Vəzifə kürsüsünü 2018-də itirənlər - nazirdən icra başçısınadək ...
Yola saldığımız il iqtidar komandasında ciddi yenilənmələrlə yadda qaldı
Yenixeber.org: 2018-ci il ölkədə iri ranqlı məmurların işdən uzaqlaşdırılmaları ilə əlamətdar oldu.
Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra 83 yaşlı baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz etdi. Baş nazirin müavinləri-Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də işdən uzaqlaşdırıldı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı oldu. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə - baş nazirin müavini postuna təyinat aldı. “Qaçqınkom”un yeni sədri Rövşən Rzayev oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Abid Şərifovun yerini tutdu. Bakı Şəhər İcra Hakimiyyəti postuna isə Eldar Əzizov gətirildi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova da bu il düşərli olmadı. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, onu nazir postunda Sahil Babayev əvəzlədi.
Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Onun yerinə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edildi. İnam Kərimov bu təyinata qədər “ASAN xidmət”in rəhbəri vəzifəsində çalışırdı.
17 il ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseyn Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu. Prezidentin sərəncamına əsasən, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olundu.
2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri oldu. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutan Aydın Əliyevə isə vəzifə verilmədi.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin əvəzinə Vüsal Hüseynov təyin edildi. Disporla İş üzrə Dövlət Komitəsində uzun illər çalışan Nazim İbrahimov da vəzifədən azad edildi və onu Fuad Muradov əvəzlədi.
Bu il “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin də vəzifə “işığı” söndü. Buna səbəb iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilməsi oldu. Respublikada iki gün işıq problemi yaşandı.
Prezident onu müşavirədə sərt şəkildə tənqid edərək, qurum rəhbərini məsuliyyətsizlikdə günahlandırdı. Qısa müddət sonra E. Pirverdiyev vəzifəsindən azad edildi. Onun yerinə “Azərişıq” ASC sədri Baba Rzayev təyin olundu.
Hələ ki boş qalan vəzifələrdən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.
2018-ci il icra başçıları üçün də çətin il kimi yadda qalacaq. Mayın 18-də dövlət başçısı Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamı ilə Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edildi. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı, Tofiq Zeynalov isə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.
Bu il avqustun 28-də daha bir icra başçısı - Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə iki gün əvvəl İlham İsmayılov təyin edilib. İşdən çıxarılan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hələ ki bu siyahıda sonuncudur. Onun yerinə də təyinat yoxdur.(müsavat)
ORXAN