Yenixeber.org: Əsasən yəhudi mənşəli soydaşlarımızın kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi…
Bakıxanovun dəstəyi ilə Qubaya toplaşan yəhudilər
Qırmızı Qəsəbə Quba rayonu ərazisində, Qusara gedən yolun üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülüb. O Bakıxanovun ki, Quba rayonunun Quba qəzasının Amsar kəndində boya-başa çatıb. Ölkəmizin ədəbiyyat tarixinə adını qızıl hərflərlə yazdırmış Abbasqulu ağa Bakıxanov yəhudilərin Qırmızı qəsəbəyə köç etməsinə və burada yaşayaraq kompakt məskunlaşmasına rəvac verib. Məhz elə bu səbəbdəndir ki, bu qəsəbədə Bakıxanovun xatirəsi əbədiləşdirilir, mütəmadi olaraq böyük ədibin şəninə müxtəlif tədbirlər təşkil olunur.
XVIII əsrdə bu qəsəbə “Qafqazın Yerusəlimi” adını aldı. İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə edəndən sonra İsrail burada yaşayan yəhudilərə kömək etməyə başladı. 1990-cı illərin əvvəllərində Qırmızı qəsəbə sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişib, “Fətəli xan” adlandırılmasını qərara aldı. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanıldı. Lakin 5 oktyabr 1999-cu ildə qəsəbənin dəyişdirilərək Fətəli xan adlandırıldı. Yerli əhalinin 99 faizi yəhudi mənşəlidir.
Müxtəlif mədəniyyətlərin cəmləşdiyi məkan…
Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün respublikada olduğu kimi, Qırmızı qəsəbədə də dirçəliş dövrü başladı. Nə qədər qəribə olsa da, dağ yəhudilərinin danışıq dili fars dilinin bir dialektidir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra burada uşaqlar ivrit dilini də öyrənməyə başladılar.
Qırmızı qəsəbədə hazırda iki orta məktəb fəaliyyət göstərir. Bunlardan birində dərslər Azərbaycan, digərində isə rus dilində tədris olunur. İsak Xanukov adına 1 saylı orta məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələri ilə birlikdə elmin sirlərini öyrənirlər. 260-dan çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Hazırda bu məktəbin yetirməsi olan yüzlərlə şəxs ölkəmizin müxtəlif sahələrində çalışır. Onların arasında alimlər, dövlət xadimləri, biznesmenlər, ictimai xadimlər, mədəniyyət və incəsənət xadimləri var. Torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunov da bu qəsəbənin yetirməsidir.
Azərbaycanda ən çox milyonçusu olan qəsəbə…
Qəsəbə sakinlərinin əsas məşğuliyyəti ticarətdir. Rusiyada və dünyanın müxtəlif dövlətlərində cəmləşən dağ yəhudiləri arasında bu gün adı “Forbes” jurnalının milyarderlər siyahısında keçən iş adamları var. Bunlar Qod Nisanov, Zarah İliyev, Telman İsmayılov, German Zaxaryayev, Qavril Yuşvayev, Matvey Elizarov, Zaur Gilalov, İqor Babayev, Yan Abramov, Azad Kərimov və digərləri bu qəbildəndir.
Qod Nisanov və Zarah İliyevin ortaq olduğu şirkətlər rəsmi açıqlamaya görə, hazırda Rusiyada ən çox əmlaka malik olan şirkətlərdir. German Zaxaryayev Rusiyada dağ yəhudilərinin ilk televiziyası olan STMEGİ TV-nin əsasını qoyub. İri sahibkarlıq fəaliyyəti ilə yanaşı Rusiya Yəhudi Konqresinin vitse-prezidenti və “STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidentidir. Qavril Yuşvayev milyarder, “Bimm-Bill-Dann” şirkəti direktorlar şurasının üzvü, Telman İsmayılov AST Holdinqin rəhbəri, Matvey Elizarov Azərbaycanın iş adamı və xeyriyyəçi, İqor Babayev Moskvada “Çekizovo qrupu”n sahibi, Yan Abramov Rusiya milyonçusu, məşhur müğənni Alsunun əri, Azad Kərimov Azərbaycanın gənc milyonçularından biri, “ATLAS” şirkətlər birliyinin prezidentidir. Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti, iş adamı Zaur Gilalov bir müddət öncə sui-qəsdə məruz qalıb və dünyasını dəyişib. Onun atası da oğlu ilə eyni taleyi yaşayıb.
Dağ yəhudilərinin görkəmli nümayəndələri…
Qeyd edək ki, dağ yəhudiləri təkcə biznes sahəsində deyil, digər sahələrdə də böyük uğurlar qazanıblar. Onların arasında ən müxtəlif sahələrdə fəaliyyət göstərən, dövlət idarəçiliyindən tutmuş əbədiyyata, mədəniyyət sahəsindən başlamış rəssamlığa qədər fəaliyyət göstərən məşhurlar var.
İsrail silahlı qüvvələrinin generalı Aluf Ehud “Udi” Adam, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Dumasının deputatı Həsən Mirzoyev, tanınmış cərrah, İlizarov aparatının ixtiraçısı Qavril İlizarov, tanınmış yazıçı, rusca-tatca lüğətin müəllifi Mixail Dadaşov, Milli Məclisin deputatı Yevda Abramov, Rusiyanın məşhur müğənnisi Jasmin, məşhur İsrail müğənnisi Sarit Hadad, Azərbaycanlı müğənnilərdən Xəyyam Nisanov, Ayan Babakişiyeva, dünya şöhrətli rəssam İsrail Tsvaygenbaum bu sıradadır. (Azxeber.com)