Oliqarxların Bakıda gəzən “avto-terrorçuları”
Paytaxtda avtobus sürücülərinin törətdikləri qəzalar hər gün bir neçə insan ömrünü yarıda kəsir; deputat da təcili tədbirlər görülməsini istəyir
Xeberinfo.com: Bakıda avtobus “terroru” səngimir. Dekabrın 21-də Bakıda avtobus sürücüləri daha bir neçə qəza törədiblər, bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb. Dekabrın 22-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusu Eldar Fərəcov adlı qəzet əməkdaşını vuraraq öldürüb. Ümumiyyətlə, son 1 həftənin statistikasına diqqət etsək, marşrut avtobuslarının daha necə sərnişinin həyatına bais olduğunu görərik. Avtobus “terrorunun” qurbanları arasında hətta 13 yaşlı məktəbli də var.
Hər bir avtobus şirkətinin arxasında bir oliqarxın durduğu hər kəsə məlumdur. Avtobus şirkətlərinin arxasında duran oliqarxların təzyiqi nəticəsində sürücülərə nəzarət ciddi olmur, onları ancaq qeyri-peşəkar, sürücülük vəsiqəsi belə olmayan şəxslərə avtobus verib, pul qazanmaq maraqlandırır. Avtobuslara qrafiki də, sürücünü də məhz oliqarxların idarəsində olan bu avtobus şirkətləri təyin edir. “BakuBus” avtobuslarından başqa digər avtobusların bir-biri ilə dəqiqə yarışına çıxdığının şahidi olmuşuq. Bu da onların konkret olaraq maaş sistemi ilə işləməməsindən irəli gəlir.
Təəssüflər olsun ki, bütün bunların qarşısını almaq üçün zaman-zaman müxtəlif tədbirlər görülsə də, müsbətə doğru bir dəyişiklik baş verməyib. Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bugünlərdə rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı ictimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcəyini, vahid sürücü məlumat bazası yaradılacağını deyib: “Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı müvafiq işlər görüləcək”.
V. Kərimli təmir imkanları olmayan avtobus şirkətlərinin çalışmasına icazə verilməyəcəyini bildirib.
Başqa hansı tədbirlər görülməlidir, cəzalar sərtləşdirilə bilərmi?
Deputat Zahid Oruc avtobusların hamısının kart sisteminə keçməsinin və sürücülərin işlədikləri 8 saata görə əmək haqqı almasının tərəfdarı olduğunu dedi: “Yol qəzalarında həyatını itirən insanlar barədə hər yerdə, mediada, cəmiyyət içərisində, parlamentdə dəfələrlə narahatçılıqlar bildirilib və bu problemin çözüm yolları axtarılıb. Bunun bir tərəfdən qanunvericilik bazasının sərtləşdirilməsi yolu ilə həll edilməsi təklifləri olub. Başqa tərəfdən, cəmiyyətin özünün də dəyərlər sisteminə, həyatına münasibətdə bu məqamları nəzərə alması istənilib. 2016-cı ildə yol qəzalarında ölənlərin sayı 683 nəfərdir. Bu, müharibə itkilərinə bənzəyir. Türklər ona haqlı olaraq ”trafik canavarı" deyirlər. Məsələni həll etmək üçün qanunvericilikdə çox ciddi normativ dəyişikliklərə gedirlər. Həm sürücülərin yaşı, reydlərə çıxan şəxslərlə bağlı tələblərin sərtləşdirilməsi yönündə addımlar atıldı. Ancaq problem ortada qalmaqda davam edir. “BakuBus” sisteminin yaranması əslində o mənaya gəlirdi ki, intellektual idarəetmə nəticəsində sürücülər bir neçə manatın uğrunda yarışa çıxarkən insanların həyatına son qoymasınlar".
Deputat dedi ki, bununla bağlı ciddi addım atılmalıdır: “Düşünürəm ki, bununla bağlı köklü, sistemli və genişmiqyaslı addımlar atmalıyıq. Bu cür şəxslərin bir daha sürücülük vəsiqəsini qazanmaması, o yola çıxmaması üçün çox sərt mexanizmlər müəyyənləşdirməliyik. Həmçinin sürücülərin maliyyə təminatını da elə formalaşdırmalıyıq ki, bu hadisələr baş verməsin”.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli ictimai nəzarətin də böyük əhəmiyyət kəsb etdiyini dedi:“”BakuBus"da kart sisteminə keçid formalaşdı. Orada sürücülərə birbaşa əmək haqqı ödənilir. Yəni sürücü vətəndaşla pul alış-verişində artıq iştirak etmir. Bakının əksər yerlərinə işləyən avtobuslar kart sisteminə keçiblər. Ancaq təəssüflər olsun ki, xeyli sayda marşrut avtobusları var ki, bu sistemə keçməyib. Yaxşı olardı ki, bütün avtobuslar kart sisteminə keçsin və sürücülər çalışdıqları 8 saata görə əmək haqqı ilə təmin olunsunlar. Biz dəfələrlə bu məsələyə münasibət bildirərək demişik ki, qəzanı törədən sürücü ilə yanaşı, o avtobusun məxsus olduğu şirkət də cəzalanmalıdır.
Əgər şirkət cəzalanmayacaqsa, məsuliyyət sürücünün üzərində qalacaqsa, şirkətin sürücü üzərində basqısı olmayacaq və sürücülərin işə qəbulu zamanı tələblər sərtləşdirilməyəcək. Bir neçə ay öncə bu məsələ gündəmə gəldi və sərnişindaşıma ilə məşğul olan iri tutumlu avtobusların sürücülərinin müsabiqə əsasında işə götürülməsi məsələsi əksini tapdı. Ancaq çox təəssüflər olsun ki, bu gün sərnişindaşıma ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti sürücüləri işə götürərkən həmin qaydalara əməl etmirlər.
Burada da mübahisəli məsələlər var. Təbii ki, kateqoriyalı sürücülər daha çox əmək haqqı istəyirlər. Şirkətlərdə həmin məbləği vermək istəmədikləri üçün sürücüləri necə gəldi seçib, daha az pulla işə qəbul etməklə fəaliyyət göstərirlər. 40-50 nəfər sərnişinin həyatına görə məsuliyyət daşıyan sürücü kifayət qədər ciddi, psixoloji durumu yerində olan, böyük təcrübəyə malik olmalıdır. Həmin sürücülər də normal əmək haqqı ilə təmin olunmalıdır. Sürücülər çox zaman qırmızı işığa, piyada zolaqlarına məhəl qoymurlar. Bu ondan irəli gəlir ki, sürücülər dayanacaqlara tez yaxınlaşıb daha çox sərnişin götürməklə artıq gəlir əldə etmək uğrunda sanki bir yarış keçirir. Bu məsələdə sürücülərə şirkətlər tərəfindən ciddi nəzarət yoxdur. Amma ictimai nəzarət məsələsi də böyük əhəmiyyət kəsb edir. Hər bir avtobusun arxasında onun məxsus olduğu şirkətin telefon nömrəsi göstərilir. Biz az hallarda müşahidə etmişik ki, Azərbaycan vətəndaşı narazı qaldığı sürücüdən qaynar xəttə zəng edib şikayət edir. Burada kompleks yanaşma olmalıdır. Həm şirkətlərin, həm də ictimaiyyətin nəzarəti ciddi olmalıdır. Sürücülərin müsabiqə yolları ilə işə götürülməsi məsələsinə ciddi yanaşmaq lazımdır".(Musavat.com)