İki QHT Rəhbəri arasında qalmaqal
Bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qalmaqal baş verib.
"Xeberinfo.com": Daha dəqiqi nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş “Mənim elektron hökumətim” müsabiqəsinin nəticələri açıqlanarkən, münsiflərlə iştirakçılar arasında dava düşüb.Müsabiqəyə qatılan “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev münsiflərin qiymətləndirməsinin nəticələrini tələb edib: “Münsiflər heyətində Hamlet İsaxanlı, Cəsarət Valehli kimi peşəkarlar olub. Mən istəyirəm peşəkar Hamlet İsaxanlı ilə qeyri-peşəkar Azər Həsrətin mənim yazıma verdiyi qiyməti müqayisə edəm. Ona görə də qiymətləndirmələrin təqdim olunmasını tələb edirəm”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə öz növbəsində E.Əliyevi “tərbiyəsiz” adlandırıb: “Sən kimsən ki, burada tərbiyəsizlik edirsən?” Bundan sonra tərəflər arasında gərginlik artıb və qarşılıqlı ittihamlar daha da sərtləşib.
Etibar Əliyevin narazılığının səbəbi ilə bağlı “Azpolitika.info”ya geniş açıqlama verərək Azər Həsrəti ittiham edib.
Tədbirdə baş verənlərin səbəbləri və eləcə də Etibar Əliyevin ittihamları ilə əlaqədaq Azər Həsrət də “AzPolitika.info”ya öz fikirlərini açıqlayıb. Onun saytımıza ünvanladığı müraciəti də olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya.
Nəşrinizdə ar-arda dərc edilmiş “Nazirliyin tədbirində qalmaqal” və “Mən belə urvatsız müsabiqə görməmişəm” adlı iki ayrı yazıda (xəbər və müsahibə) haqqımda yer alan fikirlərə aydınlıq gətirmək istərdim. Tia.az domen adlı sayta istinadla verilən birinci xəbərdə iddia edilir ki, mən özümü “Azərbaycanda ilk dəfə elektron poçt sistemini yaradan adam” kimi təqdim etmişəm. Nəzərinizə çatdırmaq istərdim ki, bu bilgi yanlışdır. Əslində, mən özümü Azərbaycanda ilk şəxsi sayt quranlardan biri kimi təqdim etmişəm. Məlumat üçün bildirirəm ki, həqiqətən də 1999-cu ildən şəxsən özüm şəxsi internet saytımı qurmuşam və bugünədək həmin saytım işləkdir: azerhasret.com.
Etibar Əliyevin barəmdə səsləndirdiyi fikirlərə gəlincə, bəli, mən onu tərbiyəsiz adlandırmışam və bu da təsadüfi deyil. Özünü təhsil, pedaqogika sahəsində ekspert sanan bu şəxs həqiqətən də adı keçən tədbirdə tərbiyə həddini aşdığı üçün bu ifadəni işlətməli olmuşam. Məsələ ondadır ki, o, sözügedən müsabiqənin sonuclarından narazılığını dilə gətirərkən nəyə görəsə mənim şəxsimi hədəfə aldı. Bu isə təbii ki, tərəfimdən cavabsız qala bilməzdi. Onu sonadək dinləyib nəzakət çərçivəsində cavab verdiyim zamansa bu adam etik hədləri aşaraq sözümü davamlı şəkildə kəsməyə, faktiki olaraq fikrimi çatdırmağımı əngəlləməyə çalışdı. İş o həddə çatdı ki, mən də məcbur olub onu tərbiyəyə dəvət etməli oldum.
Qaldı ki, onun məni Hamlet İsaxanlı, Cəsarət Valehli kimi hörmətli şəxslərlə müqayisə edərək qeyri-peşəkar adlandırmasına, buna da cavab vermək zorundayam.
Hamlet İsaxanlı çox sayğı duyduğum bir universitetin qurucusu, eyni zamanda elm adamıdır. Həqiqətən də öz sahəsinin peşəkarıdır və hər zaman belə adamların çox olmasını arzu etmişəm. Amma tam qətiyyətlə demək istərdim ki, bu şəxsin istər jurnalistika sahəsində, istərsə də İKT sahəsində mənimlə müqayisəsi qüsurlu haldır. Çünki bu iki sahənin heç birilə heç vaxt yaxından məşğul olmayıb. Düşünürəm ki, aydın bir insan kimi onun özü də belə bir müqayisənin qüsurlu ola biləcəyini deyərdi.
Cəsarət Valehliyə gəlincə, o da çox hörmət etdiyimiz peşəkar və uğurlu jurnalistlərimizdən biridir. Amma İKT sahəsində yenə də mənimlə müqayisə edilməsi yanlış olardı. Çünki bu şəxs də həmin sahəylə heç vaxt dərindən məşğul olmayıb.
Bununla belə, istər hörmətli Hamlet İsaxanlı, istərsə də Cəsarət Valehli adı keçən müsabiqəyə təqdim edilmiş yazıları dəyərləndirmək üçün yetərincə uyğun şəxslərdir. Çünki yazılar sırf jurnalistika məhsulu olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub və təbii ki, Hamlet İsaxanlı və Cəsarət Valehli kimi şəxslərin həmin yazıları nəzərdən keçirib qiymətləndirməsi problem yaratmır.
Mənim həmin şəxslərlə müqayisədə qeyri-peşəkar olduğumu iddia edən Etibar Əliyevə isə deyərdim ki, bioqrafiyamı daha dərindən araşdırsın (hərçənd bilirəm ki, o, mənim haqqımda lazım olandan da artıq məlumatlıdır). Azərbaycanda 4 ayrı dildə yazan və yazıları dünyanın müxtəlif ölkələrində dərc edilən azsaylı yazarlardan biri olaraq, eyni zamanda Azərbaycan mediasının ən öndə gələn qəzet və saytlarında davamlı olaraq yazılarla çıxış edən birisi kimi, mənə qarşı qeyri-peşəkar ifadəsini işlətmək qərəzdən başqa bir şey deyil.
İKT sahəsinə gəlincə, bu sahədə də təcrübə və biliyim Etibar Əliyevin ömrünün sonuna qədər oxusa belə qazana bilməyəcəyindən də artıqdır. Məlumat üçün bildirim ki, hələ 1999-cu ildə, E.Əliyev kimi şəxslər hələ e-poçtun nə olduğunu bilmədiyi bir zamanda, Kanadada internet saytların qurulması üzrə ayrıca təlim keçmiş, Azərbaycana şəxsi internet saytımla qayıtmışdım. Bundan sonrakı dönəmdə ölkədə İKT-nin tətbiqi və inkişafı sahəsində ictimai fəaliyyətlərimlə diqqət çəkmişəm. Azərbaycan İnternet Forumu (AİF) kimi çox nüfuzlu sahə QHT-sinin qurucularından biri, onun İdarə Heyətinin üzvüyəm. AİF-in artıq 6-cı ildir keçirdiyi MilliNet kimi çox nüfuzlu müsabiqədə münsiflər heyətinin üzvüyəm. Bundan başqa, Multimedia Mərkəzinin keçirdiyi İKT üzrə yazı müsabiqələrinin də daimi münsifiyəm. Və bütün bu hallarda heç vaxt, heç kim mənim verdiyim qiyməti şübhə altına almayıb. Həm də nəzərə almaq lazımdır ki, hər iki müsabiqədə İKT barədə bilgiləri internet saytlarından xəbər oxumaqdan uzağa getməyən Etibar Əliyevdən fərqli olaraq məhz bu sahənin peşəkarları iştirak edirlər.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətində də məhz onlayn medianı təmsil edirəm. Üstəlik, Azərbaycanda və ondan kənarda onlarla internet saytının qurucusuyam. Yeni İKT-nin tətbiqi sahəsində çəkinmədən özümü ən iddialılar sırasında görürəm və bu da təsadüfi deyil.
Bütün bunları demək, bəlkə də yerinə düşmür. Amma məcburam ki, şəxsi keyfiyyət və sahə üzrə peşəkarlığımı qərəzli şəkildə şübhə altına alan Etibar Əliyev kimi şəxslərə cavab verim. Sizdən də xahişim budur ki, cavab haqqımı tanıyaraq bu mövqeyimi dərc edəsiniz. Ümid etmək istərdim ki, Etibar Əliyevin barəmdə səsləndirdiyi ittihamlara yer vermiş digər media qurumları da mənim bu mövqeyimi dərc edəcək. Əlbəttə ki, buna ürəkləri çatsa…