olunmayıb. Azərbaycanın indiki halda danışıqlara qatılması rəsmi Bakının həmin bəyanatı təsdiqləməsi demək olardı. Deməli, Paşinyan Xankəndində dediklərini təkzib etməsə, danışıqlar masasına qayıtmağın mənası yoxdur. Bu halda Azərbaycanın danışıqlara qatılması ”miatsum" məsələsinin danışıqlarda mövzu kimi masaya çıxarılmasına imkan yarada bilər". Keçmiş nazir indiki durumda Bakının hücum diplomatiyasına üstünlük verməsini, Ermənistanın son bəyanatlarının qarşısında konkret tələblər səsləndirməsini vacib sayır: “Azərbaycanın tam ixtiyarı var ki, Naxçıvanla birbaşa əlaqənin qurulması üçün Mehri dəhlizi ilə bağlı məsələ qaldırsın. Bəyan olunmalıdır ki, biz bu dəhlizin Azərbaycana birləşdirmək istəyirik! Bunun üçün kifayət qədər əsaslar var. Çünki blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan əhalisi daimi yaşayır, onlarla əlaqə olduqca vacibdir”.
T.Zülfüqarov Ermənistan rəhbərliyinin son zamanlar intensiv Qarabağ müzakirələri aparmasını - Paşinyan sentyabr ayında müzakirələrin davamını ABŞ-da, Kaliforniya erməniləri ilə keçirəcəyini anons edib - səbəbsiz saymır: “Düzdür, İrəvan toplantısı hesabat xarakterli və ənənəvidir. Lakin unutmayaq ki, Ermənistan Rusiya prezidenti Vladimir Putinin səfərinə ciddi şəkildə hazırlaşır. Bu səfər oktyabrda olmalıdır. Putinin səfəri zamanı çoxtərəfli məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq. Ancaq eyni zamanda Putin-Paşinyan görüşündə Qarabağ məsələsi əsas müzakirə mövzularından biri olacaq. Odur ki, Paşinyan administrasiyası bu kimi müzakirələr keçirir. Onlar istəyirlər ki, köhnə tezislər üzərində Qarabağ məsələsinin müzakirəsi davam etdirilsin. Yəni demək istəyirlər ki, biz sülh prosesindən çıxmamışıq, baxmayaraq ki, Paşinyan radikal bəyanat verib”. Politoloq hesab edir ki, qərbyönümlü Paşinyanın radikal bəyanatlarının təkzibi ilə məşğul olan Mnatsakanyan faktiki olaraq Rusiya XİN başçısı Sergey Lavrovun ssenarisini icra edir: “Ona görə də indiki mərhələdə Azərbaycan danışıqlara qatılsa, danışıqların imitasiyası ilə Ermənistanın istəyinin reallaşmasına dəstək vermiş olacaq”.
Digər mühüm bir məqam. Cari ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının iclası keçiriləcək. Ermənistan və eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri çox arzu edirlər ki, Assambleya çərçivəsində Məmmədyarov- Mnatsakanyan görüşü baş tutsun. Mnatsakanyan çox arzu edir ki, sessiyada heç olmasa Məmmədyarovla “danışıqların davamını təsdiq etməkdən ötrü” şəkil çəkdirə bilsin. Vaşinqton danışıqlarından sonra İrəvanın destruktiv mövqe sərgiləməsi, davamlı təxribatlara əl atması danışıqları dalana dirəyib. Həmçinin cəbhə xəttində Ermənistanın təxribatçı davranışlarına tutarlı cavab verilib, məsələn, Qazax istiqamətində uğurlu hərbi əməliyyat baş tutub, bu da Ermənistanda ciddi təşviş doğurub. Eyni zamanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin intensiv hal alması, Türkiyənin Naxçıvanda hərbi baza quracağı ilə bağlı davamlı xəbərlər işğalçını bərk həyəcanlandırıb. Təkcə Azərbaycanda deyil, ölkə xaricində də bir sıra ekspertlər hesab edirlər ki, Paşinyan “miatsum” bəyanatı ilə savaşı tətikləmiş olub və Azərbaycan hər an hərbi əməliyyatlar qərarı verə bilər. Belə olan halda düşmən və onun havadarlarına gərginliyi səngitmək üçün tərəfləri bir araya gətirmək çox vacibdir. Bu mənada BMT Baş Assambleyası çərçivəsində iki nazirin görüşünün təşkili ilə bağlı prosesin getdiyi də şübhəsizdir. T.Zülfüqarov da bunu istisna etmir: “İndiki halda Ermənistan üçün növbəti Qarabağ görüşünün keçirilməsi taktiki baxımdan çox vacibdir. Bu, baş verməsə, deməli, Putinin İrəvana oktyabrda nəzərdə tutulan səfəri ermənilər üçün böhranlı olacaq. Ona görə də Lavrovun patronajlığı altında nazirlərin heç olmasa bir görüşünün keçirilməsi istiqamətində cəhdlər göstəriləcək. İndiki halda ermənilər bölünüb, Paşinyan bir xətti, Mnatsakanyan digər xətti aparır. Bu da ermənilərin, daha doğrusu, Lavrovun bicliyidir”.
Görünən budur ki, ermənilər olduqca həyəcanlıdır. Paşinyan uzun müddətdir ki, Putinin yolunu gözləyir. Rusiya prezidenti isə İrəvanda ondan təkcə başından böyük danışıb “Ermənistana birləşdirdiyi” Qarabağı soruşmayacaq... (Yeni Müsavat)