23 İYUN – TÜRKİYƏNİN GƏLƏCƏK SEÇİMİ:"Gizli ittifaq" İstanbul seçkisiylə Ərdoğanı devirməyi planlayıb - ARAŞDIRMA
Bülent Erandaç
“Takvim”, Türkiyə, 08 iyun 2019-cu il
Yenixeber.org: “Dərin ABŞ” dedikdə MKİ və Pentaqonu idarə edən Xarici Əlaqələr Şurası (CFR), Üçtərəfli komissiya və Bilderberq klubu nəzərdə tutulur. Bilderberq klubunda Türkiyəyə cavabdeh olan “böyük beyin” – Henri Kissincerdir.
Qlobal sistemin idarəediciləri olaraq onun iqtisadi-siyasi damarlarına nəzarət edən Bilderberq baronları dünyadakı bütün sərmayənin 65%-ni əllərində tutur və öz gizli gündəlikləri ilə ölkələrin daxili və xarici siyasətində ustalıq edirlər.
Bilderberq klubu bu il 30 maydan 02 iyunadək İsveçrənin Montrö şəhərində toplandı. Klubdan sızan xəbərlərə görə, toplantıda S-400, F-35, Şərqi Aralıq dənizinin təbii qaz ehtiyatları və İstanbul seçkiləri barədə dərin fikir mübadiləsi aparılıb. Görəsən, nə üçün? İstanbul seçkiləri “dərin dünya” baronlarını nə üçün maraqlandırır?
Toplantının Montrödə keçirilməsi maraqlı deyilmi?
ABŞ-ın Qara dənizə dalmaq üçün manevrlər etdiyi, NATO-nun Rusiyanı mühasirəyə almaq üçün Qara dənizə göz dikdiyi həssas bir dövrdə Bilderberq klubunun Montrö şəhərində toplanması, əlbəttə, maraqlıdır. Montrö demək (1936-cı ildə imzalanmış Montrö sazişi nəzərdə tutulur – tərc.) Aralıq dənizi, Qara dəniz, Türk boğazları deməkdir.
“Dərin ABŞ-Avropa-NATO” İstanbul seçkiləri ilə çox yaxından maraqlanır. Gizli əlləri İstanbul küçələrində dolaşır. Çünki Prezident Ərdoğanı devirə bilmirlər. Son ümidləri İstanbul seçkilərinədir. CHP-ni mərkəzə oturdaraq, İstanbul vasitəsilə Ərdoğanı yıxmağı xəyal edirlər.
ABŞ, Almaniya, İngiltərə, İsrail, Fransa müstəqil və güclü bir Türkiyə istəmədiyi üçün Rəcəb Tayyib Ərdoğana hücum edir. Xarici kəşfiyyat xidmətlərinin maşası olan FETÖ, PKK, DHKP-C, PYD Türkiyəni qarışdırmaq üçün layihələr hazırlayır. CHP, İYİ Partiya, SP və HDP-ni bir araya gətirən “dərin ABŞ” İstanbul vasitəsilə AKP-ni çökürtmək, Ərdoğanı vurmaq üçün çılğıncasına çalışır.
Əziz İstanbullular, yəqin, diqqətinizi cəlb edib. Sanki CHP sədri Kamal Qılıcdaroğlu və İstanbul vilayət təşkilatının sədri Canan Kaftancıoğlunu geri çəkən bir əl var. HDP həmsədrləri Sezai Təməlli ilə Pərvin Buldan bir anda yox oldu. Bilin ki, CHP-nin İstanbul seçkilərini udması üçün geri çəkilənlərin arxasında “dərin ABŞ-Avropa” durur.Yoxsa Bilderberq klubunun gizli toplantısına qaça-qaça gedən CHP-liyə suflyorluq edilib? Kamal Qılıcdaroğlu İstanbula, İstanbul namizədləri Qara dənizə gedir. İmamoğlu təkbaşına önə çıxarılır.
AKP-ni bölmə fitnələri
“Dərin ABŞ-Avropa”nın Türkiyəyə uzanan əlləri geriçəkilmədən əlavə, başqa bir layihəni də həyata keçirməyə başladılar. Bu, Prezident Ərdoğanla MHP lideri Baxçalı arasına qara pişik kimi girmək və AKP-ni daxildən yıxmaq layihəsidir.
Bilirlər ki, AKP-ni xaricdən yıxa, Prezident Ərdoğanı bu yolla neytrallaşdıra bilməzlər. Yevangelist-sionist-neokon beyinlər və daxildəki əlləri AKP daxilinə fitnə salmaq niyyətindədirlər. Yaxın tarixə baxın, Demokrat Partiya, Doğru Yol Partiyası və Ana Vətən Partiyasını daxildən yıxdılar. Böldülər, Türkiyəni çoxparçalı koalisiya hökumətlərinə məhkum etdilər.
AKP içindən yeni partiya çıxarmağa hazırlaşanları qara gözlərinə görəmi sevirlər? Xeyr. AKP daxilinə girmək üçün giriş yeri açaraq, Ərdoğanı zəiflətməyi xəyal edirlər.
Türkiyənin gələcək seçimi
İstanbulu İmamoğlunun idarə etməsi “dərin ABŞ-Avropa”, Bilderberq klubu, tampliyerlər və yevangelist-sionistlərin veclərinə də deyil. Onların istəyi İstanbulda CHP-nin qalib gəlməsilə Ərdoğana öldürücü zərbə vurmaqdır.
23 iyunda verəcəyimiz səslər ya “dərin ABŞ-Avropa” layihələrinə, ya da müstəqil Türkiyə layihəsinə yarayacaq. Və Şərqi Aralıq dənizində “mavi vətəni” qoruyan Türkiyənin seçkisiz keçəcək 4 il içində struktur islahatları aparması prosesinə can suyu verəcəkdir.
Göründüyü kimi, 23 iyun seçkiləri sadəcə bir İstanbul seçkisi deyil, Türkiyənin gələcək seçimidir.
Tərcümə: Strateq.az