İsrail mediasında Azərbaycan yəhudiləri barədə - Məqalə
thumb]http://yenixeber.org/uploads/posts/2017-10/1507743788_bakuuu.jpg[/thumb
Ötən həftə Azərbaycanda səfərdə olan fransalı jurnalist-bloger Conatan-Simon Sellemin İsrailin "JSSnews" portalında "Azərbaycan - yəhudilərin Sukkot bayramını tam təhlükəsiz şəraitdə qeyd etdikləri müsəlman ölkəsi!" sərlövhəli məqaləsi dərc edilib
Yenixeber.org: yəhudilərin Azərbaycanda mövcudluğunun tarixindən, ölkədəki multikultural mühitdən və ibadət azadlığından, Azərbaycan-İsrail münasibətlərindən bəhs olunan məqalənin xülasəsini təqdim edir.
Müəllif qeyd edir ki, əhalisinin 97 faizinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda multikultural mühit hökm sürür və bütün dinlərin nümayəndələri, o cümlədən yəhudilər öz ibadətlərini sərbəst şəkildə və təhlükəsiz şəraitdə yerinə yetirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanda insanlar xoşbəxt yaşayırlar. Burada asayiş tam təmin olunub.
Ölkədə mövcud olan yəhudi icmasının tarixinə nəzər salan Conatan-Simon Sellem bildirir ki, Azərbaycanda yəhudilər təkcə ultra-müasir Bakıda deyil, həm də paytaxtdan 170 kilometr şimalda yerləşən Quba rayonunda yığcam yaşayırlar.
ABŞ-ın Demokratiya və İnsan Hüquqları Bürosunun 2005-ci ildə açıqladığı antisemitizm hesabatına diqqət çəkən fransalı bloger yazır ki, bu sənəddə də Azərbaycanda yəhudilərə qarşı heç zaman ayrı-seçkilik halları olmadığı qeyd edilir. Azərbaycandakı yerli yəhudi icması da ölkədə onlarla bağlı heç bir problemin olmadığını bildirib.
Azərbaycanda yəhudilərin öz milli və dini bayramlarını tam təhlükəsiz şəraitdə qeyd etdiklərini yazan jurnalist oxucuların diqqətinə çatdırır ki, oktyabr yəhudi bayramlarının bol olduğu aydır. Ona görə də indi Bakıdakı Yəhudi Mədəniyyət Mərkəzində izdiham var, burada uşaqlar və qadınlar üçün fəaliyyət sahələri yaradılıb.
Azərbaycanda dövlət qeydiyyatından keçən bir neçə yəhudi icmasının olduğunu bildirən Conatan-Simon Sellem əlavə edir ki, ölkədə paytaxt Bakıdakı beş icmadan başqa, Qubada, Sumqayıtda və Oğuzda da belə icmalar mövcuddur.
İsrail-Azərbaycan münasibətlərinə toxunan müəllif yazır ki, bu ölkələr arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ildə Bakıda İsrail səfirliyi, 2008-ci ildə isə İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. İsraildə azərbaycanlı, Azərbaycanda isə yəhudi deputatlar fəaliyyət göstərirlər. Ölkələr arasında ticarət dövriyyəsi 2009-cu ildən bəri xeyli artıb və bu, Bakı ilə Təl-Əviv arasında birbaşa hava əlaqəsinin yaradılmasına gətirib çıxarıb.
Conatan-Simon Sellem məqaləsini bu fikirlərlə bitirir: "İsrail vətəndaşlarının Parisə gələrkən tanınmamaq üçün ingilis dilində danışmağı üstün tutduqlarını biləndə, öz-özünə deyirsən ki, Bakıya gedib orada bir həftə qalmağa dəyər".