Konturlarımız necə "yeyilir"?-Araşdırma
Yəqin ki, bu yazını oxuyanların böyük əksəriyyəti işlətdikləri mobil nömrələrin balansından qəpiklərin və hətta manatların müəmmalı şəkildə “əriməsinin” şahidi olublar. Çoxlarında bu “proses” onların xəbəri olmadan, hal-hazırda da davam edir. Və biz bilmirik ki, sözün əsl mənasında bu OĞURLUĞUN arxasında kim və kimlər durur.
"Xeberinfo.com": Birbaşa bildirək ki, balansımızdakı pulları müxtəlif adlarla – bürc, hava proqnozu, ulduz falı, əyləncə və digər bu kimi sms-lərlə havaya sovuran, daha doğrusu özününküləşdirən əsas şirkətlərdən birinin adı (Belə şirkətlərin ümumi sayı 10-dan çoxdur, lakin aparıcı mövqe adını çəkdiyimiz şirkətə məxsusdur-red) əksər abunəçilərin tanımadığı “Novomedia”dır!Bu şirkət barədə internetdə axtarış versəniz, əsas etibarı ilə rus və ingilis dilində müxtəlif məlumatlar əldə edə bilərsiz və bu məlumatların heç birində “Novomedia”nın bizim mobil abunəçilərinə hansısa xidmət göstərdiyi barədə heç nə tapa bilməyəcəksiz. AzPolitika.info-nun araşdırması göstərir ki, “Novomedia” və oxşar xidmətləri göstərən bu sirli şirkətlərin əsas gəliri ölkədəki hər üç mobil operatora aid abunəçilərə müxtəlif bezdirici sms-lər göndərməklə, onların konturlarını “əritməkdən” formalaşır.
Əvvəlcə qısa nömrələrdən müxtəlif adlarla pulsuz olduğu göstərilən xidmətlər təklif olunur. Abunəçi də bildi-bilmədi həmin mesajı açıb oxuyur. Və ya zəlzələdən, ya vəlvələdən böyük bir səhv edərək, “yes” düyməsini basır. Elə bununla da özünü “zibilə salmış” olur. Belə ki, bir həftə bitər-bitməz, həmin əhəmiyyətsiz mesajlara görə balansınızdan pul çıxmağa başlayır.
Onu da qeyd edək ki, bu “xidmət” bütün mobil operatorlara aiddir. “Bakcell” və “Nar”da isə bu biyabırçılıq pik həddinə çatıb. Məsələ ondadır ki, abunəçilərin böyük əksəriyyətinin bundan ümumiyyətlə xəbəri yoxdur. Çünki əksər abunəçilərdən gündəlik 7 qəpik, bəzi hallarda isə 41 qəpiyədək vəsait tutulur. Mobil telefondan çox istifadə edənlərinsə, əksəriyyəti bunu hiss edə bilmir. Hiss edənlər xidmət mərkəzlərinə üz tutur. Burada da həmin abunəçiləri birbaşa olaraq “Novomedia” və onun kimi digər şirkətlərin caynağından qurtara bilmirlər. Belə ki, müştəriyə “Novomedia”nın və ya oxşar xidməi göstərən digər şirkətin əlaqə telefonu verilir və deyilir ki, zəng edib nömrənizi bu “xidmətdən” ayırmalarını xahiş edin. Sanki, abunəçi bu soyğunçuluq üçün nə vaxtsa həmin şirkətlərə zəng edib xahiş edib: məni bu mənasız sms-lərlə təmin et və balansımdan pul çək! İndi də zəng edib xahiş etməlidir ki, (!) məni bu bəladan azad et! Görəsən dünyanın harasında bu analoqu olmayan “xidmət” var? Axı söhbət abunəçinin öz balansından hansısa adla gündəlik pul çıxılmasına razılığından gedir. Bu isə sözsüz ki, hansısa hüquqi yükü olan sənədin imzalanması ilə olmalıdır. Yəni, məntiqlə abunəçi necə ki, nömrə alanda mobil operatorla müqavilə imzalayır, operator deyil, hansısa digər özəl şirkətin onun balansından pul çıxmasına razılıq verdiyi barədə də müqavilə imzalamalıdır. Ancaq heç bir müqavilə olmadan hansısa düyməni bilərəkdən ya bilməyərəkdən basmaqla, abunəçi özünü tələyə salmış olur.
Bəs istehlakçı hüququ? Yeri gəlmişkən, həmin bu şirkətlərə istehlakçıların marağını qorumalı olan İqtisadi İnkişaf Nazirliyi başda olmaqla, nə Vergilər Nazirliyi, nə də digər aidiyyatı qurumlar, hətta Milli Məclis belə, deyəsən bata bilmir…
Milli Məclisin də gücü çatmır…
Yaxşı, kimindir “Novomedia” və digər bu kimi şirkətlər? Kim onlara xalqın cibinə girmək ixtiyarı verib? Əlbəttə ki, bu şirkətlərin qazancı və ödədiyi vergilərlə bağlı Vergilər Nazirliyinə müraciət etməyin mənası yoxdur, kommersiya sirridir! Az qala hər dönər butkasına “xronometraj”, yəni aylıq dövriyyəni təyin etmək üçün yoxlama açanlar nədənsə gündəlik gəliri on minlərlə ölçülən bu cür şirkətləri görmürlər. Bəli, söhbət gündəlik gəliri 100 min manata yaxın olan şirkətlərdən gedir!
Gəlin adi hesablama aparaq. Hər mobil operatorun ortalama 3 milyona yaxın aktiv abunəçisi var. Onu da nəzərə alaq ki, Azərbaycanda hər üç operatora aid nömrədən istifadə edənlərin sayı olduqca çoxdur. Bu, ümumilikdə 9 milyona yaxın nömrə deməkdir. Bu abunaçilərin də ən azından yarısı “Novomedia” və onun kimi digər şirkətlərin tələsinə düşənlərdir. Sadə hesablama aparsaq, fantastik bir rəqəm alınacaq. Bu o deməkdir ki, böyük ehtimalla milyonlarla ölçülən həmin məbləğ bu şirkətlərlə mobil operatorlar arasında qarşılıqlı anlaşma əsasında bölüşdürülür. Yəni həm operator qazanır, həm də adı çəkilən sirli şirkətlər. Uduzan kimdir –bizlər!
Ona görə sirli deyirik ki, “Novomedia”nın və digər bu çür şirkətlərin arxasında hansı qüdrətli gücün durduğunu hələlik müəyyən edə bilməmişik, ancaq çalışırıq. Ona görə qüdrətli deyirik ki, hətta Milli Məclis səviyyəsində dəfələrlə qısa mesajlarla camaatın cibinin soyulduğuna dair məsələ qaldırılsa da, elə qaldırıldığı yerdə də qalıb. Heç cür bu biabırçılığın qarşısı alınmır! Niyə? Cünki ortada olduqca böyük məbləğ var və bu vəsait səssiz-küysüz, camaatın ruhu incimədən cibindən çıxarılır! Onu da qeyd edək ki, Azərbaycandakı mobil operatorların kimlərin nəzarətində olduğu sirr deyil. Ancaq böyük ehtimalla, bu soyğunçuluqdan və onun miqyasından onların tam xəbəri yoxdur və bu məsələlər, belə demək mümkünsə, icraçılar tərəfindən həll olunur. Olan qara camaata olur.
Yazıda qeyd olunan məsələlərlə bağlı, “Novomedia” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq və satış üzrə menecəri Ceyhun Abdullayev ilk növbədə bildirdi ki, bu sahədə fəaliyyət göstərən tək şirkət “Novomedia” deyil, başqaları da var. C.Abdullayev fəaliyyətlərini qanun əsasında qurduqlarını bildirdi. Onun sözlərinə görə, “Reklam haqqında” fəaliyyətdə olan qanun onlara belə bir kampaniya həyata keçirməyə imkan verir.
“Müştəri ilə heç bir müqavilə olmadığı halda, nəyə əsaslanaraq onlara pullu xidmətlər göstərilir” sualına Ceyhun Abdullayev belə cavab verdi:
“Hər bir mobil operator abunəçilərlə müqavilə imzalayarkən, orada bu cür “sms” xidmətlərinin də göstəriləcəyi əksini tapır. Yəni, abunəçilərdən əvvəlcədən bu cür mesajlar göndərilməsinin razılığı alınır. Kim ki, mobil operatorlarla müqavilə bağlayarkən bu cür xidmətlərdən imtina edir, onların adı bizə də göndərilir. Belə şəxslərin adı “qara siyahıda” olur və onlara bu cür “sms”lər göndərilmir.”
Müştərilər istəmədiyi halda, onların necə pullu xidmətlərin istifadəçisinə çevrilməsinə gəlincə, Ceyhun Abdullayev bunun səbəbini belə izah etdi: “Hər bir mobil operator istifadəçisinə müxtəlif xidmətlərlə bağlı mesajlar göndərilir. Bu xidmətlər 1 həftə pulsuz təklif edilir. 6-cı gün müştəriyə yenə mesaj göndərilərək, xidməti davam etdirmək istəyib-istəmədiyi soruşulur. Əgər istəmirsə “stop” yazıb göndərməsi xahiş olunur. Kim göndərməzsə, növbəti həftədən ona pullu xidmət göstərilir.”
Qeyd etdik ki, mobil telefon istifadəçilərinin arasında çoxlu sayda uşaqlar, yaşlılar, bu məsələlərə diqqət etməyən, eyni zamanda “stop” yazıb göndərməyi unudan xeyli sayda insanlar var. Onlar istəmədən pullu xidmətlərin istifadəçisinə çevrilir və balansından hər gün müəyyən məbləğdə pul silinir. Bunu nə dərəcədə düzgün hesab etmək olar? Ümumiyyətlə, abonentin yazılı şəkildə hansısa şirkətə onun xidmətləri ilə bağlı cavab vermək öhdəliyi varmı?
Ceyhun Abdullayev bildirdi ki, bu məsələ həqiqətən aktualdır. Onun sözlərinə görə, bu problem artıq Milli Məclisdə də müzakirə olunur: “Bununla bağlı “Reklam haqında” qanuna dəyişikliklər edilməsi, abunəçilərin razılığı olmadan onlara hər hansı xidmət mesajının gəndərilməsinin qadağan olunması nəzərdə tutulur.”
Şirkətin nə qədər müştəriyə xidmət göstərməsinə dair sualı isə, Ceyhun Abdullayev kommersiya sirri olduğunu əsas gətirək cavabsız qoydu.
Beləliklə, bizim araşdırmamız tamamilə təsdiqini tapır ki, hansısa şirkətlər – “Novomedia” və digərləri, mobil operatorlarla əlbir olaraq, abonentləri tələyə salmaqla məşğuldurlar. İstehlakçıların hüquqlarını qorumalı olan müvafiq dövlət orqanları isə bu fəaliyyəti görməməzlikdən gəlirlər.