SATICILIQDAN SİYASƏTƏ GƏLƏN, 9 ÖVLADI OLAN PREZİDENT…-Tacikistan lideri qızını Prezident Aparatına rəhbər qoyub, oğlunu da öz yerinə hazırlayır
Qazaxıstanlı həmkarı Nursultan Nazarbayev kimi, Tacikistan prezidenti Emoməli Rahmon da “millət atası” titulunu daşıyır. Sadəcə, Rahmonun titulu bir qədər də gurultulu səslənir – “Sülh və milli birliyin banisi – millətin lideri”…
Yenixeber.org: Emoməli Rahmon 1952-ci ildə dörd bir yanı dağlarla əhatə olunmuş Danqara qəsəbəsində dünyaya gəlib. O, Şərif Rahmon və Mayram Şərifovanın üçüncü oğlan övladı idi. Böyük Vətən müharibəsi iştirakçısı olan Şərif Rahmon savaşdan iki ordenlə qayıtmışdı.
Orta məktəbi bitirəndən sonra Emoməli peşə məktəbinə daxil olaraq elekterikliyi öyrənir. Burada təhsilini başa vurandan sonra Kurqan-Tyube neft zavodunda ixtisası üzrə əmək fəaliyyətinə başlayır. Bir il sonra hərbi xidmətə yollanır və üç il Sakit Okean donanmasında xidmət aparır.
Xidmət sonrası zavoda qayıtsa da, tezliklə oradan ayıralaraq satıcı işləməyə başlayır. 24 yaşında özündə inzibati funksiyaları yerinə yetirmək bacarığını hiss edərək Lenin adına “sovxoz”da işə başlayır.
Katib olur, partiya komitəsində, həmkarlar ittifaqında işləyir. 1982-ci ildə Tacikistan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. Və Həmkarlar İttifaqı Komitəsinə sədr seçilir. 36 yaşında “sovxoz”a direktor təyin olunur. SSRİ-nin dağılması onun bu vəzifədə işlədiyi dövrə təsadüf edir.
Orta Asiyanın digər liderlərindən fərqli olaraq hakimiyyət Rahmona Sovet dövründən miras qalmır. Və o, hakimiyyət üçün mücadilə aparır. 1992-ci ildə müstəqil respublikanın Ali Sovetinə seçilir. Həmin ilin sentyabrında isə Kulyabskaya vilayətinin rəhbəri təyin olunur. Noyabr ayında Düşənbədəki hökumətin qeyri-legitim olduğunu bəyan edir. Və silahdaşları ilə birgə əyalət şəhərlərindən birində parlamentin rəhbəri elan edilir.
Tezliklə Rahmonu seçən qüvvələr paytaxtı nəzarətə götürürlər. 1994-cü ildə mürəkkəb siyasi manevrlərdən sonra Emoməli Rahmon prezident seçkilərində qalib gəlir.
Rahmon və xanımı
Tacikistan hökuməti ölkə rəhbərinin şəxsi həyatı ilə bağlı təfərrüatları gizli saxlayır. Rəsmi məlumatlardan yalnız onu bilmək olur ki, prezident Rahmon öz yaşıdı olan Azizamo adlı xanımla evlidir. Birinci xanım müsahibə vermir, həyat yoldaşı ilə ictimaiyyət arasında çox nadir hallarda görünür. Bu qaydalardan xəbərdar olan jurnalistlər birinci ledinin həyatına dair təfərrüatları öyrənməyə çalışmırlar.
Azizamo Sadulloyeva haqda yalnız onun evdar xanım olduğu, «Baxoriston» hökumət rezidensiyasının da yerləşdiyi Soqidskaya vilayətində istirahət etməyi sevdiyi məlumdur.
Prezidentin xanımı yalnız bir dəfə mətbuatın gündəmini xeyli məşğul etmişdi. 2016-cı ildə yerli dini ekspert Abdullo Muhakkik Azizamo Sadulloyevanı “İslam qadınlarının lideri” elan etməyi təklif edir. Ekspert birinci ledini İslam peyğəmbəri Məhəmmədin xanımı Aişə ilə müqayisə edərək bildirir ki, Azizamo qızları ilə birgə Həcc ziyarətinə gedərək Kəbənin içinə daxil olan ilk müsəlman tacik xanımıdır.
Tacikistanda gəzən söhbətlərə görə, Emoməli Rahmon qanuni həyat yoldaşı ilə yaşasa da, bir sıra xanımlarla isti münasibətlərdədir. Müxalifyönlü saytların yazdığına görə, prezidentin yaxın münasibət qurduğu xanımlar arasında estrada müğənniləri Qulru Tabarova, Niquna Amonkulova, Manica Davlatova, diktor Munira Rahimova və ölkənin müdafiə nazirinin qızı Diana Xayrullayevanın adı çəkilir.
Prezident Rahmon hər iki qardaşını itirib. Fayziddin Rahmon 1959-cu ildə Lvovda hərbi xidmətdə ikən, Nuriddin isə ötən il 68 yaşında dünyasını dəyişib. Deyilənlərə görə, Nuriddin hökumətin yuxarı eşalonlarının kadr siyasətinə böyük təsir imkanlarına sahib idi. Buna baxmayaraq, həmişə kölgədə qalmağa üstünlük verirdi.
Prezident Rahmonla Azizamonun 2 oğlu (Rüstəm, Somon), 7 qızı (Firuzə, Ozoda, Ruxşona, Parvina, Zarina, Təhminə, Farzona) var. Qızlarından Firuzə Tacikistan Dəmir Yolları rəisinin oğlu Amonullo Xukumovla ilə ailə həyatı qurub. Firuzənin özünə məxsus olan bir neçə tikinti müəssisəsi var.
Rahmonun qızı Ozoda
Ozoda ABŞ-da təhsil alıb və bir müddət Tacikistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. Tacikistan qadınlarının hüquq və azadlıqlarına dair dissertasiya müdafiə edib. Ozoda maliyyə nazirinin müavini Camoliddin Nurəliyevlə ailə həyatı qurub. Cütlüyün 5 övladı var. 2016-cı ildə Ozoda Prezident Aparatına rəhbər təyin olunub.
Ruxşona Xarici İşlər Nazirliyində beynəlxalq təşkilatlarla iş üzrə şöbədə müdir müavinidir. Həyat yoldaşı Şamsullo Soxibovla uzun müddət Londonda yaşayıb. Şamsullo Soxibov Qış İdmanı üzrə Milli Komitənin rəhbəridir.
Parvina Tacikistanın sənaye və energetika nazirinin oğlu ilə ailə qurub.
Hökumətlə Əlaqələr Xidmətinin rəisinin oğlu ilə ailə quran Zarina isə dövlət televiziyasında diktordur.
Rahmon və oğlu Rüstəm
Böyük oğlu Rüstəm 1987-ci ildə anadan olub. Tacikistan Milli Universitetində təhsil alıb. Daha sonra Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunda oxuyub. Gömrükdə rəis müavinindən tutmuş, futbol federasiyasının prezidenti, Düşənbə meri, Korrupsiyaya qarşı Mübarizə Agentliyinin rəhbərliyinə qədər bir sıra vəziflər tutub. Rüstəm Tacikistanın iri sahibkarlarından birinin qızı ilə evlidir. Bir sıra ekspertlərə görə, Emoməli Rahmonun varisi məhz 31 yaşlı Rüstəmdir.
2016-cı ildə ölkədə keçirilən referundumdan sonra həm Rahmon özü müddətsiz seçilmək hüququ qazandı, həm də prezidentliyə namizədlər üçün yaş həddi 35-dən 31-ə endirildi. Yerli politoloqların fikrincə, konstitusiyaya edilən düzəlişlər Rüstəmə 2020-ci ildə prezidentliyə namizəd olmaq imkanı yaradır.
Prezidentin kiçik oğlu Somon haqda yalnız o məlumdur ki, 2012-ci ildə Buxarestdə keçirilən beynəlxalq olimpiadada informatika üzrə qızıl medal qazanıb.
Ov etməyi sevən Tacikistan liderinin bir hobbisi də əntiq əşyalar toplamaqdır. Bundan başqa, onun tarixi kitablar və bədii ədəbiyyata da böyük marağı var. Əbülqasım Firdovsinin “Şahnamə”si, Bobocon Qafurovun “Taciklər” tədqiqatı prezidentin sevdiyi əsərlərdir.
Rahmonun özü də kitab yazır. Onların arasında «Taciklər tarixin güzgüsündə”, “Tacikistanın müstəqilliyi və millətin dirçəlişi”,“Tacikistan və onun qlobal problemlərin həllində rolu” kimi kitablar var.
Tərcümə Strateq.az-ındır