TALEYİ İRANIN QƏRARINDAN ASILI OLAN ÇİN… –Bəs, Türkiyənin seçimi necə olacaq? - ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 11 iyun 2019-cu il
ABŞ Müdafiə Nazirliyinin Ankaraya göndərdiyi məktub hesab edildiyindən daha çox önəmlidir. Təsirləri də, nəticələri də çox müzakirə ediləcək. Zamanın keçməsini gözləyək, görəcəyik. Hazırda üzərində yetərincə durulmadığı da bir həqiqətdir.
Yenixeber.org: Çoxdandır yazıram, Türkiyə Aralıq dənizində bir təyyarə gəmisidir. Avrasiyanı Afrikaya, Orta Şərqi Avropaya bağlayır. İkinci belə bir ölkə yoxdur. Torpaqlarımız dəyərli olduğundan qapıya dayanan da çox olur. Türkiyə tam bu mərhələdədir. Milli və müstəqil siyasət həyata keçirməyə cəhd etdikcə, qarşıdakılar da öz maraqları yönündə təzyiq edirlər. Bu, ilk deyil, son da olmayacaq. Çünki Türkiyə anlamadığımız qədər kilid önəm kəsb edən bir ölkədir.
İstanbul seçkiləri, Suriya məsələsi, Rusiya ilə yaxınlaşma, S-400-lərin alınması, NATO-nun təzyiqləri, qurulması düşünülən Avropa ordusu da tək bir şeylə – Türkiyənin harada duracağı ilə bağlıdır.
Ankaranın mövqeyi fövqəladə dəyərli olunca, NATO və ABŞ təzyiqi artırdı. S-400 bu böhranın lövhəyə çevrilmiş halıdır. ABŞ israrla “Ya mənim sözümü dinləyərsən, ya da qarşımda duran düşmən olarsan” məntiqi ilə hərəkət etməkdədir.
Ankaraya göndərilən son məktub bunun göstəricisidir. ABŞ rəsmən Türkiyəni təhdid etməkdədir. Bu, açıq və aydındır. Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sistemləri alması, özünü güvəndə hiss etməsi Vaşinqtonu narahat etməkdədir. Bu da aydındır. Bu durumda ağıla ilk gələn sual budur: “Bu, necə ortaqlıqdır?”
ABŞ Müdafiə Nazirliyi ortaq olaraq HHM sistemini qurmur. Ankara məsələnin həllini başqa yerdə tapınca da, böhran qapıya dayanır. Yaxşı, bəs nə üçün belədir?
Məsələni bir az açaq. Mərkəzə Aralıq dənizini qoyaraq gedək. Aralıq dənizi və Kipr adası ABŞ, AB və Türkiyənin oyun sahəsidir. Burada görə bilmədiyimiz qədər önəmli bilək güləşi gedir. Əlbəttə, bu güc balansında nəzərə alınmalı olan digər bir oyunçu da İsraildir.
ABŞ-ın nəhəng “Exxon-Mobil” şirkəti Aralıq dənizində iştirakını artırdı. Arxasına Pentaqon kimi bir gücü alan “Exxon-Mobil” Aralıq dənizinin neft və qaz xəritəsini cızdı. Fransanın “Total” və İngiltərənin “Shell” şirkəti də bölgədə apardıqları ciddi aramaları tamamladı. “Eni” (İtaliya), “Qatar Gas” (Qətər), “Noble Enerji” (ABŞ) və gizli güc olan “Kogas” (Koreya) da zondaj işi yönündə çox önəmli addımlar atdı. Koreya hara, Aralıq dənizi hara? Elə deyilmi? Ancaq oyun böyük olduğundan hər kəs buradadır.
Türkiyənin bölgədə böyük uğurlar əldə etməsi məlum olan bir “sirr”dir. Türkiyə Dəniz Qüvvələrinin son dövrdə göstərdiyi bayraq hər kəs tərəfindən görüldü. Mesaj alındı. Türkiyəyə rəğmən, addım atmaq elə də asan deyil. Aralıq dənizində olan şirkətlərdən ikisi Türkiyə ilə ortaq hərəkət etmək istəməkdədir.
Aralıq dənizi və Türkiyə üzərindən elektrik yüklü buludlar keçdiyi bir vaxtda əsil mübarizə Çinlə, “Huawei” ilə gedir. Son günlərdə ABŞ-ın Çinin telekommunikasiya nəhəngi “Huawei”ni hədəf seçməsinin əsas səbəbinin Aralıq dənizi olduğu bilinməlidir. “Yeni İpək Yolu” üçün texnologiya da çox önəmlidir. “Yeni İpək Yolu”nun texnoloji infrastrukturunu hazırlayan “Huawei” artıq açıq şəkildə hədəf seçilib. Bir sistemin normal fəaliyyət göstərməsi, normal nəticələr verməsi üçün onun texnoloji infrastrukturunun çox güclü olması lazımdır. Bu səbəblə, “Huawei” “Yeni İpək Yolu”nu misilsiz hala gətirəcək bir gücdür. Hazırda ABŞ-ın əməliyyatına məruz qalan “Huawei”nin artıq “Yeni İpək Yolu”nun texnoloji infrastrukturunu hazırlama şansı qalmayıb.
Əslində hesablaşma, “Huawei”nin sahibinin qızı MKİ tərəfindən girov götürülərək, çox öncədən başlamışdı. ABŞ Çinə bir təklif verdi: “Yeni İpək Yolu”nun texnoloji infrastrukturunu ABŞ şirkətləri qursun. Əks halda, bu layihənin uğurlu olmayacağını, 65 ölkəlik zəncirin halqalarının bir çox yerdən qopacağını söylədi.
Bəzilərinə görə, bu, böyük təhdid idi. Lakin Çin ABŞ-ın tələblərini görməməzliyə vurdu. Bəlkə də bu, Çinin Avropa və Rusiya ilə yaxınlaşmasının bir nəticəsi idi. Məhz bu durum ABŞ-ın çox sərt şəkildə “Huawei”ni bitirmə planına start verməsinə səbəb oldu. “Huawei”nin yüksək səviyyəli vəzifəli şəxsləri belə, markanın çökməkdə olduğunu gördü və lazım olan geri addımın atılmasını istədi.
“Yeni İpək Yolu” da, “Huawei” də önəmlidir. Bəlkə də Çin həm “Yeni İpək Yolu”nu, həm də “Huawei”ni itirəcək. Buna qarşı addımların sürətlə atılması gözləndiyi bir vaxtda, gözlənilən olmadı. Çin Aralıq dənizində geridə qaldı. Aralıq dənizinə sahili olan ölkələrdən yalnız İtaliya ilə yaxın əlaqələr qura bilən Çin, yalnız Roma ilə hər hansı bir uğura nail ola bilməyəcəyini anlayır.
Çin İsraillə keçirdiyi gizli görüşlərə də ümid bağlayırdı. Ancaq ABŞ İsrailin addım atmasına mane oldu. Təl-Əvivi blokladı. İtirən yenə Çin oldu.
Rusiyanın Aralıq dənizindəki mövcud gücü Çin üçün bir fürsət ola bilər. Ancaq Rusiya Çinlə əsla yaxın dost olmaz, ola bilməz. Tarixləri buna izin verməz. Maraqları ilə bağlı əlaqələri bir gün mütləq bitər.
Çinin neftə olan ehtiyacını qarşılayan yeganə güc İrandır. İndi ABŞ-ın embarqosu altında çətin günlər keçirən İranın bu duruma düşməsinin səbəbi də, əslində, Pekindir. ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından çıxdığı həftə Pekin Tehranla çox önəmli bir neft anlaşması imzalamışdı. İndi İran böyük güc itirdiyi bir vaxtda Çindən yetərincə dəstək ala bilmir. Bir neçə həftə sonra İran Çinlə əlaqələrini kəsmə nöqtəsinə gəldiyini ABŞ-a söyləyərsə, embarqo qalxar. O andan etibarən Çin üçün çökmə başlayar. Çində heç görmədiyiniz üsyanlar çıxar.
ABŞ Maliyyə naziri Stiven Mnuçin də Çinə qarşı sərt çıxdı. O, “Əgər Çin bizimlə anlaşma yolunda irəliləmək istəyərsə, biz ortaya qoyduğumuz şərtlər çərçivəsində irəliləməyə hazırıq. Əgər Çin addım atmaq istəmirsə, artıq bizim bu məsələ ilə bağlı edə biləcəyimiz bir şey yoxdur. Əgər Çin bizim dediyimiz anlaşmaları qəbul edərsə, bu ayın sonunda Trampla Çin Dövlət Şurasının Sədri Şi Yaponiyada keçiriləcək G-20 sammitində görüşə, maraqlı hadisələr ola bilər” dedi.
Türkiyənin 15 iyuldan sonra ABŞ və NATO-dan uzaqlaşması, Rusiya və İranla yaxınlaşması, Çinin burada ehtiyac hiss etdiyi sahəni əldə edə bilməməsi, ÇXR İstanbul Baş konsulu Çuy Veyin İmamoğlu ilə görüşə gedən ilk (xarici – tərc.) şəxs olması, S-400 və F-35-lərlə bağlı baş verənlərin hamısı getməkdə olan böyük mübarizənin əks olunmalarıdır. Dünya yenidən qurulacaq. Bunlar doğuş sancılarıdır.
Qlobal sərmayənin Türkiyəni hədəf aldığı, Ərdoğana qarşı hücum başlatdığı da bir həqiqətdir. İstanbul ilk cəbhədir. Baş verən hadisələrə şüarlarla deyil, ağılla baxsaq, görünən mənzərə budur.
Tərcümə: Strateq.az.